Xalqın və dövlətçiliyin əbədi qurtuluşu

Dövlət müstəqilliyinin qorunması onun əldə edilməsindən qat-qat çətindir. Bəşər tarixində bu gerçəkliyi təsdiqləyən faktlar az deyildir. Azərbaycan xalqı ötən əsrin əvvəllərində belə bir faciəli tale ilə üzləşsə də, əsrin sonlarında yenidən öz müstəqil dövlətçiliyinə qovuşdu. Bu dəfə tarixdən ibrət dərsi götürərək, onu qoruyub saxlamağa nail oldu. Çünki özünün vahid və alternativsiz liderinə, zəngin siyasi təcrübəyə və dünya miqyasında böyük nüfuza malik olan müdrik və dahi rəhbərinə güvəndi, onun göstərdiyi yolu seçdi. Tale, zaman və tarix öz millətinə və dövlətinə lazım olan anda Heydər Əliyevi yenidən böyük siyasət meydanına çıxardı. O, bu meydanın ən güclüsü, ən qüdrətlisi, ən böyüyü olduğunu və öz istedadı, bacarığı, təcrübəsi ilə doğma xalqının arzularını gerçəkləşdirə biləcəyini bir daha sübuta yetirdi.  

Bu baxımdan, Ulu Öndərin böyük siyasətə və müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışı ilə əlamətdar olan 1993-cü ilin 15 iyun günü müstəqillik tariximizə yeni, mühüm bir dövrün başlanğıcı kimi - Milli Qurtuluş günü kimi əbədi həkk olunub.

Sovetlər Birliyinin süqutundan sonra 20-ci yüzillikdə ikinci dəfə müstəqilliyinə qovuşmuş Azərbaycanın qarşısında ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, demok­ratik dəyərlərə malik dünyəvi dövlət quruculuğu, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması və təhlükəsizliyinin təmin olunması kimi mühüm vəzifələr dururdu ki, bütün bunların həyata keçməsi üçün məqsədyönlü daxili və xarici siyasətin yürüdülməsi labüd idi.  Lakin 1991-1993-cü illərdə respublikada hakimiyyətdə olan naşı siyasətçilərin səriştəsizliyi nəticəsində ölkə saysız-hesabsız daxili problemlərlə və xarici təhlükələrlə üzləşdi. O vaxtkı respublika rəhbərləri xalqın mənafeyini düşünmək əvəzinə, siyasi intriqalarla məşğul olur, respublikanın düşdüyü böhranlı vəziyyətindən çıxarmaq üçün xalqa deyil, xarici qüvvələrə güvənirdilər. Beləliklə, iqtisadi potensialı dağıdılan, sərvətləri talan edilən Azərbaycan tənəzzül bataqlığında boğulur, işıqlı gələcəyə inamlarını itirən ölkə vətəndaşlarının isə milli mənlik duyğuları ayaq altında tapdalanırdı.

Faciəli hadisələrlə müşayiət olunan həmin dövrdəki anarxiya və xaos meylləri, iqtisadi durğunluq, separatçılıq hərəkatlarının başlanması, Dağlıq Qarabağın işğalı kimi böhranlı vəziyyətlər Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu sual altına almışdı. Ölkənin durumu o dərəcədə ümidsiz idi ki, həmin vaxt dövlətçiliyin inkişaf etdirilməsindən danışmaq belə mümkünsüz sayılırdı.

Bütün bu bəlalardan qurtulmaq, dövlət müstəqilliyini qoruyub saxlamaq Azərbaycanın üçün ölüm-dirim mücadiləsinə çevrilmişdi. Məhz belə çətin və mürəkkəb tarixi şəraitdə xalqın təkidli tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev Qurtuluş salnaməsinin qızıl səhifələrini yazmaqla ölkəni xaosdan tərəqqiyə aparan yolun əsasını qoydu. «Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqıma bağışlayıram», - deyən Ulu Öndərimiz öz titanik fəaliyyətini doğma millətinin tərəqqisinə yönəltdi.

15 iyun Azərbaycan xalqının kifayət qədər məsuliy­yətli və çətin bir dövrdə etdiyi seçiminin nə qədər doğru olduğunu göstərir. Bu tarixdən sonra çətin və təhlükəli mərhələni uğurla dəf edən Azərbaycan öz dövlətçiliyini möhkəmləndirdi. Ötən illər ərzində ölkənin həyatında həyata keçirilən islahatların uğurlu nəticələri, bütün sahələr üzrə əldə olunmuş müvəffəqiyyətlər 15 iyunun xalqımız üçün böyük əhəmiyyət daşıdığını bir daha təsdiqlədi.

Bizim dahi müasirimiz olan Heydər Əliyevin çoxsahəli fəaliyyəti Azərbaycan tarixinin şanlı salnaməsini təşkil edir. Heydər Əliyevin siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilib.

...Müstəqilliyin ilk illərində ölkədə xaos, anarxiya hökm sürürdü. Vəziyyət humanitar fəlakət həddinə gəlib çıxmışdı. Yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından sonra beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizdə yaranmış humanitar fəlakətə cəlb etmək, qaçqın və məcburi köçkün probleminin həlli üzrə dövlət səviy­yəsində konkret tədbirlər görmək mümkün oldu. Ulu Öndər Heydər Əliyev dünya şöhrətli siyasətçi idi və onun çağırışıları beynəlxalq təşkilatlarda, beynəlxalq ictimaiyyəti hərəkətə gətirirdi. 

Ulu Öndər Heydər Əliyev xarici səfərlərində, diplomatik görüşlərində Azərbaycanın ərazi bütövlüyü, işğalın aradan qaldırılması məsələsi ilə yanaşı, daim qaçqınların və məcburi köçkünlərin problemlərini də önə çəkirdi. Ulu Öndər respublika ərazisindəki çadır düşərgələrdə olur, qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti ilə şəxsən maraqlanır, onların qayğı-sına qalır, sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görürdü. Məcburi köçkünlərlə görüşlərindən birində Ulu Öndər deyirdi: “Bu insanların məskunlaşdıqları yerlərdə yaşamaları, əmək fəaliy­yəti ilə məşğul olmaları üçün bütün imkanlardan istifadə edirik. Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir”. Xalqımızın böyük oğlu hər bir qaçqının, məcburi köçkünün ağrılarını dərindən duyur, onların xilası yollarını axtarırdı. Heydər Əliyev işğal altında olan torpaqların azad edilməsi üçün bütün imkanlardan istifadə edirdi.

Görülən işlər sayəsində 1993-2004-cü illərdə ayrı-ayrı dövlətlər, maliyyə qurumları, beynəlxalq humanitar və inkişaf təşkilatları tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə 640 milyon ABŞ dollarından çox həcmdə humanitar yardım göstərildi.

Ulu Öndər Heydər Əliyevin 1999-cu ildə BMT-nin "Ümumdünya Ərzaq Proqramı" Təşkilatının Baş Qərargahına müraciəti nəticəsində həmin təşkilatın Azərbaycanda fəaliyyət müddəti müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadıldı. 

Azərbaycan Neft Fondunun vəsaitlərinin ilk növbədə qaçqın və məcburi köçkünlərin problemlərinə yönəldilməsinin təşəbbüskarı da Ulu Öndər Heydər Əliyev olub. Həmin dövrdə qaçqınlar və məcburi köşlünlərlə iş sahəsində zəruri qanunvericilik bazası yaradılıb, 1998-ci ildə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında», 1999-cu ildə «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında», «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» qanunlar qəbul edilib.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 1993-2003-cü illər arasında 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırıldı. Məhz Heydər Əliyevin yeni neft strategiyası sayəsində bütün bunlar mümkün oldu.

Əgər 1994-1995-ci illərdə beynəlxalq, yerli humanitar və onların təsis etdiyi inkişaf təşkilatları tərəfindən həyata keçirilmiş layihələrə ildə 70-75 milyon ABŞ dolları həcmində vəsait sərf olunurdusa, 2004-cü ildə bu vəsaitin miqdarı təxminən 34 milyon dollar təşkil edirdi. 2001-ci ildə bir sıra beynəlxalq təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə ərzaq yardımı göstərilməsi proq­ramı ümumiyyətlə dayandırıldı. Lakin Dövlət Neft Fon­dundan ayrılmış vəsaitlər də nəzərə alınmaqla, hökumət bu sahə üzrə çəkilən xərclərin nəinki azalmasına imkan verdi, əksinə, onların miqdarını daha da artırdı.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında», 1999-cu ildə «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında», «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» qanunlar, həmçinin Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 saylı Sərəncamı ilə təsdiqlənən «Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı» qəbul edilib.

Qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətini onun layiqli siyasi varisi möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilərkən məcburi köçkünlərin çadır düşərgələrinin beş il müddətinə ləğv olunacağı, həmin düşərgələrdəki insanların normal həyat şəraiti ilə təmin ediləcəyi barədə vəd vermişdi. Bu vəd bir il də tez – 2007-ci ildə yerinə yetirildi. Sonrakı dövrdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində məcburi köçkünlərin mənzil-məişət və sosial problemlərinin həlli istiqamətində çox mühüm layihələr icra olundu.  

2004-cü ildə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edildi, 2007 və 2011-ci illərdə bu Proqram əlavələrlə zən-ginləşdirildi. Proqramda və ona edilən əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası davam etdirilir. İndiyədək məcburi köçkünlər üçün 111 yeni qəsəbə salınıb.

Heydər Əliyev ideyalarının gerçəkləşməsinə, o cümlədən məcburi köçkünlərin problemlərinin həllinə onun adını daşıyan dünya şöhrətli Fond da öz töhfəsini verir. Fondun rəhbəri, Azərbaycan Respub­likasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu kateqoriyada olan insanlara böyük qayğı göstərir. Ağır şəraitdə, həyat üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi barədə Mehriban xanımın tapşrığı icra edilir. Onun tapşırığına əsasən hazırlanmış, Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər planı – Yol xəritəsində 2024-cü ilədək qəzalı vəziyyətdə olan bina və tikililərdə, ağır şəraitdə yaşayan 24 minə yaxın məcburi köçkünün mənzillə təmin edilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il 7 mindən çox məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi təmin ediləcək. İndiyədək 62 mindən çox qaçqın və məcburi köçkün ailəsi, yaxud 315 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb.

Cənab Prezidentin çağırışı ilə özəl sektor da məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verir. “Qobu Park” yaşayış kompleksi, Sumqayıt şəhərindəki 12-ci mikrorayonda inşa edilmiş məhəllə məhz belə töhfələrdəndir və bu sahədə işlər davam etdirilir.

Ölkəmizdə qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi xətt və Prezident İlham Əliyevin bu siyasi xətti uğurla davam etdirməsi faktı dayanır.

...Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. 

Qədirbilən xalqımız özünün böyük xilaskarının xidmətlərini daim ehtiramla yada salır və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Qlobal pandemiya şəraitində kütləvi tədbirlərin keçirilməsi mümkünsüz olsa da, öz millətini və dövlətini sevən hər bir azərbaycanlı bu bayramı sevinc hissilə qarşılayır və Ulu Öndər Heydər Əliyevi hədsiz minnətdarlıq hissi xatırlayır, ona Allahdan rəhmət diləyir. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993