“Xarı Bülbül” emalatxanasında zərgərlik dərsləri

“Qobu Park-3” yaşayış kompleksindəki “Xarı Bülbül” xalçaçılıq və naxış emalatxanası məcburi köçkünlərin məşğulluğunun artırılması və sosial rifah halının daha da yaxşılaşdırılması məqsədi ilə yaradılıb.

Burada xalçaçılığın sirləri öyrənilməklə yanaşı, həm də istehsal prosesi təmin edilir. Layihə çərçivəsində xalçaların satışı, eləcə də, məcburi köçkünlərin əl işi kimi yerli və xarici bazara da çıxarılması nəzərdə tutulur.

“Xarı Bülbül” emalatxanasında zərgərlik məmulatları da hazırlanır. Burada məcburi köçkün gənclər üçün zərgərlik kursu fəaliyyətə başlayıb. Təlimçi Eduard Şamarayev deyir ki, dərslər iki istiqamətdə keçirilir, ənənəvi zərgərlik - əl ilə bəzək əş-yaların hazırlanması və matriks, 3D proqramı vasitəsi ilə əşyaların kompyuterdə düzəldilməsi. “Ölkəmizdə bu vasitə ilə, texnika çox olmadığına görə əşyalar nadir halda işlənilir, ancaq dövlətin dəstəyi ilə biz bunun üçün lazım olan avadanlıqlarla təmin ediləcəyik,” – deyə təlimçi bildirdi.

Hazırda dərslər mühazirə şəklində keçirilir. Yaxın zamanda uşaqlar praktikaya başlayacaqdır.

Məmulatların dizaynında üstünlük Qarabağ motivlərinə veriləcək. Təlimdə iştirak edən Laçın rayonundan məcburi köçkün Murad Zərbəliyev, Ağdam rayonundan məcburi köçkün Ceyhun Musayev, Elşən Abıyev öz bölgələrinə aid kolleksiyalar hazırlayacaqlar. Bu məmulatların satışı təşkil ediləcək.

“Xarı Bülbül” xalçaçılıq və naxış emalatxanasında zərgərlik dərslərindən başqa rəsm dərnəyinin və xarici dil kurslarının da təşkili nəzərdə tutulur.

Qeyd edək ki, dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan koronavirus pandemiyasını nəzərə alaraq, təlimlər ölkəmizdə virusla mübarizə məqsədilə müəyyən olunmuş müvafiq qaydalara riayət edilməklə həyata keçirilir.

Qəndab DÜNYAMALIYEVA

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993