Sən kimsən, Rəhim Qazıyev?

Rəhim Qazıyev, görürsən, birbaşa, müqəddiməsiz bir Qarabağ müharibəsi veteranı kimi sənə müraciət edirəm! Etməyə də bilərdim. İndi vətən uğrunda fədakarlığından, qəhrəmanlığından və s. ağızdolusu danışmağın məni vadar etdi ki, susmayım!.. Sən o Rəhim Qazıyev deyildinmi, Qarabağ hadisələri başlanan bir vaxtda polkovnik rütbəsində, buxara papaqlı, uzun şərfli, beli naqanlı Qubadlıya gəlib özün kimi başıpozuq adamları başına yığıb təxribatla məşğul olan? O sən deyildinmi, Qubadlının Ermənistanla həmsərhəd olan kəndlərinin erməni quldurlarından qorunmasında canlarından keçən Qubadlı polislərinə şər atan? Guya ki, səni həbs edib, işgəncələrə məruz qoyub və belində olan naqanını da əlindən alıblar. Elə o vaxt bilsəydik ki, sən belə nankor, alçaq və satqının birisən, başından güllə əskik olmazdı!..

Qubadlı rayonundan məcburi köçkün, Qarabağ müharibəsi veteranı Qafqaz Dəmirovun bu müraciətini AZƏRTAC yayıb.

Qafqaz Dəmirov sabiq Müdafiə naziri Rəhim Qazıyevin o zamankı “fəaliyyətini” bir-bir sadalayaraq deyib: “O sən deyilmisən ki, Şuşada gedən döyüşlərə başçılıq edərkən döyüşçülərə digər bölgələrdən göndərilən yardımları, silah-sursatları qara bazara yönəldən? Həmin yardım və silah-sursatlardan da bir maşın Qubadlıdan göndərilmişdi və o yardımları mənimlə şöbənin digər işçisi - ölü­mündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülən Vasili Əliyevlə gətirmişdik. Sənin oradakı hərəkətlərinin, eləcə də əsgərlərə və əhaliyə qarşı pis münasibətlərinin şahidi olduq.

Özünü hamıya təmiz bir insan kimi təqdim etməyə çalışma! Sən təxribatçı, riyakar, vətən xaini əvvəlcə Qarabağımızın incisi olan Şuşa şəhərinin, sonra isə Laçının düşmənlər tərəfindən işğalına şərait yaratdın. Məhz sənin bu “fəaliyyətin”, “vətənpərvərliyin” sayəsində Şuşa və Laçın rus havadarlarının köməkliyi ilə ermənilər tərəfindən işğal olundu və orada gedən döyüşlərdə də həlak olan gənclərin günahkarı birbaşa sənsən! Əgər günahkar deyilsənsə, niyə bəs Şuşa və Laçında nə baş verdiyini və kimlərin sifarişi ilə işlədiyini açıqlamırsan? Çünki günahkar sənsən!..

Şuşada olarkən səs yaymışdın ki, orada hərbçilərimizin olduğu kazarmaya ermənilər hücum edib, 9 nəfəri öldürüb və səni də ayağından yaralayıblar.

Sual olunur: Bəs niyə səni öldürməyib, sağ saxlamışdılar?.. Sənin məhkəməndə aydın oldu ki, Şuşada insanları çaşdırmaq üçün sən belə bir oyun qurmusan. Məhkəmədə o zaman avtomatdan açılan atəş nəticəsində yaralandığını bildirsən də, məhkəmə-tibbi ekspertizanın rəyinə görə ayağının avtomat silahdan deyil, tapança gülləsindən xəsarət aldığı məlum olub. Bunu şahidlər də təsdiq edib.

Digər bir sual: Şuşa alınarsa, başıma bir güllə çaxacağam deyirdin, bəs niyə özünü güllələmədin?! Bəs, nə oldu? Axı, Şuşa artıq 28 ildir düşməndədir. Başına güllə vurmağa cürətin, qeyrətin çatmaz sənin, ay Rəhim Qazıyev! Çünki...

Şuşa və Laçının işğalından sonra Qubadlının işğalına çalışdın, əhalinin rayondan çıxarılması üçün 200 yük maşını göndərdin. Rayon əhalisi hiddətləndi və maşınlar geri qaytarıldı. O zaman rayon əhalisi Qubadlıya gələn Müdafiə nazirinin Baş Qərargah rəisi Şahin Musayevə Şuşadan və Laçından çıxan hərbçilər və texnika ilə sərhəd zonasını möhkəmləndirmək xahişi ilə müraciət etdilər. Şahin Musayev isə həmin qüvvələrin Qubadlı ərazisində mövqe tutmasını təmin etmək, Qubadlı əhalisinin təhlükəsizliyini qorumaq əvəzinə, qubadlılılara “heç bir müdafiə tədbiri görülməyəcək, siz də köçün, elə laçınlılar da sizin kimi deyirdilər, sizin də qeyrətiniz elədir” deyəndə, hiddətlənən əhali onu dartıb yerə saldı və üç gün girov saxladılar. Bunu eşidən sən Rəhim Qazıyev dərhal vertolyotla Qubadlıya gəldin. Hədə-qorxu gəldin, alınmadı. Bir çox yalan vədlər verib, özün kimi vətən xainini, casus olan Şahin Musayevi əhalinin əlindən ala bildin.

1992-ci ilin yazında Qubadlının Ermənistanın Gorus rayonu ilə həmsərhəd olan kəndlərinə bir qrup erməni qulduru dinclik vermir, dinc əhalidən girov aparır, işgəncələrə məruz qoyduğu üçün Qubadlı polisləri tərəfindən 5-i Gorus rayonunun milis işçisi olmaqla, 28 nəfər erməni qulduru əsir alınıb şöbəyə gətirildi. Ancaq 1-2 gün keçməmiş, bu quldurları aldırıb Gorusa yox (?), məhz Xankəndinə (Stepanakerd) təhvil verdirdin. Niyə?

Milli ordunun formalaşması ərəfəsində işini-gücünü atıb Rusiyadan Qubadlıya gələn, əslən rayonun Mahmudlu kəndindən olan, rayonda batalyonun, sonra briqadanın formalaşmasında böyük rolu və erməni quldurlarına qarşı amansız olan, Ermənistanın Qafan və Gorus rayonlarını həmişə nəzarətdə saxlayan polkovnik Nüsrət Namazov sənin sərsəm əmrlərinə tabe olmadığı üçün tapşırığınla tutulub Yevlaxda erməni əsiri ilə birlikdə 17 gün açıq havada, dəmir barmaqlıq arasında ayaq üstə saxlanıldı. Yalnız Qubadlı camaatının böyük təzyiqindən sonra Nüsrət Namazov azad olundu. Niyə?

Laçının işğal olunmuş kəndlərinin bir-birinin ardınca sürətlə azad edildiyi bir vaxtda sənin göstərişinlə Əlikram Hümbətovun quldur dəstəsi döyüşdən çıxdı. Laçın-Akara yolu ilə geri qayıdan dəstə rastına gəldiyi kəndləri vahiməyə salıb “erməni qoşunları gəlir, qaçın” deyərək, təxribat aparırdı. Bu təxribat haqqında o vaxt sənə məlumat veriləndə “Əlikram mənim əmrlərimi yerinə yetirir, onunla işiniz olmasın!”, - demişdin. Niyə?

Ağdamda və digər yerlərdə təxribatçı dəstələr yaradıb, döyüş yerlərinə göndərirdin. Belə bir dəstəni də Qubadlının Çərəli kəndində yerləşdirmişdin. Onlar kənddə və ətrafda təxribat və quldurluqla məşğul olduqları üçün kənd camaatı ilə qarşıdurma yarandı, atışma oldu. Kəndin sakinləri, özünümüdafiə dəstəsinin üzvləri və hazırda müharibə əlili və veteranları olan Şükür Camalov, Firqənd Əliyev o zaman ağır yaralandılar... Həmin dəstə öncə qarət üstündə də bir-birilərini güllələmişdilər.

Sənin nankorluğun barədə çox deyə bilərik. Sən Azərbaycan xalqına qarşı törədilən bu kimi hadisələrin ən böyük günahkarısan!..

Bəxtin onda gətirdi ki, özünü yalandan siyasi məhbus kimi təqdim edib Avropa Şurasının köməkliyi ilə həbsxanadan azad olundun. Çox təəssüf!..

Bax, sən busan, kişilikdən, qəhrəmanlıqdan dəm vuran Rəhim Qazıyev!..

“Azərbaycan bayrağı” ordenli Əməkdar jurnalist, “Ağdam” qəzetinin redaktoru Baxşeyiş Abbasoğlu da sabiq müdafiə naziri Rəhim Qazıyevə açıq məktub yazıb, şərəfsiz və xəyanətkar adlandırıb. Qazi jurnalist Facebook sosial şəbəkəsindəki hesabında paylaşdığı məktubda R.Qazıyevin Ağdamdakı özünümüdafiə dəstələrinin liderləri arasında münaqişə yaratdığını, bu münaqişənin rayon camaatının əhval-ruhiyəsini korladığını, döyüşçülər arasında inamsızlığa rəvac verdiyini deyir: “Çox təəssüf ki, düşmənin dəyirmanına su tökən, birliyimizi sarsıdan, Ağdama arxadan qılınc sancan sənin kimi əfi ilanları, satqınları tanımadıq!  Ağdamda ordu hissələri arasında birliyin pozulması, vahid hərbi komandanlığın yaradıla bilməməsi bilavasitə sizlərin pozucu fəaliyyətinizin nəticəsi idi”.

B.Abbasoğlu sabiq müdafiə nazirini “Şuşa əldən gedərsə başıma bir güllə çaxacağam!” - dediyini xatırladır: “Şuşa da getdi, Laçın da! Amma sənin tapançanın tətiyi çəkilmədi. Əgər kişi olsaydın, o tətik çəkilməliydi”.  Əməkdar jurnalist məktubunu belə yekunlaşdırır: “Sən bir şeyi anla ki, həyatda bütün cinayətlər bağışlanır, xəyanətdən başqa!”

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993