Qaçqın və məcburi köçkün problemi daim dünyanın diqqət mərkəzindədir

COVİD-19 pandemiyası və irqçlik əleyhinə etirazlar hamı üçün bərabər şəraitin hökm sürdüyü bir dünya uğrunda mübarizənin zəruriliyini nümayiş etdirdi. Dəyişikliklərin baş verməsinə bizim hamımızın birlikdə dəstək göstərməyimizin vacibliyi hələ heç vaxt bu qədər aydın şəkildə təzahür etməyib. Hər birimiz vəziyyəti yaxşılığa doğru dəyişə bilərik. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu il Ümumdünya Qaçqınlar Günü münasibətilə keçirilən tədbirlər üçün məhz belə bir deviz müəyyənləşdirib. Bu deviz hər bir insanın, o cümlədən qaçqınların və məcburi köçkünlərin cəmiyyətin inkişafına öz töhfəsini verə biləcəyini dünyaya bir daha xatırlatmaqdır.

20 iyun Ümumdünya Qaçqınlar Günü - BMT-nin Baş Məclisinin 20 iyun 2000-ci ildə qəbul etdiyi xüsusi qətnamə ilə təsis olunub. Evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini daim diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq – qətnamənin məqsədi belə olub.

Azərbaycan hələ bu qətnamə qəbul edilənədək qaçqınlığın, köçkünlüyün ən ağır nəticələri ilə üzləşib. Ermənistanın hərbi təcavüzü bir milyondan çox soydaşımızı didərginlik mərhumiyyətləri yaşamaq məcburiyyətində qoyub.  Xalqımız bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb. Sonuncu dəfə isə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapıb.

Ermənistan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsini zorla boşaldıb. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədilib - 6000 azərbaycanlının yaşadığı Xocalı şəhəri bir gecədə darmadağın edilib. Beləliklə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq respublikanın 62 şəhər və rayonunda məskunlaşıb. Hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min insan müxtəlif dərəcəli xəsarət alıb. Hazırda Azərbaycanda 1 milyondan çox qaçqın, məcburi köçkün və qaçqın statusu almaq niyyətində olan şəxs var.

Azərbaycan dövləti öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini hər zaman bir nömrəli vəzifəsi hesab edib. Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və xalqımızın bu ən ağrılı probleminin həlli üçün zəruri strategiya müəyyənləşdirilib. Sonrakı dövrdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsidir ki, indiyədək 315 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.

Son bir neçə il ərzində dünyada iqtisadi və maliyyə böhranının hökm sürməsinə, neftin qiymətinin bir neçə dəfə kəskin ucuzlaşmasına baxmayaraq, ölkəmizdə məcburi köçkünlərlə bağlı olan bütün layihələr uğurla icra edilir. Ötən il beş minə yaxın məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Bu il qarşıya hədəf qoyulub ki, 7 mindən çox məcburi köçkün ailəsi yeni yaşayış sahəsi ilə təmin edilsin. Bu, bir il ərzində, təxminən 40 minə yaxın məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılması deməkdir. Prezident İlham Əliyev bu işlərin ardıcıllıqla aparılması barədə tapşırıq verib və gələn ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün vəsait ayrılacağını bildirib.

Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir. Hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələri Mehriban xanımın tapşırığı ilə yeni mənzillərlə birinci növbədə təmin edilirlər. Birinci vitse-prezidentin tapşırığına əsasən hazırlanmış, Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər planı – Yol xəritəsində 2024-cü ilədək qəzalı vəziyyətdə olan bina və tikililərdə, ağır şəraitdə yaşayan 24 minə yaxın məcburi köçkünün mənzillə təmin edilməsi nəzərdə tutulur.

Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qay-ğının dünyada analoqu yoxdur. Özü də bu, heç bir beynəlxalq konvensiyaya, ya da öhdəliyə əsaslanmır, sadəcə, Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi, dövlətimizin siyasi, sosial-iqtisadi potensialının göstəricisidir.

Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı fəaliyyəti iki istiqamətdə qurulub. Birincisi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli tapılanadək müvəqqəti olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsidir. Qeyd etdiyimiz kimi bu sahədə aparılan işlər nəticəsində indiyədək 315 minə yaxın qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, 111 yeni qəsəbə salınıb.

Məcburi köçkünlərlə iş sahəsində digər istiqamət isə dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübə nəzərə alınmaqla “Böyük Qayıdış” proqramının hazırlanmasıdır. Bu istiqamətdə atılan ilk iki addım kimi, Cocuq Mərcanlı kəndini və əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsini göstərmək olar. Dövlətin məqsədi odur ki, “Böyük Qayıdış” proqramı tam icra olunsun. Əminik ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu məsələ həllini tapacaq. Məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edəcəklər.

Prezidentin apardığı islahatlar çərçivəsində qaçqınlar və məcburi köçkünlərlə işin təkmilləşdirilməsi, neqativ hallara imkan yaradan boşluqların aradan qaldırılması, xüsusən, mənzillərin verilməsində ədalətin və şəffaflığın təmin edilməsi mühüm vəzifə olaraq qarşıya qoyulub.

Məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması dövlətimizin sosial siyasətində əsas istiqamətlərdəndir. Prezidentin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” ötən ilki tarixi Sərəncamı bunu bir daha təsdiq edir. Sərəncama əsasən, vahid aylıq müavinətin məbləği ötən il aprelin 1-dən 50 faiz artırılıb.

Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə məcburi köçkünlər üçün əmək yarmarkalarının keçirilməsi ənənəvi hal alıb. Bu kateqoriyadan olan vətəndaşlarımızın məşğulluğunu artırmaq məqsədi ilə digər dövlət qurumları və özəl təşkilatlar tərəfindən həyata keçirilən layihələrə dəstək verilib.

Azərbaycan dövlətinin iqtisadi gücü hazırda qaçqın və məcburi köçkünlərin problemlərinin kənardan heç bir yardım olmadan həll edilməsinə imkan yaradıb. Bu kateqoriyadan olan insanlarımıza beynəlxalq humanitar yardım göstərilməsi 2001-ci ildən dayandırılıb. Azərbaycan özü bir sıra beynəlxalq humanitar layihələrin təşəbbüsçü və donoru kimi dünyada tanınır.

Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı hər zaman önəmli hesab edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə ötən il BMT-nin ölkəmizdəki təmsilçiliklərinin rəhbərlərinin cəbhəyanı ərazilərə səfəri təşkil edildi. Onlar bilavasitə təmas xəttində məcburi köçkünlərlə və yerli sakinlərlə görüşüb arzu və istəklərini eşidiblər. Komitə BMT-nin Qaçqınlar Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlığı yüksək qiymətləndirir.

Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün ən vacib məsələ ərazi bütövlüyünün bərpası məsələsidir. Bu insanlar öz yurdlarına qayıtmağı arzulayırlar. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə onlar üçün bütün lazımi şəraiti yaratmağa hazırdır. Biz beynəlxalq təşkilatlardan Ermənistanın işğalına son qoyulması üçün ciddi və təsirli addımlar gözləyirik.

Bu il mayın 28-də Bakının Qaradağ rayonunda “Qobu Park-3” yaşayış kompleksinin açılış mərasimi olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı buradakı çıxışında deyib: “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi. Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq digər torpaqlarda hansı işlər görüləcək və hansı sürətlə görüləcəkdir. Biz Cocuq Mərcanlını uğurlu hərbi qələbədən sonra cəmi bir il ərzində yenidən qurduq və indi orada həyat qaynayır, köçkünlər öz doğma torpağına qayıdıblar. Bəzən belə fikirlər səsləndirilir ki, bəzi köçkünlər torpaqlar işğaldan azad olunandan sonra qayıtmaya bilərlər. Amma mən tam əminəm ki, bütün köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar...”

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993