Düşmən duruş gətirə bilməyəcək

Prezidentimizin qətiyyəti və ordumuzun qüdrəti qarşısında...

Əsrlər boyu xalqımızın humanistliyindən bəhrələnib, öz mövcudluqlarını qoruyan ermənilərin son iki əsrdə milli mentalitetlərinə uyğun məkrliliklə bizə qarşı etdikləri düşmənçiliyin tarixdə saysız-hesabsız nümunələri vardır. İrandan, Türkiyədən köçürülərək Azərbaycanımızın müxtəlif bərəkətli torpaqlarında yerləşdirilən ermənilərin öz havadarlarının hərbi və siyasi dəstəyi nəticəsində etnik ərazilərimizdə erməni dövləti yaratmaları da inkar olunmaz tarixi həqiqətlər sırasındadır.

Azərbaycanda sovet hakimiyyəti bərqərar olunanadək dəfələrlə Yuxarı Qarabağda, Göyçədə, Zəngəzurda, Vedibasar, Zəngibasar və s. bölgələrdə xalqımıza qarşı genosid siyasəti həyata keçirən bu üzdəniraq toplumun sovet hakimiyyəti illərində də müxtəlif üsullarla cinayətlər törətmələri azmış kimi, ötən əsrin 80-ci illərinin sonlarında iştahlarını daha da artıraraq Dağlıq Qarabağda separat fəaliyyətə başlamış və yenə də vurğulayaq ki, məhz havadarlarının dəstəyi sayəsində orada separatçı rejim yaratmaqla yanaşı, həm də Yuxarı Qarabağa aidiyyatı olmayan daha 7 rayonumuzu işğal etmişlər.

Beynəlxalq təşkilatlar dəfələrlə Azərbaycanın haqlı mövqeyini müxtəlif sənədlərlə müdafiə etsə də təcavüzkara son və qəti söz deyilmədiyindən, təzyiq göstərilmədiyindən ermənilərin fitnəkarlığı yeni çalarla zənginləşərək daha da aqressiv xarakter almışdır. ATƏT-in Minsk qrupunun fəaliyyəti məhz bu münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün nəzərdə tutulsa da, acı təəssüf doğuran haldır ki, bu beynəlxalq təşkilat həmişə yalnız bu və ya digər formada bəyanatlarla kifayətlənmiş və heç bir konkret iş görməmişdir. Azərbaycanımızın beynəlxalq hüquqlarının Ermənistan tərəfindən dəfələrlə kobudcasına pozulmasını görməməzliyə vuran beynəlxalq təşkilatlar Yuxarı Qarabağda antiterror əməliyyatlarının aparılmasına da bir qayda olaraq razılıq verməmişdir. Halbuki həmin beynəlxalq təşkilatlar Donbasda aparılan antiterror əməliyyatlarını dəstəkləmiş və dost Ukraynanın mövqeyini bu gün də dəstəkləməkdədir.

Cəzasız qalan Ermənistan Yuxarı Qarabağdakı separatçı status-kvonu saxlamaq üçün müxtəlif yollara əl atır. Demək olar ki, hər gün Yuxarı Qarabağda atəşkəs rejimini pozan ermənilər Azərbaycan-Ermənistan sərhədində də təxribatlar törədirlər. Məlum olduğu kimi, bu il iyulun 12-də günorta saatlarında ermənilər əvvəlcədən işləyib hazırladıqları plana uyğun olaraq Tovuzun Ağdam kəndi istiqamətində sərhədi pozaraq müxtəlif iri çaplı silahlardan sərhədçilərimizin mövqelərini şiddətli atəşə tutmuşlar. Əlbəttə, sərhəd müqəddəsdir və düşmən cavabsız qala bilməzdi. Hərbçilərimizin sərrast atəşləri nəticəsində düşmənin strateji atəş nöqtələri dağıdılmış və onların arasında çaşqınlıq yaradılmışdır.

Azərbaycan Ordusunun güclü həmlələrindən məhv olacağını yaxşı bilən neçə-neçə erməni zabit və əsgərinin döyüş meydanını tərk edərək qaçmağa üz tutması isə onların təkcə riyakar, məkrli deyil, həm də genetik qorxaq olduqlarının bariz nümunəsidir. Vətənin müdafiəsi uğrunda müqəddəs şəhidlik zirvəsinə yüksələn və xalqımız tərəfindən böyük coşğu ilə vətənpərvərliklə dəfn olunan hərbçilərimiz sırasında bir general-mayorun, digər yüksək rütbəli zabitlərin olması isə bir daha iftixarla vurğulamağa əsas verir ki, ermənilərdən fərqli olaraq bizimkilər Vətənə, torpağa qəlbən bağlıdırlar. Generalın sıravi əsgərlə səngərdə yanaşı durması isə tarixdə az-az rast olunan qəhrəmanlıq nümunəsidir! Düşmən təxribatı nəticəsində həlak olan hər bir hərbçimiz bizim qanımız, ürəyimizdir. Xalqmızın 2016-cı ilin aprelində olduğu kimi, indi də hərbçilərimizə mənəvi dayaq olması, silah götürüb onlarla birlikdə düşmənə daha tutarlı cavab vermək istəyi də şanlı qəhrəmanlıq keçmişimizdən bugünədək gəlib çatan mentalitet nümunəsidir. 

İyulun 13-14-də paytaxtımızın müxtəlif yerlərində ordumuza dəstək məqsədi ilə keçirilən yürüş və mitinqlər də, əlbəttə, hər bir sağlam düşüncəli soydaşımızın ürəyincədir və bununla sevinməyə dəyər. Lakin acı təəssüf hissi ilə qeyd etmək lazımdır ki, belə bir vətənpərvər aksiyanın keçirilməsi zamanı anti-Azərbaycan dairələrin əlaltıları, el təbirincə desək, düşmən dəyirmanına su tökənlər də üzə çıxdı. Belə ki, iyulun 14-də gecə saat 12-dən sonra Milli Məclisin önünə toplaşan çoxsaylı gənclər sırasında elələri də olub ki, həmin binanın şüşələrini daş-kəsəklə sındıraraq içəri girib və müxtəlif qeyri-qanuni hərəkətlərə yol veriblər. Asayiş keşikçilərinin onları intizama dəvət etmələri heç bir nəticə verməyib və hətta onlar polis maşınını belə aşırıblar.

Vətənpərvərliklə hay-küyçülüyün ayrı-ayrı anlayışlar və hərəkətlər olduğu hamıya məlumdur. Vətənpərvər gənclərin orduya gedib düşmənə qarşı vuruşmaq istəyinin yanında hay-küyçülük erməni xisləti kimi görünür və buna vətənə xəyanətdən başqa bir ad vermək mümkün deyil. Azərbaycan dilini yaxşı bilən ermənilərin sosial şəbəkələrdə müxtəlif çağırışlar edərək gənclərimiz arasında çaşqınlıq yaratması, əlbəttə, ideoloji mübarizənin formalarından hesab oluna bilər.

Amma bəzi şəxslərin rəsmi informasiya vasitələrimizin dediklərinə deyil, tanımadıqları hansısa saqqallı erməninin sözlərinə uyması ilk növbədə xəstə təxəyyülün göstəricisidir. Nəzərə almaq lazımdır ki, düşmən həmişə məhz xəstə təxəyyüllü, hay-küyçü, şəxsi mənafeyini milli mənafedən üstün tutanları hədəfləyir və onlardan lazımi anlarda istifadə etməyə cəhd göstərir. Vətən və Millət əbədidir. Millətin bölünməzliyi Vətənin bölünməzliyinin təməlidir. Yuxarıda sözügedən gənclərin «allahu-əkbər» deyərək ali qanunvericilik orqanının binasına hücum etməsi nə Allaha, nə xalqa, nə də dövlətə xidmət nümunəsi deyil. Belə hərəkətlərdən yalnız düşmən bəhrələnə bilər.    

Əlbəttə, hüquq-mühafizə orqanlarımız vətənpərvərlik yürüşünün məğzini dəyişməyə cəhd edən həmin adamları müəyyənləşdirəcək və onlar qanun qarşısında cavab verəcəklər.

O ki, qaldı ermənilərə qarşı döyüşən əsgərlərimizə, onlar xalqın və dövlətin dəstəyi və qayğısı ilə həmişə əhatə olunduqlarından düşmənə hələ neçə-neçə sarsıdıcı zərbələr endirəcəkdir. Bu zərbələrdən başı gicəllənən Ermənistan (bu marionet ölkəni Şərmənistan adlandırmaq daha məntiqli olardı -N.Q.) hakimiyyəti yenə də hay-küyçülük salaraq Kollektiv Təhlükəsizlik Şurasına və digər təşkilatlara üz tutsa da, sözü keçməyəcək. Çünki Azərbaycanın Prezidenti təkcə regionda deyil, həm də beynəlxalq aləmdə öz sözünü deyən və sözü eşidilən böyük siyasi liderdir. Məhz Prezidentimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın həmrəyliyi sayəsində düşmən təkcə Tovuzda deyil, bütün yerlərdə önümüzdə duruş gətirə bilməyəcək. İndiki zamanda Vətənə xidmət, dövlətə sədaqət, Prezidentə dəstək hamımızın borcumuzdur.

Möhtərəm Prezidentimiz vurğuladığı kimi, biz birlikdə güclüyük. Düşmənə də bu birliklə daha ağır zərbələr endirmək, təkcə sərhədlərimizi qorumaq yox, bütün işğal olunmuş ərazilərimizi işğaldan azad edib orada üçrəngli bayrağımızı dalğalandırmaq qüdrətindəyik.

Nəsib QARAMANLI

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993