Dövlətçiliyin keşiyində...

Qarşıdakı günlərdə yubiley yaşı qeyd ediləcək şəhidlərimiz erməni işğalçılarla döyüşlərdən sağ-salamat çıxsalar da, gənc həyatlarını ölkəmizin konstitusiya quruluşunun, dövlətçiliyimizin qorunması uğrunda mübarizədə itiriblər. Onlar özlərini xəyanətkarların qarşısında sipər ediblər. Ölkəmizdə xaos və özbaşınalıq yaratmaq istəyən şər qüvvələrlə döyüşdə həlak olublar.

Əmirov Faiq İsfəndiyar oğlu

22 iyun 1975-ci ildə Zaqatala rayonunun Bəhmədli kəndində anadan olub. Doğma kənddə orta məktəbi bitirdikdən sonra bir müddət təsərrüfat işlərində çalışıb. 2 iyul 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Xüsusi təyinatlı hərbi hissədə xidmət edib. Füzuli, Tərtər, Ağdərə uğrunda döyüşlərin iştirakçısı olub. Döyüşlərin birində ayağından yaralanıb. Hospitalda müalicə aldıqdan sonra xidmətini davam etdirib.

Atəşkəsdən sonra öz daimi dislokasiya yerinə qayıdan hərbi hissədə 17 mart 1995-ci ildə  dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edib. Namərdlərin törətdiyi dövləti cinayətin qarşısının alınmasında şəxsi şücaət göstərən gənc əsgərə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Zaqatala şəhərindəki geniş və abad küçələrdən biri indi onun adını daşıyır.

Nağıyev Dilqəm Heydər oğlu

24 iyun 1975-ci il də Mingəçevir şəhərində anadan olub. Şəhərdəki 9 nömrəli orta məktəbdə, sonra isə 69 saylı texniki-peşə məktəbində təhsil alıb.  1993-cü il avqustun 7-də Milli Orduya çağırılıb. Bakıdakı hərbi hissədə təlim keçdikdən sonra Gəncə şəhərinə, oradan isə Füzuli döyüş bölgəsinə göndərilıb.

Döyüş yolu rayonun Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Böyük Bəhmənli, Kürdrmahmudlu kəndlərindən keçib. Komandirləri Dilqəmin döyüş rəşadətini yüksək qiymətləndiriblər, ona çavuş rütbəsi verilib.

Gəncədə 1994-cü ilin oktyabrında, Bakıda 1995-ci ilin martında baş verən dövlət çevrilişinə cəhdlərinin qarşısının alınmasında iştirak edib. İkinci çevriliş cəhdi zamanı Tovuz-Ağstafa zonasında qiyamçıların ram edilməsi əməliyyatında şücaət göstərib və qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Mingəçevir şəhər 9 nömrəli orta məktəb qəhrəman şəhidin adını daşıyır. Məktəbin önündə büstü qoyulub.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993