Vətən adamları

Şəhidlərin xatirəsinə

Laçını, kəndimizi, həyətimizi tez-tez xatırlayıram. Buna xatırlamaq da demək olmaz. Bəzi xatirələr radio dalğası kimidir, arzulamadığın anda eyninə düşür. Laçın içimdə bir sevgi, bir zədə, bir ağrı kimi yaşayır və istəməsəm də fikirlərimi məşğul edir. Bəzən düşünürəm, içimdəki Laçını tibbi əməliyyatla alıb götürsələr... Mümkünmü, əcəba? Bir dəfə iş yerində qəfil burnuma gələn ardıc qoxusuyla bu sualın cavabını tapdım.

Bizim həyətlə üzbəüz, çayın o tayında dağ vardı, sinəsi ardıclıq idi. Yağış yağanda ardıcların sərt qoxusu ətrafa yayılırdı. Bakıda, işdə yazı yazdığım yerdə qəfil burnuma həmin ardıcların qoxusu gəldi. Bu, bir xəyal deyildi, açıq-aydın gəlirdi. Sözün fiziki mənasında!

Kompyüterlərin qarşısına boylandım, bəlkə kimsə kaktus-filan qoyub. Heç nə yoxdur. Otaqda başqa adam da yoxdur, gəlib-gedən də olmayıb ki, ətirdən-duxidən şübhələnim. İş o yerə qaldı, qalxıb koridorda ardıc qoxusu axtardım. Tapmadım.  Bir azdan qoxu çəkilib getdi.

Onda dərk elədim ki, ardıc qoxusu otaqda deyil, mənim canımdadır. Bədənimdə doğulduğum torpağın havası, suyu, mineralları ilə birlikdə həm də qoxusu var. Mən həm də ardıc qoxusundan yaranmışam. Bəlkə də indicə burnumu yalayıb keçən ardıclı hava mənə hamilə vaxtı anamın ciyərlərinə çəkdiyi nəfəsdir? Kim bilir, bəlkə elə o nəfəslə də mənim canıma hopub və orda əbədi məskən salıb. Ona görə Laçını mənim canımdan çıxarmaq qeyri-mümkündür.  Bunun üçün şair demiş, məni məndən almaq gərəkdir.

Ardıc qoxusu içimdə necə dərin təəssürat yaratdısa, işləyə bilmədim, oturub o yerləri düşündüm. Bir dəqiqədə bir kitablıq xatirə yadıma düşdü. Vətən eyni anda yüz detalıyla yada düşən yeganə məkandır. Axı onu hər daşından, hər cığırından, hər bulağından tanıyırsan. Tərs kimi oralarda bir-birini təkrar edən iki balaca daş da tapmaq olmurdu. Tanrı ilmə-ilmə işləyib o dağları. Adam da ilmə-ilmə xatırlayır. Tanrı necə işləyibsə, o cür.

Nə videoya baxmaq istədim, nə fotoya, nə yazı oxumaq istədim. Laçını düşünmək eşqi mənə ilham kimi gəlmişdi. Düşünəndə daha aydın və daha çox idi Laçın. Düşünə-düşünə özümü də orda xəyal elədim. Əslində, aşiqi məşuqa qovuşdurmaqla ardıc qoxusunun içimə saldığı sızıltını ovutmağa çalışırdım. Sonra gördüm, yenə nəsə çatmır. Axı Laçının aşiqi təkcə mən deyiləm. Bəlkə də oraları ən az sevən mənəm. Kitablarla, filmlərlə xeyli “korlanmış” və yadlaşmışam.

Oraları elə sevən görmüşəm ki, bir bayatıya hönkür-hönkür ağlayıb. Bədəni Laçında basdırılmaq üçün inildəyən qocalar tanıyıram. Birini düşündüm, ikisini düşündüm, üçünü düşündüm, gördüm haqsızlıqdır. Mən gərək Laçında onun həsrətini çəkən hamını düşünüm. Madam ora qayıtmışam, hamı qayıtmalıdır. Elə şey olar, yola şlaqbaum qoyub, kimisə buraxmayım? Daşıdıqca-daşıdım adamları. On nəfər, on beş nəfər, iyirmi nəfər... Gördüm, bu, xəyalda da bir nəfərin görəcəyi iş deyil. Fikrimdən vaz keçdim və yenə Laçınla təkbətək qaldım. Vətən qorxunc gəldi mənə. Vahiməli gəldi.

Ardıc qoxusundan başlanan düşüncələrdən onu da anladım ki, vətəni vətən eləyən insanlardır. Bir vətənin insanını sevməyən onun özünü də sevə bilməz. Bu necə ola bilər? Mən kəndimizi Əşrəf əmimin hay-küyündən, Müstəcəbin tütəyinin səsindən, Yunus kişinin Qızıl itindən ayrı necə təsəvvür edə bilərəm? Onlarsız ora necə qayıda bilərəm? Bunu onlara necə qıyaram? Allah götürərmi?

Cabbarın sazı Top daşda əks-səda verməyəcəksə, Hurşan uşaqları yığıb alça yığmağa aparmayacaqsa, Niyaz Qıqqının daşına kəklik ovuna getməyəcəksə, Gözəl arvad kəndin aralığına çıxıb deyinməyəcəksə, Məhərrəm kişi “ÇTZ”-sini öskürdə-öskürdə gəlməyəcəksə, Səfər kişi tezdən məktəb sobalarını qalamağa tələsməyəcəksə kənd kənd olarmı? Adamlarsız bayquş yuvasına bənzəməzmi, bütün gözəllikləri gözdən düşməzmi?

İçimdə sarsılmaz bir inam yarandı o an: bizsiz Laçın gözəlliklərini gizləyib. O gözəlliklər bizim gözümüzlə görülmək üçündür. Heç olarmı bizim yerlər bizi ordan qovub çıxaranlara da eyni cür görünsün? Mən heç bir yeri Laçın kimi sevmədimsə, Laçın niyə yad adamları mənim kimi qəbul etsin? Elədirsə, ardıc qoxusunu mənə niyə göndərir? Elədirsə, canımdan niyə sovuşub getmir? Axı Böyük tələdən həyətimizə neçə addım olduğunu məndən başqa kim bilə-bilər? Kim bilə bilər ki, Ağ qayanın altında durub buludlara baxanda qorxursan, elə bilirsən, qaya üstünə gəlir? Kim bilə bilər ki, atam meşədən gələndə Novlu bulağın döngəsində fitlə hansı mahnını çalıb? Yaxud evimizlə üzbəüz dağda, ardıcların arasında neçə xına daşı var? Rəhimin bulağı nə vaxt quruyur, nə vaxt axır?

Axı Tanrı oraları yolunu ölçməyim, suyunu içməyim, meyvəsini dərməyin, havasını udmağım, gözəlliyini sevməyim üçün yaradıb. Tanrı Laçını mənim üçün yaradıb. Bütün laçınlılar üçün yaradıb.

Səmavi kitablarda da hər şeyi insan üçün yaratdığını deyir. Hər şeyi... Quşu, böcəyi, otu, buludu... Eləcə də torpağı... Torpağı insan, insanı torpaq üçün yaradıb. Hətta onları bir-birinə qarışdırıb. Əvvəl torpağı insana, sonra insanı torpağa çevirməklə. 

Demək, ardıc qoxusu həm də bədənimdəki torpağın qoxusudur.

Şərif AĞAYAR

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993