Ordumuz qələbənin bir addımlığında

Mütəxəssislər şəhidliyin əlifbası sayılan Kərbəla hadisələrini xarakterizə edərkən bir məsələyə xüsusi diqqət yetirirlər: imam Hüseyn öz ölümü ilə dini necə xilas edə bilərdi?

Bildiyiniz kimi, həmin vaxt din təhlükə altında idi. Abbasilərin hakimiyyətə gəlməsi ilə inancımızın özülündə duran haqq və ədalət anlayışı bəzi insanlarda şübhə doğurmağa başlamışdı. Nəzərə alaq ki, o zamankı aktiv qəbilələrin çoxu bütpərəstlikdən yenicə ayrılmışdılar və yeni dünyagörüşü onların düşüncəsində tamam oturuşmamışdı. Belə bir vaxtda peyğəmbərin nəvəsinin din uğrunda könüllü şəhid olması, hətta bu yolda ailəsini, yaxınlarını fəda etməsi insanların içindəki son şübhə işartılarını da söndürdü. Demək, deyilənlər doğru idi. Demək, islam həqiqətən də haqq dini idi. Yoxsa, İmam Hüseyn kimi dövrünün böyük, mötəbər bir adamı, üstəlik, peyğəmbər nəvəsi bu yolda şəhid olmazdı.

Azərbaycan ordusunun yüksək rütbəli zabitlərinin şəhidlik məqamına ucalması bu hadisəni xatırlatdı. Həm öz içimizdəki şübhəçilərə, həm də dünyada bizə dodaq büzənlərə tərs şapalaq kimi dəydi.

İndi dillərdə əzbər olan “Torpaq əgər uğrunda ölən varsa, vətəndir” misrası da hardasa, necəsə sözünü açdığımız məntiqə söykənir. Torpaq o zaman vətənə çevrilir ki, onun uğrunda ölən var!

Bu gün Azərbaycan ordusu, Azərbaycan ordusunun ən yüksək zabitindən tutmuş, ən kiçik əsgərinə qədər bütün şəxsi heyəti Azərbaycan uğrunda canından keçir və onu sözün böyük mənasında Vətənə çevirir.

Aprel döyüşlərindən sonra əsgər və zabitlərimiz bir daha vətənin keşiyində ləyaqətlə dayandıqlarını göstərdilər. Bu mübarək missiya qur­banlarla başa gəlsə də, xalqın qəlbini qürur hissiylə doldurdu. Bax­ma­yaraq ki, ağır pandemiya günləri idi, baxmayaraq ki, çölə çıxmaq, qələbəliyin içində olmaq tibbi baxımdan qorxulu idi, yenə də paytaxtımızın müxtəlif yerlərində insanlar küçələrə tökülərək ordumuza dəstək nümayiş etdirdi. Şəhidlərimizin cənazələri gəlməmiş, yollarda, evlərinin qarşısında minlərlə adam toplaşıb öz hiss və həyəcanı ifadə etdi.

Aprel döyüşlərindən sonra xalqımız bir daha göstərdi ki, aradan illər keçsə də, Qarabağı zərrə qədər unutmayıb. Həm də onun gənc nəsli! Bəzən, deyirlər, yeni, Qarabağı görməyən nəsil indikilər kimi vətən sevdalısı olmayacaq. Orduya dəstək aksiyaları, səslənən şüarlar bunun belə olmadığını göstərdi. Çünki dəstəkçilərin çoxu birinci Qarabağ müharibəsindən sonra dünyaya gələn gənclər idi.

Xalqımızın orduya dəstəyi internet resurslarında, xüsusən sosial mediada da açıqca hiss olunurdu. Bunu bədnam qonşularımız da aydınca gördülər. Siyasi düşüncəsindən və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəs eyni sözü deyirdi. Təxribatla məşğul olmağa çalışanlar ictimai qınağa tuş gəlirdi.

Biz bir daha gördük ki, Qarabağ, doğrudan da, ümummilli problemimizdir. Bu ağrı hamımızındır. Torpaqlarımızın işğaldan azad olunması dövlətimizin qarşısında duran taleyüklü vəzifədir. Qarabağsız Azərbaycan, Azərbaycansız Qarabağ yoxdur. Ölkə başçısının bir az öncə beynəlxalq tədbirlərin birində “nida işarəsi” ilə dediyi bu sözlərin prakti­ki təsdiqini görmək hər kəsdə xoş duyğular oyatdı. İtirdiklərimizə görə çəkdiyimiz ağrı acının, axıtdığımız göz yaşının içində qürur hissi də yaşadıq. Buna görə milli ordumuzun hər bir əsgərinə qəlbimizdən gələn ən xoş arzuları çatdırır, şəhid olanlara Allahdan rəhmət diləyirik.

12 iyulda Ermənistanın başladığı təxribat hadisələri Azərbaycanın mənəvi qələbəsi ilə başa çatacaq. Bu şəksizdir. Şübhə doğurmayan daha bir reallıq isə torpaqlarımızın işğaldan azad olunacağı gündür. O günün yaxında olduğuna hamımız inanırıq.

Şərif AĞAYAR

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993