Azərbaycanın koronavirusla bağlı mübarizə metodları beynəlxalq aləmdə təqdirlə qarşılanır

“Bu gün çox əlamətdar bir gündür. Ölkəmizdə modul tipli üç xəstəxana açılır. Bu xəstəxanalarda koronavirus xəstələri müalicə olunacaq və beləliklə, koronavirusla bağlı mübarizədə növbəti önəmli addım atılır”. Prezident İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı həkimlərlə görüşündə belə deyib. Açılış mərasimində birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Xalqımız çətin dövrdə həmrəylik və birlik göstərir

Dövlətimizin başçısı modul tipli birinci xəstəxananın mayın 7-də açıldığını, hazırda belə xəstəxanaların sayının dördə çatdığını qeyd edərək, iyun ayının  sonuna qədər daha 6 xəstəxananın da istifadəyə veriləcəyini, beləliklə, koronavirusla bağlı mübarizədə imkanların daha da genişləndiriləcəyini bildirib. Ölkə rəhbəri deyib: “Sevindirici hal ondan ibarətdir ki, bu 10 xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım da göstərmişlər və bu proses davam edir. Amma hər kəs bilir ki, bu mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək”.

Vəziyyət tam nəzarət altındadır

Prezident İlham Əliyev görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığının dayandığını və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyətin tam nəzarət altında olduğunu qeyd edib. Son 10 gün ərzində yoluxanların sayının artmasına münasibət bildirən dövlətimizin başçısı bunun yumşalma dövründə bəzi vətəndaşların məsuliyyətsizlik göstərməsindən irəli gəldiyini vurğulayaraq deyib: “Buna baxmayaraq, vəziy­yət tam nəzarət altındadır. Bizim xəstəxanalarda kifayət qədər yerlərimiz var, reanimasiya şöbələrimizdə də həmçinin. Eyni zamanda, əlavə iki min çarpayılıq 10 xəstəxanada koronavirus xəstələrinin müalicəsi nəzərdə tutulur. Bu günə qədər hələ ki, buna ehtiyac yoxdur. Ancaq biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin”.

Dünya miqyasında Azərbaycanın koronavirusa yoluxan bütün xəstələrin tibbi müəssisələrdə müalicə aldığı nadir ölkələrdən olduğunu vurulayan Prezident İlham Əliyev bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlərin, xəstəliyə düçar olmuş insanların ev şəraitində müalicə aldıqlarını, onların heç xəstəxanalara da qəbul edilmədiyini xatırladaraq deyib: “Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.

Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, ölkəmiz ən çətin vəziyyətə hazır olsun. Bu məqsədlə yeni laboratoriyalar alınıb və hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl xəstəxanalar ayrılıb. Bunların arasında ən müasir xəstəxanalardan olan “Yeni klinika” və digərləri var. Belə xəstəxanaların sayı 20-dən çoxdur. Prezident İlham Əliyev bu barədə danışarkən deyib: “Eyni zamanda, hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. Çünki onlar 4-5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir və karantin rejimində olan ən çox insan Atletlər Kəndində yerləşdirilibdir. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Orada da bütün işlər mütəşəkkil qaydada görülməlidir. Bildiyiniz kimi, xüsusi portal yaradılıb və Azərbaycana qayıtmaq istəyən vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Hesab edirəm ki, bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə. Həm pandemiyanın ilk mərhələsində ki, biz operativ tədbirlər gördük, bütün lazımi məhdudlaşdırıcı addımları atdıq, həm də ondan sonrakı dövrdə və bu yaxınlarda yenə də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycanda görülmüş işləri çox yüksək qiymətləndirmişlər”.

Dövlətin addımlarına yüksək inam var

Dövlətimizin başçısı insanları xəstəlikdən qorumağın, onların həyatını xilas etməyin əsas vəzifə olduğunu bir daha xatırladaraq deyib: “Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziy­yət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.

Prezident İlham Əliyev hər gün yüzlərlə vətəndaşdan məktub aldığını, məktublarda görülmüş işlərə yüksək qiymət verildiyini diqqətə çatdırıb. Bütün rayonlardan, bütün kateqoriyalara aid olan insanlardan gələn məktublarda insanlar minnətdarlıqlarını bildirirlər.

Məhdudlaşdırıcı dövr ərzində çətin vəziyyətə düşmüş vətəndaşların maddi məsələlərinin də həll olunduğunu və Azərbaycanın burada da liderlik göstərdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Ümumiyyətlə, mübarizəyə və pandemiyadan əziyyət çəkən işsiz adamlara, aztəminatlı təbəqəyə aid olan insanlara, sahibkarlara və bütün işləri təşkil etmək üçün 3,5 milyard manat vəsait nəzərdə tutulubdur və bu vəsait xərclənir. Tibbi avadanlığın, dərman preparatlarının alınması - bütün bu işlərə dövlət böyük vəsait ayırdı”.

Ölkə rəhbəri bu işləri təşkil edən qurumların fəaliyyətini yüksək qiymətləndirib, Operativ Qərargahın, İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəal işlədiklərini qeyd edib. “Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır,” – deyəb Prezident İlham Əliyev bildirib.

Ən düzgün, ən humanist yanaşma

Dünyada baş vermiş hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda Azərbaycanın bu sahədə də öz modelini ortaya qoyduğunu və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Əlbəttə ki, mən bizi başqa ölkələrlə müqayisə etmək fikrində deyiləm. Ancaq dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün, bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Əgər mən gündə yüzlərlə təşəkkür məktubu alıramsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir”.

Prezident İlham Əliyev səhiyyə sistemləri həmişə etalon, nümunə sayılan inkişaf etmiş ölkələrdən bir neçəsində ölənlərin sayının bizdə yoluxanların sayından çox olduğunu, bizimlə təxminən eyni sayda əhaliyə malik bəzi inkişaf etmiş ölkələrdə on minə yaxın insanın öldüyünü, bizdə isə, sadəcə, yoluxanların sayının 8 minə yaxınlaşdığını vurğulayaraq deyib: “...Bizdəki yanaşma, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq”.

Dövlətimizin başçısı, eyni zamanda, sənaye imkanlarımızdan da istifadə olunduğunu, qısa müddət ərzində tibbi maska müəssisələrinin fəaliyyətə başladığnı, dezinfeksiya vasitələrinin, həkimlər üçün xüsusi geyimlərin, kombinezonların ölkəmizdə istehsal edildiyini, həmçinin tibbi maskaların xaricdən də gətirildiyini diqqətə çatdıraraq deyib: “...Tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər, bəlkə də, min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və de­zinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb”.

Vətəndaşlar məsuliyyəti dərk edirlər

İndi bütün ölkələrdə, o cümlədən Azərbaycanda da yumşaldıcı addımlar atıldığını xatırladan Prezident İlham Əliyev deyib: “Buna baxmayaraq, mən onu da demişdim ki, əgər görsək xəstələrin sayı kəskin artır, yenə də məhdudlaşdıracağıq. Bu məhdudlaşdırıcı addımların səbəbi də bəllidir. Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir”.

Koronavirusun yoxa çıxmadığını və yoxa çıxmayacağını, həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanların bu xəstəlikdən əziyyət çəkəcəklərini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bir daha demək istəyirəm ki, bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə, dediyim qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır”.

İnsanların sağlamlığı həmişə birinci yerdədir

Prezident İlham Əliyev pandemiya dövründə Azərbaycan dövlətinin ya iqtisadiyyatı, ya da insanların sağlamlığını xilas etmək seçimi qarşısında qaldığını xatırladaraq deyib: “Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik. Mən bildirmişdim ki, keçən ay əldə edilmiş nəticələrdə kiçik də olsa, artım var - 0,2 faiz. Ancaq təxmin edirdim ki, beş ayın yekunları artıq tənəzzülü əks etdirəcək, belə də oldu. Mənə verilən məlumata görə, ümumi daxili məhsul beş ayda 1,7 faiz aşağı düşüb. Ancaq yenə də bir çox inkişaf etmiş ölkələrlə müqayisədə bizdəki tənəzzül çox kiçikhəcmlidir. Bununla paralel olaraq bildirməliyəm ki, sənaye istehsalı bir qədər artıb. Amma qeyri-neft sektorunda sənaye 14 faiz artıb. Kənd təsərrüfatı 3,6 faiz artıb. İnsanların orta əməkhaqqı 740 manata yaxınlaşıb. Bu, təqribən 430 dollardan çoxdur. İnflyasiya 3 faizdən aşağıdır, yəni, proqnozlaşdırılmış səviyyədədir”.

Dövlətimizin başçısı deyib ki, iqtisadiyyat tənəzzülə uğrasa da, bərpa ediləcəkdir, insanların həyatını isə bərpa etmək mümkün deyil. İnsanların həyatı qiymətsizdir. “Ona görə bu günə qədər və bundan sonra bizim üçün əsas amil insanların təhlükəsizliyi, sağlamlığıdır,” – deyə Prezident İlham Əliyev bəyan edib.

Xəstələrin, yoluxanların artan dinamikasının karantin rejiminin yumşaldılması ilə əlaqədar olduğunu bir daha vurğulayan dövlətimizin başçısı vəziyyətin nəzarət altında saxlandığını xatırladaraq deyib: “Burada əsas amil yoluxanların və sağalanların arasında olan nisbətdir. Bu günə qədər nisbət elədir ki, bizim səhiyyə sistemimiz bunu qəbul edə bilir. Bir çox ölkələrdə ölüm hallarının kütləvi xarakter almasının əsas səbəbi odur ki, o ölkələrdə səhiyyə sistemi çöküb. Yəni, xəstələri qəbul edə bilmirlər və beləliklə, kütləvi ölüm halları müşahidə edilir. Bu gün mövcud səhiyyə imkanlarımız bizə tam imkan verir ki, vəziyyət nəzarət altında qalsın. Ancaq hər kəs bilməlidir ki, bu vəziyyəti biz qorumalıyıq. Qorumalıyıq və müsbət meyillərin artırılmasına çalışmalıyıq və çalışırıq”.

Prezident İlham Əliyev ölkəmizin beynəlxalq müstəvidəki rolundan da danışıb. Azərbaycanın özünü çox məsuliyyətli apardığını bir daha vurğulayan dövlətimizin başçısı deyib: “...İlk növbədə, ölkə daxilində və beynəlxalq arenada bizim təşəbbüsümüzlə iki Zirvə görüşü keçirilibdir: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşü. Bildirməliyəm ki, Qoşulmama Hərəkatının Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, Afrika İttifaqı buna qoşulub, o İttifaqda 55 ölkə cəmləşibdir. Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə və ümumiyyətlə, ilk dəfə qoşulmuşdur. Avropa İttifaqında 27 ölkə var. Düzdür, Afrika İttifaqının bəzi ölkələri, eyni zamanda, Qoşulmama Hərəkatının üzvləridir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan, deyə bilərəm ki, tam məsuliyyətlə dünyanı birləşdirdi. Qəbul edilmiş bəyannamədə Azərbaycanın xüsusi rolu yüksək qiymətləndirilir. Əlbəttə ki, bizim onsuz da yüksək səviyyədə olan beynəlxalq imicimizə də bu, növbəti bir töhfədir. Azərbaycan liderlik göstərib”.

Dünya birliyi vahid mövqedən çıxış etməlidir

Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyası keçirilməsi ilə bağlı təklif irəli sürdüyünü, Qoşulmama Hərəkatının üzvlərinin bu təşəbbüsü yekdilliklə dəstəklədiklərini vurğulayaraq deyib: “Hesab edirəm ki, indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruridir. Bütün dünya birliyini birləşdirən təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. Ona görə biz belə təkliflə çıxış etdik və ümid edirik ki, bu, müsbət qarşılanar. İndi biz ikitərəfli və çoxtərəfli formatda məsləhətləşmələr aparırıq və əgər bu təklif qəbul olunarsa, onda, bax, dediyim kimi, bir daha Azərbaycanın təşəbbüsü ilə dünya birliyi birləşib bu məsələ ilə bağlı öz sözünü deyəcək”.

Dövlətimizin başçısı bu məsələdə özünə qapanmamağı əsas məsələ kimi səciyyələndirərərk deyib: “Biz yaxşı xatırlayırıq ki, pandemiyanın ilkin dövründə bəzi ölkələr özlərinə qapandılar. Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. İndi bu proses gedir. Bu 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Ölkələrin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan tərəfindən razılaşdırılıb. Burada əsas meyar ən çox ehtiyacı olan ölkələrdir”.

Dövlətimizin başçısı Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycanın fərdi qaydada iki dəfə ianə verdiyini, beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərdiyini xatırladıb. Azərbaycanın pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri olduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Bax, budur bizim ölkəmiz, budur müstəqilliyimizin üstünlükləri. Kimin ağlına gələ bilərdi ki, Azərbaycan bu bəla ilə təkbaşına, bu cür, belə məharətlə, peşəkarlıqla, təmkinlə, ləyaqətlə bacara bilsin. Hələ bəlkə 10 il, 20 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərə bilər. O dövrdəki bəzi ölkələr indi o biri ölkələrə çatacaq humanitar yardımı da özlərinə, necə deyərlər, götürmüşdülər. Ona görə biz həm ölkə daxilində, həm beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət aparırıq. Ona görə bizə olan rəğbət və hörmət gündən-günə artır”.

Azərbaycan həkimlərinə eşq olsun!

Prezident İlham Əliyev insanların normal həyat tərzinə pandemiyanın mənfi təsir göstərdiyinə, öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşdırdığına baxmayaraq ölkə vətəndaşlarının atılan bütün addımları dəstəklədiklərini vurğulayaraq deyib: “Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. İnsanları qorumaq üçün biz bütün addımları atacağıq. Ona görə bir daha Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə görə, göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. Eyni zamanda, bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram. Biz birlik nümayiş etdirmişik və bundan sonra da nümayiş etdirəcəyik. Təsadüfi deyil ki, pandemiya dövründə “Biz birlikdə güclüyük!” birləşdirici şüar olmuşdur”.

Görüşün sonunda Prezident İlham Əliyev həkimlərin fəaliyyətini bir daha qiymətləndirərək deyib: “Mən, Azərbaycan dövləti, Azərbaycan xalqı bu dövrdə gördülər ki, həkimlər içdikləri Hippokrat andına sadiqdir, öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Həkimlərin arasında yoluxanlar da var və onlar öz həyatını risk altına ataraq xəstələri müalicə edir, onları həyata qaytarırlar. Təsadüfi deyil ki, mənim təşəbbüsümlə ölkəmizin və şəhərimizin yeni simvollarından biri olan Alov Qüllələrində məşhur şüar əks olunmuşdur: Azərbaycan həkimlərinə eşq olsun!”

***

Xatırladaq ki, modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır. Əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir. Açılışı olan üç modul tipli xəstəxanadan biri Bilgəh qəsəbəsindəki 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasına, digər ikisi isə Sumqayıtdakı 1 saylı şəhər xəstəxanasına və Abşeron rayo­nunun Saray qəsəbəsindəki xəstəxanaya təhkim olunub. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993