Ulu Öndər Heydər Əliyev: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz!”

Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın dövlətçilik tarixinə taleyüklü hadisə kimi daxil oldu. Bu möhtəşəm Qayıdış dövlətimizin müstəqilliyinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və bu gün nəinki regionda, eləcə də dünyada müstəqil söz sahiblərindən birinə çevrilməsi ilə nəticələndi.

Bəs Heydər Əliyevin hakimiyyətə gəlişini şərtləndirən səbəblər hansılar idi? Nə üçün ölkəmizin müstəqilliyinin qorunub saxlanması məhz Heydər Əliyevin hakimiyyətə qayıdışını zəruri etmişdi? İlk növbədə, vurğulamaq lazımdır ki, möhtəşəm Qayıdış ərəfəsində, yəni 1993-cü ilin 15 iyununa qədər ölkədəki siyasi, sosial-iqtisadi, eləcə də kriminogen vəziyyət son gərginlik həddinə çatmışdı. Satqın korpus komandiri Surət Hüseynovun xəyanəti nəticəsində erməni işğalçılarının Dağlıq Qarabağda fevral ayından başlayan hücumu ətraf rayonların da işğalına doğru gedirdi.

Ökəmizin cənub bölgəsində separatçı xain Əlikram Hümbətov, praktiki olaraq, bir neçə rayonun inzibati binasını güc yolu ilə ələ keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı. Şimalda da “Sadval” at oynadır, Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü aşkar büruzə verməyə başlamışdı.

Ölkədə kriminogen vəziyyət dözülməz həddə çatmışdı, paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. İndiki gənc nəsil bunu görməsə də, orta və yaşlı nəslin nümayəndələri, o zamankı vəziyyəti gündəlik həyatında yaşayan, hiss edən hər bir şəxs təsdiqləyə bilər ki, hər hansı sıravi vətəndaşın evdən çıxaraq axşam sağ-salamat geri qayıtmasına heç bir əminlik, təminat yox idi.

Müstəqilliyini yenicə elan etmiş Azərbaycan, sadəcə, daxili yox, xarici siyasət və təhlükəsizlik məsələlərində də ciddi problemlərlə qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirməklə Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdi. Maraqlı olduğu qədər də dəhşətli faktdır ki, murdar ermənilərin süfrəsindən yallanan, xəritədə Azərbaycanın yerini belə göstərə bilməyən binəva konqresmenlər 907-ci düzəlişdə məhz Azərbaycanın işğalçı tərəf kimi göstərilməsinə səs vermişdilər.

Sovet imperiyasının dağılması ilə artan iqtisadi problemlər daha da gərginləşmişdi. Azərbaycanın dövlət müstəqilliyinin təməlini təşkil edən qiymətli karbohidrogen resurslarının birgə hasilatı məsələlərində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz qalması iqtisadiyyatın inkişaf etdirilməsi perspektivinin önünə keçilməz bir sədd çəkmişdi.

Hakimiyyəti laxlayan AXC-Müsavat rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Eyni zamanda erməni diasporunun çirkli pulları ilə, erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya blokadasına alınmış, müharibənin bu istiqamətində də təcrid olunmuş vəziyyətə salınmışdı.

Gərginliyi kulminasiya nöqtə-sinə çatdıran hadisə isə keçmiş imperiyanın “beşinci kalon”unu təmsil edən mənfur qüvvələrin gücü ilə Gəncədə hərbi qiyam törədilməsi oldu. Məqsəd bu mürtəce qüvvələrin əli ilə hakimiyyəti devirmək, oyuncaq parlament yaratmaq, marionetka prezident seçdirmək və rus qoşunlarının Azərbaycana qayıtmasını təmin etməklə Cənubi Qafqazda ikinci forpost dövlət yaratmaq idi.

Gün kimi aydın idi ki, səriştəsiz kadrlar yığnağı olan AXC-Müsavat cütlüyü bu vəziyyətdən çıxmaq iqtidarında deyil. Bəs o dövrdə ökəmizi düşdüyü ağır prob­lemlər girdabından kim qurtara bilərdi - təcrübəli, dəmir iradəli siyasətçi, yoxsa böyük dövlət xadimi, xalqın müdrik lideri, yoxsa xilaskarlıq missiyasını öz üzərinə götürmüş qalib sərkərdə?! Ayrı-ayrılıqda, əlbəttə ki, bunlar heç biri. Xalqı bu vəziyyətdən yalnız bütün bu önəmli cəhətləri özündə təcəssüm etdirən Ümummilli Lider, dahi şəxsiyyət, Ulu Öndər, milli xilaskar, müzəffər bir sərkərdə – Heydər Əliyev qurtara bilərdi!  

Qədim Odlar Yurdunun müstəqilliyinin və suverenliyinin itirilməsi, ərazisinin bir neçə hissəyə parçalanması təhlükəsi ilə üzləşdiyi ağır bir şəraitdə AXC hakimiyyəti ölkəmizin nicatını xalqın israrlı tələblərinə boyun əyməkdə, yeganə çıxış yolu kimi xilaskar-lider Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsində gördü.

Əbədiyaşar milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu, Heydər Əliyevin hakimiyyətə qa-yıtması ilə milli barış və inkişaf dövrü başlandı.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu uğurla həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu həqiqət Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi.

Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi milli böhrana son qoydu, xalqımız Azər-baycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi, müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başlayan ölkəmizin dünya birliyinə inteqrasiyası başlandı.

1993-cü ilin dekabr ayında Heydər Əliyev bütün daxili çəkişmələri kənara qoyub torpaqları azad etmək naminə Azərbaycan hərbçilərini səfərbər olmağa çağırdı. Azərbaycan ordusunun həmin günlərdə başlayan hücum əməliyyatları 1994-cü ilin yanvarında Füzuli rayonunun bir hissəsinin azad olunması ilə başa çatdı. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur oldu.

Atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Nəticədə Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi, bölgənin ən güclü hərbi qüvvəsinə çevrildi və 2016-cı ilin aprel döyüşlərində bunu əyani şəkildə sübut etdi.

1994-cü ilin oktyabrında Heydər Əliyevin bircə çağırışı ilə bir anın içində Prezident Aparatının qarşısına toplaşan on minlərlə insanın yaratdığı izdiham xalqın möhtəşəm Heydər Əliyev sevgisinin təcəssümü idi və öz liderinə sədaqətini, inamını nümayiş etdirən xalqın silinməz tarixi kimi yaddaşlarda qalacqadır.

Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı iqtisadi inkişaf konsepsiyası əsasında ölkədə başlanan ciddi islahatlar müstəqillik dövrü iqtisadiyyatının formalaşmasında mühüm mərhələni təşkil etdi.

1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərin sulu qatlarının birgə işlənməsi və “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Ulu Öndər siyasi iradə və qətiyyət nümayiş etdirərək, İran və Rusiyanın ciddi etirazlarına rəğmən, ABŞ şirkətlərini Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı.

Prezident Heydər Əliyevin həyata keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu. Azərbaycanın haqq səsini bütün yüksək tribunalardan səsləndirən, getdikcə daha da yüksək zirvələrə qaldıran Heydər Əliyevin yorulmaz səyləri nəticəsində dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adının bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salınmasına müvəffəq oldu. Hücum diplomatiyasını uğurla davam etdirən Prezident İham Əliyev bu gün bütün beynəlxalq səviyyələrdə Ermənistanın işğalçı dövlət kimi tanınmasına nail olmuşdur.

Müasir Azərbaycanda formalaşdırılmış müstəqil dövlətçilik ənənələrinin mühüm əhəmiyyəti bu nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinin olmasındadır. Onun fədakar siyasi xadim kimi yürütdüyü xəttin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla nurlu gələcəyə doğru aparır. Vaxtilə Heydər Əliyevin özü dahi bir uzaq­görənlikə demişdi ki, "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Müdrik kəlamlardan süzülüb gələn bu inam, bu qətiyyət Milli Qurtuluş gününün dərin mənası və bizlərə verdiyi ibrət dərsləridir. Bu inam təsdiq edir ki, nə qədər Azərbay-can var, demək Heydər Əliyev də vardır, ürəklərdə yaşayacaqdır, o dahi şəxsiyyətin işıqlı fikirləri, parlaq ideyaları, nəsillərə nümunə qalan əməlləri var olacaqdır, xalqımızı daim nurlu sabahlara səsləyəcəkdir.

İlqar MƏMMƏDLİ,

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Pirallahı rayonu üzrə sektor müdiri

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993