“Birinci kanal”da ərik şousu...

Rusiya mediası yenə özünün ermənipərəstliyini açıq nümayiş etdirdi. Bu dəfə “1-ci kanal”da, “Vremya pokajet” tok-şousunda... İyulun 20-də efirə gedən verilişin aparıcıları Artyom Şeynin və Anatoli Kuziçev studiyada bir “ərik şousu” yaratdılar ki, heç ermənilərin özlərinin belə tamaşa qurmağa qabiliyyəti çatmazdı...

Mövzu Moskvadakı “Fud-Siti” topdansatış bazarında baş vermiş hadisə idi. Belə ki, iyulun 18-də Ermənistana məxsus, yükü ərik olan 50-dən çox maşın bazara buraxılmamışdı. Bazarın azərbaycanlı sahibləri həmin vaxt Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata etirazlarını bu cür dinc kommersiya üsulu ilə bildirmişdilər...

Əslində, “Fud-Siti” Rusiya paytaxtında yeganə topdansatış meyvə bazarı deyil. Qafqazda münaqişə yaratmağın ustası olan ermənilərin həmin gün öz məhsullarını azərbaycanlılara məxsus bazara gətirməsi azad ticarətdən daha çox əvvəlcədən planlaşdırılmış təxribat əməli sayılmalıdır. Onları “Fud-Siti”yə yönəldənlər bu kommersiya obyektinin sahiblərindən birinin əslən məhz ermənilərin top atəşinə tutub, ciddi itkilərə məruz qoyduğu Tovuz rayonundan olduğunu yaxşı bilirlər.

Təbii ki, “Vremya pokajet”in aparıcıları məsələnin bu tərəfini heç yaxına da buraxmadılar, üstəlik, studiyaya dəvət etdikləri iki azərbaycanlı ekspertin bütün əsaslı dəlillərinin üstündən xətt çəkmək üçün, sözün həqiqi mənasında, dəridən-qabıqdan çıxdılar; gah qəzəbləndilər, gah rişxənd etdilər, necə deyərlər, hər vəchlə erməni əriyinə yiyə çıxmağa çalışdılar. Bunu hətta veriliş boyu studiyadakı monitorda gah moskvalıların bazara buraxılmayan furalardan meyvələri yeşik-yeşik aldıqlarını, gah da azərbaycanlıların bazarda erməni əriyini tapdaladıqlarını nümayiş etdirməklə büruzə verirdilər.

Bizə yaxşı məlumdur ki, ermənipərəslik çoxdan Rusiya mediasının səciyyəvi xüsusiyyətinə çevrilib. “Vremya pokajet”da da, bu kimi digər verilişlərdə də ermənilərin “əzilən xalq” kimi qələmə verilməsi adi haldır. Verilişin aparıcılarının erməni ekspertlərə qoşularaq, Moskva küçələrində tökülüb qalan, ayaq altda əzilən əriyə yas tutması bu mənfur təbliğatın bir komponentidi.

Tezliklə bağdan ərik sovulub qurtaracaq və yəqin ki, moskvalılar bu meyvəni bir də belə ucuz qiymətə tapmayacaqlar. Amma Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti hələ davam edir və heç şübhəsiz, bu siyasətə son qoyulmasına təsir edəcək qüvvə kimi Rusiyanın ədalətli mövqedə olması vacibdir. Bu nəhəng dövlətdən, ermənilərə və Ermənistana bütün səviyyələrdə dəstək verilməsə, Azərbaycan təcavüzkarı Moskva küçələrinə səpələnmiş ərik kimi tapdalayıb əzər.

Qəzetimiz çapa hazırlanarkən Rusiyada yaşayan daha bir tanınmış soydaşımızın – Araz Ağalarovun Ermənistanın işğalçılıq siyasətinə, dünyada getdikcə artan erməni təxribatlarına etirazı haqqında məlumat yayıldı. Moskvada məşhur həmyerlimizə məxsus “Eviniz” ticarət şəbəkəsi Ermənistan istehsalı olan bütün məhsulları satışdan çıxarıb.

Ermənilərlə onların yaramaz xislətinə uyğun tərzdə mübarizə aparmaq məcburiyyətindəyik. Bizim humanistliyimizə nə qədər yad hərəkət olsa da...

Əlixan ƏLİZADƏ

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993