“Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq”

İyunun 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Bu gün – 17 iyun ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunur. Səhiyyə sahəsində çalışan hər kəsi bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edirəm! Əminəm ki, bu gün bütün vətəndaşlarımız sizə sonsuz təşəkkür və səmimi minnətdarlığını bildirmək istərdi. Axı, koronavirus pandemiyası ilə mübarizədə əsas yük sizin üzərinizə düşüb. Biz bir daha sizin peşəkarlığınıza əmin olduq. Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq. Siz öz doğma və yaxınlarınızdan uzaqda həyatınızı riskə ataraq xəstəliyi yenməyə kömək edir, həyatları xilas edir, insanlara inam və ümid bəxş edirsiniz. Sizin gündəlik zəhmətiniz, peşə borcunuza sadiqliyiniz, pasiyentlərə xoş münasibətiniz, şəfqət və mərhəmətiniz ən yüksək qiymətə layiqdir! Sizin hər birinizə hünər, dözüm və ən əsası cansağlığı arzulayıram!”.

İyunun 16-da isə Mehriban xanım Əliyeva rəsmi “Instagram” səhifəsində Əməkdar artist Bəhram Bağırzadə ilə bağlı paylaşım etmişdi.

Paylaşımda deyilirdi: “Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edir. Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm.

Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik.

Tanrı xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun. Yaxınlarına və doğmalarına güc və səbir versin.  Həkimlərimizə və bütün tibb işçilərimizə minnətdaram və onlara sonsuz təşəkkürümü bildirirəm.

Hər kəsdən bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməsini xahiş edirəm. Özünüzü, doğmalarınızı, yaxınlarınızı qoruyun. Uca Allah hamıya cansağlığı nəsib etsin”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993