Prezident İlham Əliyev: “Son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”

Xəbər verildiyi kimi, iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.

Modul tipli xəstəxanaların tikintisi zəruri idi

Prezident İlham Əliyev yeni istifadəyə verilən modul tipli xəstəxana ilə bağlı təəssüratlarını bölüşərkən deyib: “Təəssüratlar çox müsbətdir. Əsas odur ki, bu xəstəxana çox qısa müddət ərzində ərsəyə gəlib və burada 800 xəstənin yerləşməsi nəzərdə tutulur. Nəzərə alsaq ki, COVID xəstələrinin sayı artmaqdadır, bizə əlavə çarpayılar lazımdır və bu istiqamətdə işlər aparılır”. Dövlətimizin başçısı ərazidə təqribən bir ay-ay yarım ərzində 1300 çarpayılıq modul tipli yeni xəstəxananın inşa olunacağının, beləliklə, xəstəliklə mübarizədə əlavə imkanlar əldə ediləcəyini bildirib.

Prezident İlham Əliyev gələcəkdə də belə tibb ocaqlarının yaradılacağı barədə ətraflı məlumat verib.  Heç bir ölkənin pandemiyaya hazır olmadığını vurğulayan dövlətimizin başçısı ölkəmizdə mövcud çarpayıların sayının adi rejimə hesablandığını xatırladaraq deyib: “Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Bildiyiniz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə, mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq”. Hələ xəstəliyin geniş yayılmadığı bir vaxtda modul tipli xəstəxanaların tikintisi ilə bağlı verilən qərarın qəbul edilməsinin düzgün addım olduğunu bildirən Prezident İlham Əliyev modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərarın gələcəyə hesablandığını bildirib.

Dövlətimizin başçısı hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələrinin müalicə aldığını, bu xəstəxanaların 36-sının son müddət ərzində inşa edildiyini xatırladaraq deyib: “Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq”.

Prezident İlham Əliyev dünyada, o cümlədən ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyəti qiymətləndirərəkən deyib: “Bildiyiniz kimi, dünyada koronavirus xəstəliyi daha geniş vüsət alır. Bizim kimi, bəzi ölkələr yumşalma tədbirlərindən sonra gördülər ki, xəstəliyin yayılma tempi geniş vüsət alıbdır. Ona görə indi dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Hesab edirəm ki, bu, düzgün qərardır. Çünki bu gün bu xəstəliyin tam müalicəsi üçün peyvənd mövcud deyil. Belə olan halda yoluxanların sayı bundan sonra da arta bilər.

Bizə gəldikdə, bəri başdan bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət nəzarət altındadır. Baxmayaraq ki, hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır. Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir”.

Dövlətimizin başçısı hər bir məsələnin müqayisə tələb etdiyini vurğulayaraq deyib: “…Bizimlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı 10 mindir. O ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi. Bu, onu göstərir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz və bu xəstəlik sərhəd tanımır. Ona görə beynəlxalq əməkdaşlığa daha böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımi addımları atır”.

Ölkə rəhbəri məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda mütəxəssislərlə, həkimlərlə məsləhətləşmələr aparıldığını vurğulayıb və deyib ki, bu addımların əsas məqsədi insanların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək.

Karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır

Prezident İlham Əliyev karantin rejiminin nə qədər davam edəcəyi barədə suala da cavab verib. Dövlətimizin başçısı deyib: “Biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır. Deyə bilərəm ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib. Son bir neçə gün ərzində, dediyim kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ müsbət dinamikaya çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür. Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik”.

Ölkə rəhbəri bir daha bəyan edib ki, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. “Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik” – deyə, dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri və əməkdaşlığı barədə də fikirlərini bölüşüb.  Pandemiya başladığı ilk gündən bu təşkilatla təmas qurulduğunu qeyd edən dövlətimizin başçısı onun Azərbaycana dəvət olunan mütəxəssislərinin məsləhətləri əsasında müəyyən addımlar atıldığını xatırladaraq deyib: “Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir, həm birinci mərhələdə, ondan sonrakı mərhələdə və bu gün. Bu gün də biz sıx əlaqədəyik və hesab edirəm ki, bu təşkilatla hər bir ölkə çox sıx əməkdaşlıq etməlidir”.

İnsanların sağlamlığı ön plandadır

Dövlətimizin başçısı koronavirus pandemiyasının ölkəmizin sosial-iqtisadi sahələrinə təsiri barədə də danışıb.  Pandemiyanın dünya iqtisadiyyatına böyük zərbə vurduğunu və dünya iqtisadiyyatının bir parçası olduğu üçün, təbii ki, Azərbaycana da mənfi təsir göstərdiyini qeyd edən dövlətimizin başçısı ölkə iqtisadiyyatının beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradığını bildirib. Bununla yanaşı Prezident İlham Əliyev sosial-iqtisadi geriliyin bərpa ediləcəyini vurğulayaraq deyib: “…Mən bir daha demək istəyirəm ki, seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır. Amma buna baxmayaraq, biz heç bir sosial layihəni təxirə salmadıq, ixtisar etmədik. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Misal üçün, ən həssas təbəqəyə aid olan layihələr bu il daha böyük həcmdə icra edilir. Məsələn, bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcəkdir. Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək, adətən, ildə təqribən 700-800 mənzil təqdim edilir”.

Prezident İlham Əliyev iyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb. Həmçinin ünvanlı sosial yardım alanların sayının artdığını, bu rəqəmin təqribən 85 minə yaxınlaşdığını, yəni, 300 mindən çox insanı əhatə etdiyini, işsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulduğunu və artıq bunun bir hissəsinin xərcləndiyini bildirib.

Azərbaycan xalqı görür ki, kim kimdir...

Dövlətimizin başçısı dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində ölkəmizin valyuta ehtiyatlarının cəmi 98 milyon dollar azaldığını bildirib. “Biz daha da böyük düşmə, tənəzzül gözləyirdik. Əgər bizim büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Yəni, bu, bizim üçün böyük itkidir. Bəzi günlərdə daha aşağı düşürdü”, - deyən Prezident İlham Əliyev özünü müxalifət adlandıran bəzilərinin bununla əlaqədar bir-birini təbrik etdiklərini, ölkənin böyük problemlərlə üzləşəcəyinə sevindiklərini xatırladıb. Dövlətimizin başçısı deyib: “Bilirsiniz, Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir. Çünki neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərəcək. Əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə olarsa, biz istər-istəməz investisiya xərclərimizi azaltmalı olacağıq. Belə olan halda işsizlik artacaq. Biz məcbur olub sosial xərcləri ixtisar edəcəyik və insanlar bundan əziyyət çəkəcəklər. Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.

Bu bizim həmrəylik borcumuzdur

Prezident İlham Əliyev Azərbaycanın pandemiya ilə mübarizədə 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərdiyini qeyd edərək deyib: “...Biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Ancaq bir neçə dövlət başçısı mənə təşəkkür məktubu ünvanladıqdan sonra bu, artıq bilindi və biz də əlbəttə ki, bunu gizlətmirik. Əksinə, hesab edirəm ki, bu, bizim böyük üstünlüyümüzdür”.

Həmrəyliyi sözdə yox, əməldə göstərən ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini vurğulayan dövlətimizin başçısı deyib: “Onsuz da Azərbaycan dünyada çox yüksək imicə malik bir ölkədir. Son hadisələr bunu bir daha təsdiqlədi. Bu humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, ilk növbədə, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Əksinə, bu dövr ərzində bizim təşəbbüslərimiz, o cümlədən beynəlxalq müstəvidə təşəbbüslərimiz beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüslərdir. Burada Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib”. Prezident İlham Əliyev qeyd edib ki, biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik. Biz bunu ardıcıllıqla, düşünülmüş siyasətlə etmişik.

“Bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır”

Dövlətimizin başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri və bu dünya miqyaslı tədbirlərin əhəmiyyəti haqqında da danışıb, həmin görüşlərin çox uğurlu keçdiyini, qəbul edilmiş sənədlərdə Azərbaycanın həmrəyliyə hesablanmış addımlarının yüksək qiymət aldığını bildirib. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşündə iştirakını xatırladan Prezident İlham Əliyev Azərbaycan, Əfqanıstan, Türkmənistan dövlət başçılarının bu yaxınlarda keçirilən Zirvə görüşünün də çox önəmli olduğunu qeyd edib. Növbəti təşəbbüsün BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə əlaqədar olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu təşəbbüs də dünya miqyasında yüksək qiymət aldı və 130-dan çox ölkə bizim təşəbbüsümüzə dəstək verdi. Beləliklə, yaxın gələcəkdə sessiya keçiriləcəkdir”.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə kimi Ermənistanın tutduğu mövqeyə münasibət bildirib. Bunu Ermənistanın həm bizə qarşı olan nifrəti, həm də özünü dünyadan təcrid etməsi kimi səciyyələndirən dövlətimizin başçısı bunu həmin ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiya, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təza-hürü hesab etdiyini bildirib. Ermənistanın özü-özünü çox pis vəziyyətə qoyduğunu, özünü dünyadan təcrid etdiyini vurğulayan Prezident İlham Əliyev deyib: “...Bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur. Çünki biz bu təşəbbüsü irəli sürəndə bir məqsədi güdürdük ki, artıq dünya miqyasında səylərimizi birləşdirək. Bu təşəbbüslə əlaqədar bizim konkret təkliflərimiz də olacaqdır. Çünki türk dünyasında biz bunu keçirdik, 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı çərçivəsində keçirdik. İndi biz dünya miqyasında bunu keçirmək istəyirik ki, burada vahid bir yanaşma tətbiq olunsun, ölkələr özlərinə qapanmasın, inkişaf etmiş ölkələr ağır vəziyyətdə olan ölkələrə kömək göstərsinlər. Biz bunu görmürük. İndi biz görürük kim kimə kömək göstərir. Peyvənd icad olunandan sonra bu peyvəndi pulla ala bilməyən ölkələrə bu, pulsuz verilsin. Burada donor təşkilatlar, iri biznes qurumları öz sözünü desin. Yəni, biz bu təklifləri buna görə, həm də həmrəyliyi nümayiş etdirmək üçün veririk. Hələ bilinmir ki, peyvənd icad olunandan sonra nələr baş verəcək? İndi dərmanlar, cihazlar uğrunda mübarizə gedir. Biz özümüz bu vəziyyətlə üzləşmişdik. Biz sifariş edilmiş və pulla alınmış bəzi cihazları ölkəmizə gətirə bilməmişik. Çünki imkan vermədilər. Ona görə peyvənd icad ediləndən sonra hansı vəziyyət olacaq? Bunu heç kim bilmir. Birincisi, bu peyvənd nə dərəcədə səmərəli olacaq? İndi testdən keçir. Sonra kasıb ölkələrin ona əli çatacaq, yoxsa yox? O, pullamı satılacaq, yaxud da ki, Ümumdünya Səhiyyə Təşkilatı onu paylayacaq? Yoxsa ki, zəngin ölkələr bundan istifadə edib öz əhalisinin canını qurtaracaq, amma kasıb ölkələrdəki insanlar öləcək? Bu, dözülməzdir. Bütün bu məsələlər vahid bir yanaşma tələb edir. Hətta ölkələr BMT Baş Assambleyasında vahid bir fikrə gəlməsələr belə, biz bu məsələni qaldırmalıyıq. Biz dünya birliyinin məsuliyyətli ölkəsi kimi bu məsələni qaldırırıq. Ona görə Ermənistanın bu addımı qətiyyən başadüşülən deyil”.

Təşəbbüsün reallaşması üçün bizə 97 səs lazım olduğunu, amma 130-dan çox ölkənin səsinin qazanıldığını qeyd edən Prezident İlham Əliyev burada iki əsas amilin - mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbətin öz rolunu göstərdiyini qeyd edib. “Biz bu rəğbəti uzun illər ardıcıl fəaliyyət hesabına, prinsipial, müstəqil siyasətimiz sayəsində qazanmışıq” – deyən, dövlətimizin başçısı Azərbaycanın apardığı müstəqil siyasətə heç bir kənar qüvvənin təsir edə bilməyəcəyini bir daha xatırladıb.

Bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz

Prezident İlham Əliyev Ermənistanın daxilində gedən proseslərə, demokratiyanın, insan haqlarının pozulması hallarının geniş vüsət almasına Avropa təşkilatlarının göz yummasının səbəbləri ilə bağlı sualı da cavablandırıb. Dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, bunun əsas səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir. Erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir. Mən bunu şəxsən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı kimi görmüşəm. Yəni, Ermənistan tamamilə tənqiddən kənarda idi. O vaxt ermənipərəst deputatlar və əslən Avropa ölkələrindən olan varlı ermənilər bütün imkanlardan, öz maliyyə imkanlarından istifadə edib Ermənistanı bütün tənqidlərdən qoruyurdular. Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Ancaq ermənilərə himayədarlıq edənlər, ilk növbədə, erməni lobbisi, onun pulları, ondan sonra Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyəti onları həmişə bu tənqiddən qoruyurdu. Əslində, bu, lobbiçilik fəaliyyəti deyil, bu, korrupsiya fəaliyyətidir. Mən hesab edirəm ki, bu fəaliyyət Avropada geniş araşdırılmalıdır. Bizdə kifayət qədər siqnallar var ki, bəzi siyasi xadimlər, deputatlar, bəzi Avropa ölkələrinin hökumət üzvləri Ermənistana xüsusi münasibət bəsləyirlər. Elə adamlar var ki, Dağlıq Qarabağa yüzlərlə səfər edib. Bunun arxasında nələr dayanır, hamımız yaxşı başa düşürük. Ona görə Avropanın hüquq-mühafizə orqanları bu məsələni, Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi dırnaqarası töhfəni, əlbəttə ki, Ermənistanın riyakar siyasətini araşdırsınlar. Çünki o, hər bir güc mərkəzinə o güc mərkəzinin eşitmək istədiyini deyir yalandan. O, bir neçə stulda oturmaq istəyir. Bu günə qədər buna müvəffəq olub. O, saxta tarixi, uydurulmuş, yüz il bundan əvvəl dırnaqarası hadisələri - soyqırımı istismar etmək istəyir. Özündən qurban, yazıq bir xalq düzəltmək istəyir. Halbuki hər kəs yaxşı bilir ki, ermənilər bizə qarşı soyqırımı törətmişlər. Budur, əsas amillər”.

Prezident İlham Əliyev Azərbaycanın məqsədyönlü fəaliyyəti nəticəsində Ermənistanın əsl mahiyyətinin üzə çıxdığını, onların faşist mahiyyətinin ifşa edildiyini bildirib. Faşist Njdeyə abidə ucaldanın və bu abidəni müdafiə edənin faşist olduğunu vurğulayan dövlətimizin başçısı artıq dünya miqyasında bu fakt haqqında kifayət qədər məlumat olduğunu diqqətə çatdıraraq deyib: “Mən bu məsələni qaldırmayana qədər heç kim bu haqda danışmırdı. Mən bu məsələni qaldırdım və buna geniş beynəlxalq dəstək təmin edildi. İndi artıq hər kəs bilir ki, Njde faşist olubdur. Bu faşist onların qəhrəmanlıq simvoludur. Onların işğalçılıq siyasəti ifşa edilib. Artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və işğal haqqında kifayət qədər dolğun məlumat var. Bir də ki, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. Artıq onların dediyi kimi, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa ediblər”.

“Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir”

Ermənistana 20 il ərzində rüşvətxorların, cinayətkarların, oğruların rəhbərlik etdiyini bir daha xatırladan Prezident İlham Əliyev deyib: “Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir. Müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş ərazi iddiası, Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi. Bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Bu ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir. 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxarır. Bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. Belə çıxır ki, Ermənistan prezidentləri rüşvətxor olublar və ikisi də indi cinayət məsuliyyətinə cəlb edilib. Onların generalları oğru olublar, əsgərlərin tuşonkasını bazarlarda satdırıblar. Onların qəhrəmanları faşist, terrorçu və cinayətkar olublar. Bax, budur, bugünkü Ermənistan. İndi baxın görün son iki il ərzində nələr baş verir. Belə olan halda mənzərə tam üzə çıxacaq. Son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Xunta getdi, diktatura gəldi. Ermənistanda insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur. Bir jurnalist həbsxanada aclıq elan etmiş və aclıqdan vəfat etmişdir. Ermənistanda konstitusiya kobudcasına pozulur və konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumla edilə bilərdi. Siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, onların qohumlarına qarşı cinayət işləri açılır, hakimiyyət zəbt edilib, hakimiyyət bölgüsü tamamilə mövcud deyil. Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır”.

Haradadır ATƏT, Avropa Şurası?

Prezident İlham Əliyev beynəlxalq təşkilatların buna niyə reaksiya vermədiyini sual edib: “Haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin. Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər”.

Avropa qurumlarının saxtakarlığının Ermənistanda keçirilmiş bütün seçkilərdə özünü göstərdiyini qeyd edən Azərbaycan Prezidenti bunu konkret faktlarla əsaslandırıb. Bu riyakarlığın üstünün tam açıldığını vurğulayan dövlətimizin başçısı deyib: “Artıq heç kimdə şübhə yoxdur ki, bütün bu qurumlar tərəfindən verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır, siyasi sifarişdir. O ölkələr ki, onların qarşısında baş əyir, diz çökür, - Ermənistan kimi, - onların başını sığallayır, o ölkələr ki, ləyaqətli özünü aparır, ayaqda möhkəm durur və özünə qarşı hörmət tələb edir, - Azərbaycan kimi, - onlara hücum edir və hücumun da əsas tezisi insan haqları, demokratiyadır. Əlbəttə ki, bütün bunlar saxta iradlardır. Bayaq bizim haqqında danışdığımız beynəlxalq arenadakı uğurlarımız onu göstərir ki, Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir”.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandırıb, danışıqlar prosesi barədə danışıb.

Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik olmadığını və bunun mümkünsüzlüyünü diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır…  Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir”.

Münhen Təhlükəsizlik Konfransında tarixi ədalət məsələsi haqda kifayət qədər açıqlamalar verildiyini xatırladan Prezident İlham Əliyev deyib: “Eşitmişəm ki, mənim çıxışımdan sonra Ermənistanda Kürəkçay sülh müqaviləsini əzbərləyirlər. Çox yaxşı, əzbərləsinlər ki, tarixi yaxşı bilsinlər və özlərini, beynəlxalq ictimaiyyəti aldatmasınlar. Çünki Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur. Bu müqaviləni bir tərəfdən İbrahim xan və digər tərəfdən Rusiya generalı imzalayıblar. İbrahim xan Qarabağlı və Şuşalı - onun vəzifəsi haqqında bax, bu epitetlər, bu sözlər deyilmişdir. Beləliklə, bu tarixi həqiqət əlbəttə ki, Ermənistan rəhbərliyi üçün gözlənilməz idi, yəqin bu tarixi bilmirdilər. Çünki onlar bir-birini o qədər aldadıblar, o qədər yalan danışıblar ki, bəzi hallarda bu yalana da inanırlar. Ermənistanın baş nazirinin Ermənistanda hansısa meydanda yalan danışması bir məsələdir, bu yalanı beynəlxalq tədbirdə utanmadan danışması isə digər məsələdir. O, erməni xalqına heç bir aidiyyəti olmayan çarı erməniləşdirib. Bu, tam yalandır. “Qarabağ Ermənistandır” - növbəti yalan. Bu məsələ ilə bağlı kifayət qədər tutarlı cavab da verildi. Ermənistanda baş verən hadisələrlə əlaqədar yalanlar”.

“Gedin açın BMT-nin Nizamnaməsini, baxın...”

Dövlətimizin başçısı Minsk qrupundan Azərbaycanın konkret bəyanatlar gözlədiyini bildirib. O deyib: “Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaq-arası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu addımlar kim tərəfindən atılır? Ermənistan tərəfindən. Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir? “Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni, buna adekvat reaksiya verilməlidir, yoxsa yox?! Qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?! Axı bu, açıq-aydın təxribatdır. İndiyədək heç kim tərəfindən tanınmayan bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir? Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq. Bunu mən deyirəm. Amma onlar deməlidirlər, əgər istəyirlər ki, bu məsələ sülh yolu ilə həll olunsun. Nədir bunların bəyanatında əsas tezis - hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın, görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun”.

Biz danışıqları imitasiya üçün aparası deyilik

Prezident İlham Əliyev Minsk qrupundan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözlədiyini, Ermənistanın işğal edilmiş torpaqlarda apardığı qanunsuz məskunlaşma ilə bağlı dəfələrlə məsələ qaldırdığını xatırladıb: “Bizim bütün beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvlərinə göstəriş verilib ki, bu məsələ onların gündəliyində bir nömrəli məsələ olmalıdır. Bu məsələ ilə bağlı Minsk qrupunun həmsədrləri açıqlama verir, yoxsa yox?! ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur! Yəni,10 il ərzində faktaraşdırıcı missiyanı göndərmək olmaz? İstəmirlər. Gedib nə görəcəklər?! Görəcəklər ki, orada məskunlaşma gedir. Amma bunu 10 il bundan əvvəl öz məruzələrində əks etdiriblər. Yəqin ki, indi əks etdirmək istəmirlər. Bu haqda bəyanat verib Minsk qrupu? Verməyib! Bilirsiniz, indi biz də dözümlülük göstəririk və konstruktiv olmağa çalışırıq. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Yaxşı, nə qədər olar? Fəaliyyətdə olmaq fəaliyyətdə olmaq deməkdir. Mən demişəm ki, biz danışıqları imitasiya üçün aparası deyilik. Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. İndi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq”. Müsahibənin sonunda Prezident İlham Əliyev Azərbaycanın öz mövqeyində möhkəm dayandığını, haqq-ədalətin bizim tərəfimizdə olduğunu vurğulayaraq deyib: “Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993