Azərbaycandakı səfirlərin ailə üzvləri məcburi köçkün qəsəbəsində olublar

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, tanınmış rəssam Günay Zebicin koordinatorluğu ilə Bakının Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksində, “Xarı bülbül” Təlim və İstehsalat Birliyində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş “Biz birlikdə güclüyük! / We Are Stronger Together!” adlı tədbir keçirilib.

Tədbirdə BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Allesandro Frakasettinin xanımı Jasmin Frakasetti və oğlu Zakari Frakasetti, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic, xanımı Günay Zebic və uşaqları Karolina və Josip Zebic iştirak ediblər. Bundan başqa, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavnanın xanımı və qızı, Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Respublika İncəsənət Gimnaziyasının rəhbərliyi tədbirə onlayn formada qoşulublar.

Tədbir çərçivəsində Günay Zebicin “Biz birlikdə qalib gələcəyik!” adlı əsərinin təqdimatı olub. Müəllif əsəri müxtəlif milli mənsubiyyətə aid olan Bakı məktəblilərinin COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı fikirləri əsasında yaradıb. Rəssam karantin rejiminin tətbiq edildiyi dövrdə uşaqlarla virtual canlı bağlantı quraraq, onlarla pandemiyanın dünyaya mənfi təsiri, xəstəliklə mübarizədə fədakarlıq göstərən insanlar, infeksiyadan qorunmağın vacibliyi barədə söhbətlər aparıb. Söhbətlərdə məcburi köçkün ailələrdən olan yeniyetmələr də iştirak ediblər.

Təqdimat mərasimində Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Respublika İncəsənət Gimnaziyasının “Teatr” şöbəsinin, əsasən, məcburi köçkün müəllimləri və şagirdləri tərəfindən hazırlanmış “Xarı bülbül” tamaşasının da nümayişi olub. Bundan başqa, İncəsənət Gimnaziyasının şagirdləri Azərbaycan, ingilis və xorvat dillərində şeirlər ifa ediblər.

Sonda məktəblilərə təşəkkürnamə və hədiyyələr təqdim olunub.

Xatırladaq ki, “Qobu Park-3” yaşayış kompleksi 2020-ci il mayın 28-də Azərbaycan Prezi­denti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə açılıb. Kompleksdə fəaliyyətə başlayan “Xarı bülbül” Təlim və İstehsalat Birliyi məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifah halının daha da yaxşılaşdırılması məqsədilə yaradılıb.

Burada xalça, kəlağayı və zərgərlik məmulatları istehsal edilir. Qaradağ rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin işə cəlb edildiyi müəssisənin nəzdində, həmçinin uşaqlar üçün xalça və rəsm dərnəkləri, xarici dil kursları təşkil ediləcək.

Nazilə XAQANİ

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993