Məcburi köçkünlərin müraciətlərinə həssaslıq göstərilir

COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejiminin tələblərinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz funksional fəaliyyətini vətəndaşlarla fiziki təmasa yol vermədən yerinə yetirir. Buna baxmayaraq, son günlər bəzi şəxslərin Komitənin binasının ətrafında toplaşması halları müşahidə olunur. Karantin rejiminin tətbiqini həyata keçirən polis işçilərinin və daxili qoşunların hərbi qulluqçularının dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, həmin şəxslər bəzən özlərini aqressiv aparır, əsassız tələblər irəli sürürlür.

Məcburi köçkünlərin problemlərinin həllinin dövlət siyasətinin prioriteti olması, ölkə rəhbərliyinin bu təbəqədən olan insanlara xüsusi həssas münasibət göstərilməsi barədə tapşırıqları əsas götürülərək, Komitənin rəhbər və vəzifəli şəxsləri, sosial məsafə gözləyib, qoruyucu vasitələrdən istifadə etməklə, məcburi köçkünlərin qarşısına çıxır, müraciətlərini dinləyir, izahatlar verirlər. Təəssüf ki, elə şəxslər də var ki, yersiz hay-küy salmaqla, müxtəlif psixoloji təzyiq üsullarına əl atmaqla öz haqsız tələblərinin yerinə yetirilməsinə cəhd göstərirlər.

İyunun 18-də Komitənin binası ətrafında çəkiliş aparan internet-media təmsilçiləri belə şəxslərdən bir neçəsindən aldıqları müsahibələri ictimailəşdiriblər. Həmin vətəndaşlar kimlərdir və onların mənzil-məişət şəraiti, müraciətləri ilə bağlı vəziyyət necədir?

Füzuli rayonundan məcburi köçkün Məmmədova Nəzifə Ədil qızı. Bu qadının həyat yoldaşı Mehdiyev Elmin Hətəm oğlu valideynləri ilə birlikdə - yəni ailə tərkibinə uyğun Füzuli rayonunun Qayıdış qəsəbəsində evlə təmin olunub. Hazırda Qaradağ rayonunda Gecə sanatoriyasında yaşayır. 

Yusifov Yusif Cəbrayıl oğlu da Füzuli rayonundan məcburi köçkündür. Ailə başçısı kimi 2004-cü ildə Füzuli rayonunda “Qayıdış-6” qəsəbəsində evlə təmin olunub. 2007-ci ildə həmin evi təhvil verərək, Bakı şəhərinə köçüb və Yasamal rayonundakı yataqxanalardan birində məskunlaşıb. Dəfələrlə Komitənin sədrinin və aparat rəhbərinin qəbulunda olub. Hazırkı tələbinin məcburi köçkünlərə yeni yaşayış sahəsinin verilməsi qaydasına zidd olması ona izah edilib. 

Füzuli rayonundan məcburi köçkün Quliyev Fərahim Yelmar oğlunun ailəsi 5 nəfərdən ibarətdir. Yasamal rayonunda yataqxanada müvəqqəti məskunlaşıb. Ona “Qobu Park-3” yaşayış kompleksində, ailə tərkibinə uyğun olaraq 3 otaqlı mənzil təklif edilib. Bununla razılaşmayıb və püşkatmada iştirakdan imtina edib. Komitənin aparat rəhbəri Eldar Zeynalovun virtual qəbulu üçün növbəyə götürülüb.

Mürsəlov Məhi Məhəmməd oğlu Ağdam rayonundan məcburi köçkündür. İkinci qrup Qarabağ müharibəsi əlilidir. Xəzər rayonunda müvəqqəti qeydiyyatdadır. Məcburi köçkünlərin yaşayış fondundan mənzil almaq üçün yazılı müraciətini və müvafiq sənədlərini komitəyə təqdim etməsi barədə ona izahat verilib.

Əhmədova Qəmzə Həsən qızı məcburi köçkün kimi mənzillə təmin edilib. Qonşusundan şikayətçi olan bu qadının tələbi yeni mənzilə köçürülməklə bağlıdır.

İstər bu, istərsə də digər məcburi köçkünlər xüsusi karantin rejiminin tələblərinə əməl etmək barədə çağırışıları eşitməyərək, Komitənin məsul işçilərinə qarşı qeyri-etik davranış nümayiş etdiriblər. Buna baxmayaraq, onların hər birinin müraciəti növbəti dəfə qeydə alınıb.

Hazırda “Qobu Park-3” yaşayış kompleksinə məcburi köçkünlərin köçürülməsi davam etdirilir. Əvvəlcədən ictimaiyyətə məlumat verildiyi kimi, bu kompleksdə Bakının Yasamal rayonunda, Azərbaycan Texniki Universitetinin və Azərbaycan İnşaat və Memarlıq Universitetinin yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər yerləşdirilir. Bu məqsədlə karantin qaydalarına əməl edilməklə püşkatma keçirilir.

Köçürülmə obyekti olan yataqxanalarda məcburi köçkünlərin siyahıya alınması aparılarkən onlardan bəzilərinin mövcud durumunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə cavab vermədiyi aşkar edilib. Köçürülmə obyektində müvəqqəti məskunlaşmış və mövcud qaydalara görə, yeni yaşayış sahəsinə köçü­rülməsi mümkün olmayan ailələrlə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Dövlət Komitəsində vətəndaşların virtual qəbulu davam etdirilir. Komitənin sədri, onun müavinləri həftədə bir gün vətəndaşların videogörüntülü qəbulunu keçirirlər.

Son günlər yaranmış vəziyyətlə əlaqədar olaraq, Komitənin aparat rəhbəri, mənzil bölgüsü üzrə komissiyanın sədri Eldar Zeynalov hər gün videoqəbul keçirir, gün ərzində 60-70 nəfər məcburi köçkünün müraciətini dinləyir. Həmin müraciətlərdə qaldırılan məsələlər araşdırılır və müvafiq tədbirlər görülür.

Biz məcburi köçkün həmvətənlərimizə bir daha müraciət edir, onları karantin rejimi qaydalarına əməl etməyə, Komitənin ətrafında toplaşmamağa çağırırıq. Xatırladırıq ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması mərhələli şəkildə həyata keçirilir. Dövlətimizin başçısının dəfələrlə bəyan etdiyi kimi, məcburi köçkünlərlə bağlı sosial layihələr tam şəkildə icra edilir və bundan sonra da ediləcəkdir.

Doğma yurdunu itirən hər bir soydaşımız Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi naminə ölkəmizdə əmin-amanlığın qorunması, indiki vəziyyətdə isə həm də təhlükəli pandemiya bəlasından minimum itki ilə qurtulması üçün məsuliyyətli olmalıdır.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993