Biz birlikdə güclüyük!

Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın pandemiya böhranından da uğurla çıxacağına inamımız möhkəmdir!

 

Ölkələrin də, xalqların da insanlar kimi taleyi var. Bu tale bir çox hallarda həmin xalqların içindən çıxmış, öz ölkəsinin qəhrəmanlarına, liderlərinə çevrilmiş şəxsiyyətlərlə sıx surətdə bağlı olur. Bu mənada ana vətənimiz Azərbaycanın keçmişinə və bu gününə nəzər yetirsək görərik ki, ötən əsrin or­talarından üzü bu yana Ümummilli Liderimiz Heydər Əliyevin və onun layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyat və fəaliyyətinin, parlaq zəkasının, möhkəm siyasi iradəsinin, mətin və yorulmaz mübarizliyinin müasir tariximizdə və taleyimizdə rolu danılmaz və təqdirəlayiqdir.

Ulu Öndərin müdrik siyasi uzaqgörənliyinin, yorulmaz səmərəli və məqsədyönlü ardıcıl fəaliyyətinin nəticəsidir ki, bu gün müasir və müstəqil Azərbaycan Respublikası beynəlxalq müstəvidə nüfuz və söz sahibidir. Ən çətin tarixi dönəmlərdə ölkəmizin iradəsindən asılı olmayaraq qarşıya çıxan hətta dünyəvi problemlərin həllində Azərbaycan dövlətinin yaxından iştirakı buna əyani sübutdur.

Yaxın və uzaq tarixi araşdırmadan belə, cari ilin son üç ayında baş verənlərin fərqinə varmalı olsaq, nə qədər güclü və qüdrətli dövlətdə yaşamağımızla, bu dövləti müstəqillik ənənələri üzərində geniş və işıqlı yola çıxaran liderimizlə fəxr edə bilərik! Ölkəmiz üçün daha çox sosialyönümlü sayılan 2020-ci il, çox güman ki, dünyada dəhşətli pandemiya ilə yadda qalacaq. Müəyyən bəlanın və problemin həm də sınaq olduğu bəllidir. Sınaqdan daha az itki ilə çıxmaq isə yalnız tədbirli və düzgün yol tutanlara nəsib olur. Dünya, o cümlədən ölkəmiz üçün fevral ayında artıq koronavirus təhlükəsi yaşansa da, üç ayın nəticələrinə yekun vuran Prezident İlham Əliyev keçirdiyi görüşlərdə iqtisadi sahədə uğurlardan danışaraq, bəşəriyyətin üzləşdiyi bəlaya təmkinli və çox dürüst münasibət bildirib, xalqına müraciətdə “Biz birlikdə güclüyük!” - deyir. Ölkə başçısı öz vətəndaşının sağlamlığını qorumaq və sosial müdafiəsini gücləndirmək üçün yalnız qüdrətli dövlətlərin və xalqının rifahını düşünən rəhbərlərin qəbul edə biləcəyi mühüm qərarlar imzalayır. Həm də iş təkcə hər hansı ən mühüm sənədə imza atmaqla bitmir.  “Mən sənin yanındayam...” dediyi xalqına arxa və dayaq olur, “məmur vətəndaşa xidmət etməlidir, onun qulluğunda durmalıdır...” ifadəsini sözgəlişi demədiyini dəfələrlə sübuta yetirir, nəticə çıxarmayanlara qarşı ən sərt mövqedə dayanır, dövlətin gücünü və iradəsini göstərir.

Pandemiya ilə mübarizənin ilk günlərindən başlayaraq ölkə rəhbərliyi vətəndaşların sağlamlığı naminə ən mühüm vəzifələri həyata keçirməyə hazır və qadir olduğunu bir daha təsdiqlədi. İqtisadi sahədə mümkün itkilərin labüdlüyü müqabilində respublikamızda ciddi qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin görülməsi Azərbaycan üçün bu ağır bəlanın təhlükəli təzahürlərinin baş qaldırmasına imkan vermədi. Ölkə daxilində təxirəsalınmaz mühüm işlərlə yanaşı xaricdəki vətəndaşlarımızın taleyini düşünən dövlət başçısı səfirliklərə və diaspora təşkilatlarına zəruri tapşırıqlar verərək, çox çətinliklərlə olsa da, insanlarımızın bir qisminin vətənə qayıtmalarına, ağır bəlanın üzücü təsirlərini yad məmləkətlərdə deyil, doğmaları ilə birgə keçirmələrinə müvəffəq oldu. Yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq və eyni zamanda ölkə vətəndaşlarına dəyən zərərləri qarşılamaq üçün operativ komissiyanın və aidiyyati strukturun çıxardığı bəzi mənada iqtisadi təhlükəsizliyə hesablanmış qərarlara cənab İlham Əliyev öz səlahiyyətlərindən istifadə edərək əhalinin sosial müdafiəsini daha yaxşı təmin edən göstərişlərlə xalqın ona olan ehtiramını daha da artırdı. Belə ki, birdəfəlik yardımı alacaq insanların sayı Prezident tərəfindən 3 misl artırılaraq 600 min insana şamil edildi. 80 min insanın sosial yardım alacağı artıq günün reallığına çevrilib.

Tibbi ləvazimatların, test nümunələrinin vaxtında və lazımi miqdarda idxalı Azərbaycanda yoluxma və ölüm hallarının minimum həddə saxlanmasına, xəstəliyə qarşı çevik və zəruri mübarizə metodlarının həyata keçirilməsinə zəmin yaratdı.

Ölkəmizdə qısa zaman kəsiyində tibbi maskaların və de­zin­­feksiyaedici vasitələrin, daha sonra isə həkimlər üçün qoruyucu geyimlərin istehsalı üzrə yeni müəssisələr işə salındı. Bu müəssisələrin hər birinin açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak edərək, mühüm bir hadisəyə imza atmaqla yanaşı, həm də göstərilən təşəbbüsün, çəkilən zəhmətin dəyərini qaldırdılar. Koronavirusla mübarizə üçün 20-dən çox dövlət xəstəxanası təyinatı üzrə ayrılmaqla yanaşı, 575 çarpayılıq ən müasir tipli müalicə mərkəzi istifadəyə verilib, yeni tipli laboratiyaların sayı 23-ə çatdırılıb ki, bu da ölkəmizdə əhalinin vaxtında test olunması, xəstəliyin aşkarlanması və müalicəsi üçün yetərlidir. Bir milyon əhaliyə düşən testlərin sayına görə Azərbaycan ön sıralardadır. Antipandemiya tədbirləri bir an belə səngimir. Hazırda 200 çarpayılıq 10 modul tipli xəstəxananın inşası sürətlə davam edir. 

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü bilavasitə pandemiya ilə mübarizəyə həsr olunub.  Dövlətimizin başçısı pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə bəşəriyyəti həmrəyliyə və əməkdaşlığa səsləyib. Cənab İlham Əliyev öz vətəndaşlarının sağlamlığı və sosial müdafiəsi naminə heç nəyi əsirgəməyəcəyini bütün dünyaya bəyan edib.

Aprel ayının 27-də “Mir” telekanalına müsahibəsində də bir çox məsələlərə aydınlıq gətirən cənab İlham Əliyev dünya ictimaiyyətini pandemiya ilə mübarizədə əlbir olmağa çağırıb. O, birlikdə koronavirusa qalib gəlməyin daha effektiv olduğunu vurğulayaraq, eyni zamanda iqtisadi böhrandan asan çıxmağın sıx əməkdaşlıq nəticəsində mümkün olduğunu bildirib.  

Bütün bunlar faktdır və əhalinin sosial rifahı dövlət siyasətinin əsas prioritetinə çevrilmiş Azərbaycanın reallığıdır. Bu ağır günlərdə ölkəmizdə insan amilinin yüksək dəyərləndirilməsi həm də təkcə bu reallıqla bitmir. Dövlət büdcəsindən vəsait ayrılması ilə yanaşı ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva birillik məvaciblərini Pandemiyaya Qarşı Mübarizə Fonduna köçürməklə humanistlik və insanpərvərlik nümunəsi göstərmiş oldular. Bu gün fonda toplanmış vəsait Azərbaycan vətəndaşının bu mübarizədən də qalib çıxacağına və pandemiya dövründə dövlətin və xeyirxah insanların səyi nəticəsində itirilmiş gəlirlərin bərpasına ümidləri doğrultmaqdadır.

Azərbaycanda pandemiyaya qarşı mübarizə metodları dünya ictimaiyyətinin, nüfuzlu beynəlxalq təşkilatların, bir sıra xarici dövlət rəsmilərinin diqqətindən kənarda qalmayıb. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru dövlət başçısına iki dəfə təşəkkür məktubu ünvanlayaraq, Azərbaycanın pandemiya əleyhinə mübarizədə nümunəvi ölkə olduğunu bildirib.

Eyni zamanda, məhz Azərbaycanın təşəbbüsü ilə BMT-dən sonra dünyanın ən böyük və nüfuzlu təşkilatı olan Qoşulmama Hərəkatının Təmas Qrupunun Sammitinin keçirilməsi, bu videokonfransda dövlət başçımızın ağıllı və məntiqli idarəçilik məharəti nümayiş etdirməsi beynəlxalq səviy­yədə müsbət qarşılanıb. Ölkə daxilində pandemiya ilə mübarizədə müsbət nəticələr əldə edən Azərbaycan dünya miq­yasında da humanist prinsiplərə sadiq qaldığını aşkar nümayiş etdirib. Ümumdünya Səhiyyə Təşkilatı ilə donor sazişi imzalayan ölkəmiz bu məqsədlə 5 milyon dollar ayırıb. Qoşulmama Hərəkatının sədri kimi virusdan zərər çəkən ölkələrə daha 5 milyon dollar ianə ayıran Azərbaycan yardımın miqyasını və yardım olunacaq ölkələrin birgə müəyyənləşdirməsini şərt kimi irəli sürüb və buna müvəffəq olub. Beləliklə, bir tərəfdən yardım əlini uzadan respublikamız digər tərəfdən bu humanist addımda ədalətlilik prinsipinin gözlənməsini dünyanın nüfuzlu təşkilatlarına sirayət etdirə bilib.

Bu çətin günlərdə Prezidentin sıx iş qrafiki əhəmiyyətli dərəcədə diqqəti cəlb edir. O, bir tərəfdən dünyanın aparıcı dövlət başçıları, iş adamları ilə görüşlər keçirir, nüfuzlu mətbu orqanlara müsahibələr verərək vətənimiz barədə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırır, digər tərəfdən ölkə daxilində quruculuq işlərinin gedişi ilə maraqlanır, müxtəlif bölgələrdə yeni və müasir müəssisələrin açılışında iştirak edir, zəhmət adamları ilə səmimi söhbətlərdə insanların ürəyinə yol tapır. Pandemiyanın dünyaya divan tutduğu, ən güclü dövlətləri iqtisadi böhrana sürüklədiyi dövrdə cənab İlham Əliyev 3000 mindən çox köçkün ailəsi üçün yeni salınacaq şəhərciyin inşa işləri ilə tanış olur, iri sənaye bölgəsinə çevrilən Sumqayıt şəhərinə yeni qaz xəttinin, müasir tipli xəstəxanaların, tibbi ləvazimatlar və xüsusi həkim geyimləri hazırlayan müəssisələrin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında və s. iştirak edir. Bir sıra ölkələrin həyəcan təbili çaldığı bir vaxtda Azərbaycan Respublikasının Prezidenti bu sahədə də qabaqlayıcı tədbirlər görüldüyünü nəzərə çatdırıb. Sumqayıt Sənaye Kompleksində yeni müəssisənin açılışı zamanı ölkəmizdə bu il 90 min iş yerinin açılmasının gündəmdə durduğunu vurğulayaraq insanların öz dövlətinə və onun rəhbərinə inamını daha da artırıb.

Hələ gənc yaşlarından Ümummilli Liderdən həyat və mü­kəm­məl idarəçilik dərsi alan möhtərəm Prezidentimiz ona gös­tərilən etimadı doğruldacağını əməli şəkildə sübuta yetirib.

Dövlət hakimiyyəti və idarəetmə strukturlarında aparılan cavanlaşma kursu gənc nəslə etimadın bariz ifadəsi kimi dəyərləndirilməlidir. Qloballaşan dünya ilə birgə əməkdaşlıq təcrübəli kadrlarla yanaşı idarəetmədə yeni sağlam fikirli gənclərimizə də geniş imkanlar açır. Ən mühüm dövlət strukturlarında, məhkəmə sistemində və güc orqanlarında pers­pektivli kadrların yer alması müsbət amildir. Son zamanlar təcrübəli kadrların mühüm güc strukturlarına rəhbərliyə irəli çəkilməsi, eyni zamanda müasir təfəkkürlü gənclərin mühüm postlara təyin olunması artıq öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyev məmura xalqın yanında olmağı, vətəndaşa dayaq durmağı, ona xidmət etməyi mühüm bir vəzifə olaraq tapşırır. Əks halda xalqın malına və mülkünə göz dikən əliəyriləri Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatların ağır aqibəti və peşmançılıq hissləri gözləyir. Bu, ölkə başçısı cənab İlham Əliyevin yeritdiyi uğurlu dövlətçilik siyasətinin tələbidir və bu tələbə hamılıqla əməl olunmalıdır! Çünki, bizim bir vətənimiz var – Azərbaycan! Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın pandemiya böhranından da uğurla çıxacağına inamımız möhkəmdir! Gücümüzü və qüvvəmizi böhrandan sonra daha böyük uğurlar qazanmaq naminə səfərbər etməyə hazır olaq!

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən antipandemiya tədbirləri nəticəsində ölkə vətəndaşları, o cümlədən yaranmasının 90 ili tamam olan Zəngilan rayonunun dövlət strukturları və sadə, zəhmətkeş əhalisi Prezidentimizin “Biz birlikdə güclüyük” çağırışına ürəkdən qoşularaq zərərli virusla zərərsiz ötüşməkdə davam edirlər. Zəruri ehtiyaclar isə həmişə onların qayğısına qalan dövlətimiz və xeyirxah insanlarımız tərəfindən qarşılanır. 

Mahir Cavadlı,

Azərbaycan Yazıçılar Birliyinin Zəngilan 

şöbəsinin rəhbəri

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993