Xəyanət, yoxsa məğlubiyyət?

Ağdamın işğalından 27 il ötür

27 il öncəyə qədər yayın, xüsusilə, iyulun gəlməsini səbirsizliklə gözləyər, fərəh hissi keçirərdim. Yayın məhz bu ayında Ağdamda dünyaya gəlmişəm. Babalarımın uyuduğu o müqəddəs torpaq artıq 27 ildir ki, düşmən tapdağındadır. Mən isə minlərlə didərgin ağdamlıdan biriyəm...

Ağdamlıların məğrurluğu təkcə düşməni qorxutmurdu...

1988-ci il 16 fevral. “Hayastan” deyə bağıran ermənilərə ilk dəfə Ağdamda bildirildi ki, bu xalq yaşayır və öz Vətənini qorumağa qadirdir. Fevralın 19-da Ağdamda başlanan mitinq 3 gün davam etdi. Fevralın 21-də Sov.İKP MK Siyasi Bürosunda Qarabağ məsələsinə baxılacağı barədə məlumat gəldi. 22 fevral, saat 8-dək Moskvadan heç bir xəbər gəlmədiyini görən ağdamlılar birbaşa Xankəndinə doğru yürüşə çıxdılar... Həmin gün 2 şəhid, 17 yaralı verən Ağdam gənclərinə bundan sonrakı münasibət barədə 2 epizodu yada salmaq kifayətdir:

Fevralın 24-də “Bakıdan gələn şura hökuməti”nin nümayəndəsi Telman Orucov yığıncaq keçirirdi. İki gün əvvəlki hadisədə yaralanmış bir neçə gənci xəstəxanadan iclas zalına gətirdilər. Telman Orucov üzünü yaralılara tutaraq dedi ki, “gərək o güllə sizin alnınıza dəyəydi...” Torpaq uğrunda canından keçməyə hazır olan gənclərin “mükafat”ı belə oldu! Daha sonra rayon milisi “fəaliyyətə” başladı. Yürüş iştirakçıları şöbəyə çağırılıb qorxudulur, pul müqabilində “məsuliyyət”dən azad edilirdilər. Və beləcə, adamların mübarizə ruhu “söndürülürdü”...

21 sentyabr 1988-ci il. Moskva bacarıqsız respublika rəhbərlərindən istifadə edərək güclü bir gedişə əl atdı. Kemiş Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) və Ağdamda xüsusi vəziyyət elan edildi. Ermənilərin ən çox ehtiyat etdikləri Ağdamı Moskva nəzarətə aldı.

Lakin bu vəziyyətdə ağdamlılar DQMV-də yaşayan soydaşlarımıza maddi və mənəvi dəstək göstərmək üçün yollar axtardılar. Bu məqsədlə “Dayaq” cəmiyyətini yaratdıq. Cəmi 3 ay fəaliyyət göstərə bildik. Yuxarının göstərişi ilə bu cəmiyyət də bağlandı. Lakin biz dayanmadıq. Bu dəfə “Xalq Cəbhəsi” adı altında birləşdik. Birliyimizi nümayiş etdirdik. Təəssüf ki, bundan yeddi ay sonra - 1989-cu ilin iyulunda yaranan Azərbaycan Xalq Cəbhəsi ona arxa, dayaq kimi baxan ağdamlıların birliyinə ağır zərbə vurdu, ümidlərini puça çıxardı.

Xəyanətin ilk qurbanı – Abdal-Gülablı!

1989-1992-ci illərdə respublikaya rəhbərlik edənlərin, həmçinin AXC-nin fəaliyyəti ilə bağlı qalaq-qalaq yazılar olduğunu nəzərə alıb bu barədə yazmağa ehtiyac görmürəm. Yalnız bir faktı qeyd edim ki, Ağdamın özünümüdafiə dəstələri – Allahverdi Bağırovun, Şirin Mirzəyevin, Fred Asifin, Yaqub Rzayevin, General Ərşadın, Yelmar Edilovun başçılıq elədikləri qüvvələr düşmənə qarşı birlikdə döyüşürdülər. Məhz bunun nəticəsi olaraq 1992-ci il iyunun 12-də təxminən 2 saat ərzində Əsgəran ətrafındakı Xramort, Ağbulaq, Aranzəmin, Pircamal, Naxçıvanik, Dəhraz kimi strateji əhəmiyyətli kəndlər erməni quldurlardan təmizləndi. Həmin qüvvələrlə Xankəndinə üçrəngli bayrağımızı sancmaq da mümkün idi. Ancaq müəmmalı ölümlər, müəmmalı oyunlar, xəyanətkarlıqlar buna imkan vermədi. Allahverdi Bağırovun, Şirin Mirzəyevin eyni variantla müəmmalı şəkildə həlak olması, General Ərşadın döyüşlərdən kənarlaşdırılması, Fred Asifin xəstəliyinin hospitalda getdikcə ağırlaşması və digər hadisələr çox mətləblərdən xəbər verirdi. Nəhayət, Abdal və Gülablı kəndlərinin, onlarla birlikdə quldurlardan təmizlənmiş beş erməni kəndinin düşmənə yenidən təhvil verilməsi açıq xəyanət idi. Həmin xəyanətdən istifadə etməklə ermənilər Qarabağ uğrunda gedən döyüşlərdə özlərinin xeyrinə əsaslı dönüş yaratmağa nail oldular. Və bundan sonra planlı şəkildə hərbi əməliyyatlar keçirən düşmən Azərbaycanda gedən saray didişmələrindən, hakimiyyət hərislərinin kabinet, kreslo davalarından məharətlə istifadə edərək, xaricdəki güclü dayaqlarından da aldığı köməklə Ağdam şəhərini işğal etmək üçün bütün hazırlıqlarını başa çatdırıb, marığa yatdılar, Bakıda hadisələrin kulminasiya nöqtəsini gözlədilər...

İyun hadisələri işğalın reallaşmasına zəmin yaratdı

1993-cü ilin iyun qiyamı ərəfəsində Surət Hüseynovun göstərişi ilə ağır texnika Ağdam ərazisindən çıxarılıb Gəncəyə aparılmışdı. İyunun 11-dən düşmən qüvvələri uzun müddət hazırladıqları işğal planının birinci mərhələsini həyata keçirməyə başladılar. Ermənilərin ilk böyük hücumu strateji əhəmiyyətli yüksəkliklərdə və onların ətəklərində yerləşən Yetim Cinli, Əliağalı, Qalayçılar, Kürdlər, Xaçın-Dərbənd kəndlərinə oldu. Bu ərazini daxili qoşunlar qorumalı idi. Lakin Daxili Qoşunların həmin vaxt Gəncə qiyamına başı qarışmış komandanı Fəhmin Hacıyev öz vəzifəsini icra edə bilmədi. Düşmənə müqavimət göstərilmədi. Özünümüdafiə qüvvələrimizdən, təqribən, 170 nəfəri mühasirəni çox çətinliklə yarıb çıxa bildi. Müqavimətə rast gəlməyən düşmən bir-birinin ardınca kəndlərimizi ələ keçirirdi.

Belə bir vaxtda Ağdamda vəziyyətdən sui-istifadə etmək, hakimiyyətə can atmaq istəyənlər “zühur etdi”. İyulun 16-da Surət Hüseyovun tərəfdarları Ağdamda silah gücünə qanuni rəhbərliyi dəyişdilər. Eyni zamanda rayonu guya müdafiə etmək məqsədilə Ağdama yeni hərbi qüvvə də gətirildi. Bu qüvvənin komandiri rayonun müdafiəsində ümumi rəhbərliyi öz üzərinə götürdüyünü, Müdafiə Nazirliyinin əmri ilə təyin olunmuş komandir isə öz vəzifəsini axıradək yerinə yetirmək fikrində olduğunu bildirdi. Rayonda ikitirəlik yarandı.

Komandirlərin mübarizəsi iyulun 18-də rayonun iki müdafiə zonasına bölünməsi, hər komandirin öz zonasına cavabdeh olması şərti ilə başa çatdı. Belə bir gərgin vaxtda yerli gənclərdən ibarət, dörd minə yaxın könüllü döyüşçünü ətrafında birləşdirən altı hərbi birləşmənin Surət Hüseynovun göstərişi ilə ləğv edilməsi rayonun işğalına münbit şərait yaratdı. İki gün sonra – iyulun 21-də ermənilərin növbəti hücumu başlandı. Toplardan, “Alazan” və “Qrad” qurğularından atılan mərmilər şəhərə yağış kimi yağırdı. Ağdama silah gücü ilə “təyin edilmiş” yeni başçı (dünyasını dəyişdiyi üçün adını çəkmirəm) rayon mərkəzini tərk edib komandası ilə birgə Qərvənd kəndinə gəldi və rayonu burdan “idarə etməyə” qərar verdi. İyulun 21-22-də ermənilər getdikcə şəhərə və rayonun yaxın kəndlərinə doğru irəliləyir, bizim tərəfimizdən isə heç bir əsaslı cavab tədbiri görülmürdü. İyulun 22-də poçt vasitəsilə (Ağdamın kişi qeyrətli telefonçu xanımları öz yerlərində idilər) yenə də baş nazir Surət Hüseynovla əlaqə saxlanıldı, vəziyyətin son həddə çatdığı bildirildi. Axşama qədər köməyə böyük qüvvə göndərildi. Zəngişalı kəndində yerləşdirilən həmin qüvvə gecə ikən “itdi”. Səhərə yaxın qərargaha gəlib onları görmədik. Düşmən isə irəliləməkdə davam edirdi.

İyulun 23-də saat 9-10 radələrində rayon icra hakimiyyətinin binasından Bakıya zəng vurmaq istədik. Bu anda qonşuluqdakı rabitə qovşağına mərmi düşdü. Bütün rabitə dayandı. Bərdəyə gəlib, saat 11 radələrində Surət Hüseynovla əlaqə saxlaya bildik. İlk sözü bu oldu: “Akazıvayetsa, Ağdam üç gündü gedif, maa deyirsiniz ki, qüvvə olsa, saxlayarıq”. Nə qədər çalışsaq da, onu inandıra bilmədik ki, Ağdamdan indicə çıxıb Bərdəyə gəlmişik. Onun son sözü belə oldu: “Obşim, orada qoymayın panikavat eləsinlər, mən erməniləri xəbərdar eləmişəm, Ağdamı tutsalar, onların azı üç şəhərini verdi-viran eləyəjəm, siz narahat olmayın, bir də qoymayın panikavat eləsinlər”.

Hər şey məlum idi. Ağdam xəyanətlə verilmişdi. Geri qayıdıb Qərvəndə çatanda bildirdilər ki, şəhərə girmək olmaz. Elə buradaca qarşılaşdığımız bir nəfərin üz-gözünün yaralandığını, köynəyinin cırıq-cırıq olduğunu görüb, ona yaxınlaşdıq.  O, şəhərdə sarı “xebeli”, qırmızı çalmalı əsgərlər tərəfindən gülləyə tutulduğunu, maşınını qoyub, canın götürüb qaçdığını dedi. Və məlum oldu ki, bir gün əvvəl Ağdama göndərilən qüvvələrə hansı tapşırıqlar verilibmiş və gecə ikən onlar niyə yoxa çıxıblarmış... Beləcə, Ağdam şəhəri 60-dan çox kəndi ilə birlikdə düşmənə verildi.

Və sonda

Əziz oxucu, bu yazıda yalnız şahidi olduğum hadisələrin çox az bir qismindən söz açdım. Əlbəttə, vaxt gələcək, çox mətləblər açılacaq. Ancaq sonda bəzi qüvvələrin, siyasi maraqlarına uyğun olaraq, Ağdamın işğalını Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövrü ilə bağlamağa çalışmasına da münasibət bildirmək istərdim. Məncə, siyasi maraqlara əsaslanan bu fikirlər yalnız zəif düşüncəli, baş verənləri doğru-düzgün anlamaqda çətinlik çəkən adamlarda yanlış düşüncə formalaşdırmaq məqsədi güdür. Belə ki, ölkədə vətəndaş müharibəsinin pik həddə çatması, ölkəni bir neçə yerə bölmək istəyən separatçı qüvvələrin hərəkətə keçməsi, ölkənin faktiki idarəolumaz vəziyyətə gətirilmiş olması, ölkə prezidentinin respublikanı belə bir vəziyyətdə başlı-başına qoyub qaçması, onun ardınca AXC-Müsavat cütlüyünə mənsub digər vəzifəli şəxslərin “vəzifələrini dondurmaları”, ordu daxilində anti-milli qüvvələrin şəbəkə yaratması və digər məsələlər müqabilində əvvəlcədən xarici qüvvələrin də köməyi ilə hazırlanmış erməni hücumlarının dayandırılmasını, faktiki olaraq, qeyri-mümkün edirdi.

Çox qeyri-mümkünləri sonrakı dönəmlərdə mümkünə çevirən dünya şöhrətli siyasətçinin belə, həmin dönəmdə dünya gücləri ilə birgə hazırlanmış planı zərərsizləşdirməsi, sadəcə, nağıllarda ola bilərdi. Hesab edirəm ki, xalqımızın tarixi ilə bağlı həqiqətləri siyasi konyuktura xatirinə dəyişmək cəhdi xəyanətə bərabərdir və yeni nəslin gerçəklərdən uzaq düşüncələrinin formalaşmasına rəvac verməkdir.

Təhmasib NOVRUZOV,

"Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993