Təkrarlanan tarix və xilaskarlıq missiyası

Azərbaycan xalqının tarixində təkrarlanan, eyni ssenari ilə milli varlığımızı sınaqlara çəkən hadisələr çox olub.  Təəssüf ki, keçmiş nəsillərin yol verdikləri yanlışlardan nəticə çıxarmaqda, eyni ssenarinin yenidən təkrarlanmasınin qarşısını almaqda hər zaman çətinlik çəkirik. Bunun bəlli bir səbəbi var. O da tariximizi doğru-düzgün öyrənməməyimiz, yanlışları təhlil süzgəcindən keçirib yenidən baş verməsinə məqam və şərait yaratmağa mane ola bilməməyimizdir.

Əsrin əvvəllərində yenicə müstəqil dövlət kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyətini cəmi iyirmi üç ay sonra - 1920-ci ilin aprelində bolşevik Rusiyası işğal elədi. Bunun üçün həm gənc dövlətin hərbi gücündən qat-qat güclü ordusu, həm də içimizdən olan satqınlar düşmənin istəyinin reallaşmasına imkan yaratdılar. Bundan 71 il sonra – 1991-ci ilin oktyabında yenidən müstəqilliyini bərpa etmiş xalqımıza qarşı həmin ssenari işə salındı. Həm də bu dəfə düşmənin məkri daha dərinlərə gedirdi. Məqsəd Azərbaycanı bir neçə yerə bölməkdən, müxtəlif dövlətlərin tərkbinə qatmaqdan ibarət idi.

Bu günlər Azərbaycanın bütün mətbuat orqanları, televiziyalar, sosial şəbəkələr cəmiyyətə 1993-cü ilin iyun hadisələri ilə bağlı yazılar təqdim edirlər. Bir qisim yazar Surət Hüseynovun baş verən olaylarda haqlı olduğunu cəmiyyətə sırımaq istəyir. Digər qrup sosial şəbəkə ordusu sübut etməyə çalışır ki, o zaman Surət xalqa xəyanət edirmiş, dövlət də bu xəyanətin qarşısın almaq üçün əməliy­yat hazırlamış, əməliyyat başarısız olmuş və nəticədə Surət qalib çıxmışdır.

İyun hadisələrinin şahidlərinin bu gün də yaşadığını, baş verənlərdən minlərlə insanın xəbərdar olduğunu bildiyi halda, bir yazı adamının heç bir fakta əsaslanmayan uydurmaları beyinlərə sırımaq istəyi, əminəm ki, istək olaraq qalacaq.  Çünki əlahəzrət fakt qılıncını sivirib üstünə gələn kimi o yazılar yanıb kül olacaq. 

Əslində nə baş vermişdi? 1992-ci il dekabrın 20-də Ağdamın Əfətli kəndindəki hərbi hissəyə helikopterdən bomba atıldı. Sonradan məlum oldu ki, Surət Hüseynov əvvəlcədən planlaşdırdığına görə, bir gün sonra, yəni dekabrın 21-də başlanacaq Xankəndi əməliyyatı ilə bağlı müşavirəni həmin hərbi hissədə keçirəcəkmiş. Yalnız müşavirə başlanmağa on-on beş dəqiqə qalmış plan dəyişdirilmiş və müşavirə iştrakçıları Ağdamın Qaradağlı kəndindəki hərbi hissəyə çağırılmışlar. Belə məlum olur ki, bomba Surəti aradan götürmək üçün atılıb. Amma Surət deyil, 35 gənc döyüşçü həmin bombanın qurbanı oldu.

Müşavirə kiçik heyətlə axşamüstü Tərtərdə davam etmiş və Surətə xəbər çatmışdı ki, bombanın atılmasını o vaxtkı hakimiyyətin ən üzdə olan yetkililərindən biri olan Pənah Hüseyn təşkil edib. (O zaman bu hadisə haqqında gəzən söz-söhbətlərdə məhz Pənah Hüseynin adının hallandığını, yəqin ki, çoxları xatırlayır). Yarımçıq qalan müşavirənin Tərtərin qonaq evində davamı zamanı gərginlik pik həddə çatır və əlbəyaxa davaya çevrilir. Davanın iştrakçılarından biri – Sərdar Həmidov bu gün həyatda olmasa da, digər iştrakçılar, o cümlədən Surət Hüseynov, Rəhim Qazıyev, Arif Hacıyev və digərləri həyatdadırlar. Nədən heç bir yazar bu adamlardan həmin dava və orda Surətin təklənməsi, bunun səbəbləri haqqında soruşmur?

Səhər başlanması nəzərdə tutulan Xankəndi əməliyyatı gerçəkləşmədi, hadisələrdən xəbərsiz olan daxili qoşunların Daş başı yüksəkliyini ələ keçirən 384 nəfər gənc döyüşçüsü bu xəyanətin qurbanı oldu. O gündən başlayaraq hakimiyyət yetkililəri ilə Surət Hüseynov arasında gərginliyin bünövrəsi qoyuldu və get-gedə artaraq iyun hadisələrinə gətirib çıxardı.Həmin aylarda baş verənləri geniş yazmaq imkanı yoxdu. Ancaq əmin olduğum fakt­ları analitik təhlil süzgəcimdən keçirməklə gəldiyim qənaət onu deməyə əsas verir ki, o zaman hadisələrin yüksələn xətlə inkişafında əsas rol oynayan hər iki tərəfin funksionerləri də, kənardan onlara züy tutanlar da bir mərkəzdən idarə olunurdular. O mərkəzin isə istəyi ölkədə iğtişaş salıb, müstəqil dövləti xaosa məcbur etməkdən, onu bir neçə yerə bölüb, parçalamaqdan ibarət olub. Qarabağ bölgəsindəki bütün hərbi birləşmələrin iflic vəziyyətinə salınması, bundan istifadə edən fürsətcil düşmənin ard-arda rayonlarımızı işğal etməsi onu deməyə əsas verir ki, həmin qüvvələr istəklərinin birinci hissəsinə nail oldular. Lakin əsas məqsədlərinə çata bilmədilər. Çünki vəziyyəti düzgün qiymətləndirən xalq üzünü son ümidinə tutdu...

Tarixdə elə şəxsiyyətlər, elə dühalar var ki, onlar haqqında yazmaq, olduğu kimi təqdim etmək üçün, kifayət qədər zəngin olan Azərbaycan türkcəsində belə qələm aciz qalır. XX əsrin ortalarından etibarən tanrı xalqımıza elə bir düha bəxş etmişdi ki, millətinin taleyində oynadığı misilsiz rol illər ötdükcə daha qabarıq şəkildə özünü göstərir və neçə əsrlər də göstərməyə davam edəcək. Ölməzlik deyilən bir kəlmə var dilimizdə. Bu düha məhz ölməzlik qazanan elə şəxsiyyətlərdəndir ki, öz dövründə çoxlarının anlamadığı, gələcəyə hesablanmış fenomenal fəaliyyətinin sirləri indi-indi açılmaqdadır və hələ on illər, əsrlər boyu o sirlər açıldıqca bu böyük dühanın da xalq naminə nə qədər böyük gələcəyə zərgər dəqiqliyi ilə hesablanmış bir siyasi düstur qoyub getdiyi anlaşılacaq.

İllər boyu məhvinə çalışan qüvvələrin sonradan etiraf etdikləri kimi, onun yoxluğundan üstümüzə ayaq açan düşmənlərin məhz 1993-cü ilin iyunundan başlayaraq siyasətlərində korrektələr etməyə məcbur olmaları da dünənimizin tarixi gerçəkliyidirdir. 1993-cü ildə məhv olma təhlükəsi ilə üz-üzə qaldığı, bundan yararlanmaq istəyi ilə bütün düşmən mövqeyində olan qüvvələrin birləşdiyi bir zamanda xalqın təkidli tələbi ilə ölkəni təhvil alıb, onu bu uçurumdan xilas etmək, həm də az zaman daxilində dünyanı heyran edəcək fundamental siyasətə start vermək yalnız belə fövqəladə düha sahiblərinə məxsus keyfiyyətdir. 1993-cü il iyun ayının 15-də yenidən xalqın təkidi ilə Azərbaycana rəhbərliyə dönən bu fenomen qüdrət sahibi, sadəcə gənc, müstəqil Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmədi, həm də gənc dövlətin gələcək taleyini həll etdi və AZƏRBAYCAN sözün həqiqi mənasında DÜNYAYA GÜNƏŞ  KİMİ DOĞDU!!!

Əziz oxucum, diqqət etdinizsə, yazımın bu bölümündə söhbətin kimdən getməsi haqqında bir kəlmə də olsun qeyd yoxdur. Bu da məhz haqqında danışdığım əvəzsiz düha sahibinin qüdrətinin əlamətidir ki, adını çəkmədən bu fikirlərin şəriksiz olaraq yalnız ONA aid olmasını hər kəs anladı. Dövlətçiliyimizi, mənəvi dəyərlərimizi, milli varlığımızın inikası olan dilimizi özümüzə qaytaran, gələcəyin ən optimal inkişaf mexanizminin bünövrəsini qoyan, onilliklər boyu görüləcək işlərin proqramını hazırlayıb bizlərə ərməğan edən,  ölkəmizi düşmənləri məyus edib də dostları sevindirən bir inkişafa çatdıran, dünyada düşmənlərimizlə dostlarımızın balansını dostların xeyrinə dəfələrlə artıran o böyük dühaya sonda üz tutmamaq və deməmək olmur: Nə yaxşı ulu yaradan Sizi bu xalqa, bu millətə göndərdi, ƏBƏDİ LİDERİMİZ, ULU ÖNDƏR HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV!

Təhmasib Novruzov,

 “Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri,

Ağdam rayonundan məcburi köçkün

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993