Ombudsman: “Ermənistanın insan hüquq və azadlıqlarının qorunmasından danışması gülünc və absurddur”

Bəşəriyyətin mütərəqqi dəyərlərini mənimsəmək iqtidarında olmayan, adı işğalçı siyasət və dövlət terrorizmi anlayışları ilə assosiasiya olunan Ermənistanın insan hüquq və azadlıqlarının qorunmasından danışması gülünc, absurd və paradoksaldır.

Bu fikri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva söyləyib.

Ermənistanın ombudsmanının azərbaycanlı həmkarı ilə görüşməyə hazır olması və Dağlıq Qarabağla bağlı hər hansı məsələnin müzakirəsində separatçı rejimin “ombudsman”ının da iştirak etməli olduğu barədə fikrinə toxunan Səbinə Əliyeva deyib ki, bu açıqlama faktiki olaraq beynəlxalq hüquq normalarına böyük sayğısızlıq, ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin heçə sayılması və separatizmin dəstəklənməsidir: “Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə siyasəti həyata keçirib. Bunun nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, humanitar fəlakətlə üzləşib. Bununla yanaşı, işğalçı ölkə tərəfindən XX əsrin ən dəhşətli faciələrindən biri və bəşəriyyətə qarşı cinayət olan Xocalı soyqırımı törədilib ki, bu da erməni millətçilərinin xalqımıza qarşı təcavüzkarlıq və soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir. Əgər Ermənistanın ombudsmanını insan hüquq­larının müdafiəsi məsələsi maraq­landırırsa, bu faktları xatırlasın, bəhs olunan reallıqlara bir daha nəzər salsın. Bütün dünyaya məlumdur ki, işğal nəticəsində əzəli yurdundan didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın bütün fundamental hüquqları – yaşamaq, mülkiyyət, təhsil, seçki (bələdiyyə) və s. kobud surətdə pozulub. Ümumiyyətlə, Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən hərbi təcavüz fonunda törədilmiş insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquq­ları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Ce-nevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının kobud şəkildə pozulmasıdır. Bütün bunlara görə Azərbaycanın torpaqlarını işğal altında saxlayan, azərbaycanlılara qarşı təcavüzkar siyasət yeridərək çoxsaylı soyqırımı aktları törətmiş Ermənistana qarşı sanksiyalar tətbiq olunmalı, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş fundamental hüquqları bərpa edilməli, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət mühakiməsinə cəlb olunmalı və cəzalandırılmalıdırlar”.

Ombudsman əlavə edib ki, Ermənistanın müvəkkili insan hüquqlarının müdafiəsi məsələsini müzakirəyə çıxarmaq istəyirsə, əvvəlcə BMT-nin 822, 853, 874 və 884 saylı dörd qətnaməsi dərhal və qeyd-şərtsiz yerinə yetirilməli, təcavüzkar ölkənin silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, qaçqın və məcburi köçkün vəziy­yətinə düşmüş azərbaycanlılar tarixi yurdlarına qayıtmalıdırlar: “Hər gün bu işğal nəticəsində bütün fundamental hüquqları pozulmuş soydaşlarımız tərəfindən mənə çoxsaylı müraciətlər edilir. Onlar, eyni zamanda, məsələ ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutublar. Belə olan halda, Ermənistanın ombudsmanının Azərbaycanın tarixi torpaqlarında insan hüquqlarının qorunması məsələsi ilə bağlı müzakirələrdən danışması cəfəngiyat olmaqla yanaşı, bəşəriyyətə qarşı təhqir, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş növbəti bir cəhddir”.

Ermənistan ombudsmanının Dağlıq Qarabağla bağlı hər hansı məsələnin müzakirəsində separatçı rejimin “ombudsman”ının da iştirak etməli olduğu haqqında fikrinə gəlincə, müvəkkil vurğulayıb: “Qondarma “Dağlıq Qarabağ respublikası” işğal və terror məhsulu olan separatçı qurumdur. Onun hüquqi statusu yoxdur, beynəlxalq səviyyədə tanınmır. Ona görə də nə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində, nə də hər hansı bir müzakirədə iştirak etmək hüququna malik deyil. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda bu yaxınlarda təşkil edilmiş “seçki” şousunun iflasa uğraması, Ermənistanın qondarma və separatçı qurumu legitimləşdirmək cəhdlərinin beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməsi işğalçılara, o cümlədən hüquqi məsələləri siyasi manipulyasiya predmetinə çevirərək primitiv metodlarla ucuz şou təşkil edən erməni müvəkkilə dərs olmalıdır”.

Müvəkkil daha sonra deyib: “İşğal faktı aradan qaldırıldıqdan və soydaşlarımızın bütün fundamental hüquqları bərpa edildikdən sonra Ermənistanın ombudsmanı ilə insan hüquqları ilə əlaqədar müzakirələr apara bilərik”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993