Liderlə xalq arasında bağlılıq ölkəmizin davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradır

“Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalq­la iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur. Bu günə qədər mən hər gün yüzlərlə vətəndaşdan məktub alıram. Bu məktublarda görülmüş işlərə yüksək qiymət verilir. Bu məktubların çox kiçik bir hissəsi mətbuatda dərc edilir. Ancaq o məktublar göstərir ki, bütün rayonlardan, bütün kateqoriyalara aid olan insanlardan bu məktublar gəlir və insanlar minnətdarlıqlarını bildirirlər”. Prezident İlham Əliyev bu sözləri iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı həkimlərlə keçirdiyi görüşdə deyib.

Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması istiqamətində gördüyü işlər, qlobal pandemiya ilə mübarizə tədbirləri və ümumən, apardığı çoxşaxəli islahatlar, məcburi köçkün həmvətənlərimiz tərəfindən də böyük rəğbətlə qarşılanır və dərin minnətdarlıq hissi doğurur. Bunu ölkə rəhbərinə ünvanlanan və Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsində (president.az) yerləşdirilən məktublar bir daha təsdiq edir.

Bakı şəhərində müvəqqəti məskunlaşmış, Şuşa şəhərindən məcburi köçkün, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Musayeva Kəmalə Hüseyn qızı yazır: “Çox hörmətli möhtərəm Prezident. Sizin tərəfinizdən vaxtında həyata keçirilən uzaqgörən, qabaqlayıcı tədbirlər nəticəsində respublikamızda yeni növ koronavirus COVID-19 pandemiyası digər ölkələrlə müqayisədə daha az fəsadlarla keçməkdədir. Xalqımızın bu bəladan xilas olması üçün göstərdiyiniz səylər, verdiyiniz tapşırıqlar, vətəndaşlara infeksiyadan qorunmaqla bağlı etdiyiniz müraciətlər bizi çox sevindirdi. Virusun daha çox yaşlı nəsli öz cənginə aldığını nəzərə alaraq, bu qrup əhalinin xüsusi qayğı ilə əhatə olunması, bütün təhsil müəssisələrinin, uşaq bağçalarının vaxtında bağlanması, aztəminatlı ailələrin müavinətlə, ərzaq yardımı ilə təmin edilmələri, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqının dövlət büdcəsindən ödənilməsi, işləyən əhalinin ödənişli məzuniyyətə çıxarılması və gördüyünüz digər operativ, ardıcıl, vacib tədbirlər bizim ölkəmizi dünyada bu virusla mübarizədə fərqləndirdi. Təbii ki, bütün bu nailiyyətlər Sizin qətiyyətli və ciddi iradəniz, elmi və məntiqi cəhətdən əsaslandırılmış yanaşmanız, ən əsası da kökündə vətənpərvərlik, insansevərlik dayanan qərarlarınız sayəsində əldə edilib.

Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Dünyada yaşayan azərbaycanlılar Sizin “Biz birlikdə güclüyük!” çağırışınız ətrafında birləşdi. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz Liderlə xalq arasında olan bağlılıqdır. Bizim bugünkü qüdrətli, əzəmətli Azərbaycanımız da Lider-xalq birliyinin təcəssümü və təzahürüdür. Mən bir azərbaycanlı, müəllim olaraq öz adımdan, ailəmin adından gördüyünüz işlər, yürütdüyünüz daxili və xarici siyasət üçün Sizə minnətdarlığımı bildirirəm. Fəxr edirəm ki, Sizin kimi xalqını, millətini sevən, xalqının sağlamlığı üçün bütün gücünü səfərbər edən Prezidentimiz var. Biz dövlətçiliyimizin inkişafı, millətimizin xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyir və Sizinləyik.

Cənab Prezident, Sizin qətiyyətli addımlarınızın nəticəsi olaraq artıq ölkəmizdə yeni idarəetmə modeli formalaşır. Korrupsiya və rüşvətxorluğa qarşı tutduğunuz ciddi mübarizə siyasəti öz töhvəsini verməkdədir. Gördüyünüz bütün tədbirlərdə əsas məqsəd vətəndaş məmnunluğuna hesablanır. Bunlar xalq-Prezident həmrəyliyini artırır, Sizə olan inamı da gücləndirir. Müstəqil, güclü Azərbaycan naminə gördüyünüz işlərdə Sizə yeni uğurlar arzulayıram”.

Bakı şəhərinin Nizami rayonunda müvəqqəti məskunlaşmış, Füzuli rayonundan məcburi köçkün, Milli Qəhrəman şəhid Pəhlivan Fərzəliyevin oğlu Fərzəliyev Xaliq Pəhlivan oğlu yazır: “Hörmətli cənab Ali Baş Komandan. Mən Azərbaycanın Milli Qəhrəmanı şəhid Pəhlivan Fərzəliyevin oğluyam. Sizin sayənizdə ötən il işə qəbul olundum.

Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq Sizin şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və veteranlarına, məcburi köçkünlərə diqqət və qayğınız yüksək səviyyədədir. Bunları görməmək mümkün deyildir.

Cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin inkişafı yolundakı addımlarınızı bəyənən və bu dəyərlərlə yaşayan insanam. Sizə öz adımdan, ailəmin adından, Milli Qəhrəman ailələri adından, Füzuli rayon sakinləri adından dərin təşəkkürümü bildirirəm.

Dünyanı bürüyən koronavirusla bağlı lazımlı addımlarınız da təqdirəlayiqdir. Sizin kimi Vətənini, xalqını sevən Prezidentimiz olduğu üçün biz çox da əziyyət çəkmədik. Sosial vəziyyəti aşağı olan ailələrə birdəfəlik ödəmələr və yardımlar edilməsi xalqa böyük kömək etdi. Sizin və Mehriban xanımın bir illik əməkhaqqınızı koronavirusla bağlı yaradılmış fonda ianə etməyiniz çox böyük, humanist addım idi.

Cənab Prezident, bütün bunlara görə bir daha Sizlərə təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram. Biz - Milli Qəhrəman və şəhid övladları Sizin əsgərlərinizik. Sizin əmr və göstərişiniz kifayət edir ki, atalarımız kimi Vətənin müdafiəsinə qalxaq”.

Ağdam rayonundan məcburi köçkün, şəhid qardaşı Gülmalıyev Bəhman Çərkəz oğlu yazır: “Çox hörmətli cənab Prezident.  Mən Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkünəm. Qardaşım torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mən öz ailə üzvlərimlə birlikdə məcburi köçkün düşdükdən sonra 16 il Yevlax rayonunda yerləşən EKO qəsəbəsində yaşamışam. Ulu Öndərimiz Heydər Əliyev həmin qəsəbədə 2 dəfə olub, hətta bir toy məclisində də iştirak edib. Sonra Sizin rəhbərliyinizlə Yevlax şəhərində bütün standartlara cavab verən müasir mənzillər, məktəb, uşaq bağçası ilə təmin olunduq. Hazırda qəsəbəmizdə 615 ailə məskunlaşıb.

Çox hörmətli cənab Prezident, biz - məcburi köçkünlər, şəhid ailələri Sizin və Mehriban xanım üçün gecə və gündüz Allaha dua edirik. Sizin son dövrlərdə həyata keçirdiyiniz kadr siyasətinizi də ürəkdən dəstəkləyirik. Xalqın malına, xüsusilə də imkansız ailələrə ayrılan yardımlara göz dikən şəxslərin cəzalandırılması digərlərinə örnək olmalıdır. Bütün qaçqın və məcburi köçkünlər, şəhid ailələri və 20 nəfərlik ailə üzvlərim adından Sizə minnətdaram. Ona görə ki, Siz xalqını, Vətənini, torpağını sevən və müstəqil Azərbaycanın inkişafı yolunda durmadan çalışan lidersiniz. Biz Sizinlə fəxr edirik. Allah Sizə yar olsun”.

Bakı şəhərinin Qaradağ rayonunda müvəqqəti məskunlaşmış, Laçın rayonundan məcburi köçkün Mehrəliyev Bəhruz İsa oğlu yazır: “Hörmətli cənab Prezident. Ulu Öndərimiz Heydər Əliyev biz məcburi köçkünlərə hər zaman qayğı ilə yanaşardı. Allah Ulu Öndərimizə rəhmət eləsin, həmişə bizim qəlbimizdə yaşayacaqdır. Siz Prezident seçilərkən sevindik ki, bizim gələcəyimiz daha da yaxşı olacaq və Azərbaycanımız gündən-günə çiçəklənəcək, gözəlləşəcəkdir. Sonrakı hadisələr bizim yanılmadığımızı göstərdi. Xalqımız bu gün güclü, qüdrətli Azərbaycanla fəxr edir.

Təbii ki, Sizin və Mehriban xanım Əliyevanın ölkəmiz üçün gördüyünüz işlər danılmazdır. Uğurlu addımlarınızla Sizə olan güvənimizi, inamımızı daha da gücləndirirsiniz. Digər ölkələrlə müqayisədə bizim ölkə sürətlə inkişaf edir və əmin-amanlıq hökm sürür.

Cənab Prezident, ailəmiz adından Sizə və ailənizə cansağlığı, uzun ömür diləyirəm. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Yaşasın Azərbaycan”.

Kəlbəcər rayonundan məcburi köçkün Heydər Cəfərov yazır: “Möhtərəm cənab Prezident, Siz Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərir, onların problemlərinin aradan qaldırılması ilə bağlı tapşırıqlar verirsiniz. Bu diqqət və qayğı xalqımız tərəfindən məmnunluqla qarşılanır. Şəhid ailələrinin, əlillərin, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması Sizin həyata keçirdiyiniz siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə imzaladığınız fərman və sərəncamlar çox sayda ailəyə böyük sevinc bəxş edib, vətəndaşlarımız tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilib. Şəhid ailəsi kimi biz də bu diqqət və qayğıdan kənarda qalmamışıq. Şəhid ailələrinə verilən 11 min manat məbləğində birdəfəlik müavinətlə təmin olunmağımız dövlətimizin bizə göstərdiyi davamlı dəstəyin daha bir bariz göstəricisidir. Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır. Bu münasibətə, apardığınız uğurlu işlərə görə ailəmiz adından Sizə təşəkkürümüzü bildiririk. Allah Sizi qorusun!”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993