Ermənistan layiq olduğu cavabı hər zaman alıb və bundan sonra da alacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində nasist ideologiyasının hökm sürdüyü Ermənistanın işğalçılıq siyasətini, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini zəbt edərək bir milyondan çox insanın fundamental hüquqlarını pozan bu ölkənin saxta demokratiyasını, hazırkı hakimiyyətin qurduğu diktatura rejimini növbəti dəfə konkret faktlarla ifşa edib.

Bu fikri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-ə açıqlamasında bildirib.

Leyla Abdullayeva deyib ki, Ermənistan XİN Azərbaycanı Ermənistanı “faydalı düşmən” obrazında təqdim etməkdə ittiham edir. Bununla bağlı, ilk növbədə, qeyd olunmalıdır ki, Ermənistan 30 ilə yaxındır Azərbaycanın ərazilərini hərbi işğal altında saxlaması və bütün dünyanın qınadığı təcavüzkar siyasəti ilə özünə düşmən obrazını çoxdan qazanıb. Bundan əlavə, Ermənistanın hazırkı rəhbərliyinin həm iflasa uğrayan daxili siyasəti, həm də hərbi işğalı davam etdirən xarici siyasəti onun elə öz xalqının bu günü və gələcəyinə qarşı düşmən mövqeyindən çıxış etdiyini aşkarcasına nümayiş etdirir.

Azərbaycan Respublikası Prezidentinin BMT Baş Assambleyasının qlobal pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünə qarşı çıxış etməklə Ermənistanın hazırkı rəhbərliyi əsl simasını nümayiş etdirdi. Bütün dünyanın ma­raq­larına xidmət edən bu təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürüldüyü üçün onun əleyhinə çıxan Ermənistan beləliklə də xalqların sülhə hazırlanması çağırışını ciddi şübhə altına qoyur.

Azərbaycanı düşmənçilik bəyanatlarında ittiham etmək cəhdlərinə gəldikdə isə, öz qanunsuz və təxribat xarakterli əməlləri ilə vəziyyətin daha da gərginləşməsinə xidmət edən təcavüzkar Ermənistan tərəfi layiq olduğu cavabı hər zaman Azərbaycanın ali rəhbərliyi timsalında alıb və bundan sonra da alacaq.

Azərbaycan və Ermənistan xalqlarının maraqlarından danışan Ermənistan rəhbərliyi nəhayət anlamalıdır ki, işğalçı qüvvələrin yalnız BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlarından çıxması və məcburi köçkünlərin öz evlərinə qayıtması, beləliklə də bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması hər iki xalqın marağındadır.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993