Yeni yaşayış sahələrinin bölgüsü mövcud qaydalara uyğun aparılır

Ağcabədi rayonunun Taxtakörpü ərazisində yeni salınmış və ötən ilin sonunda istifadəyə verilmiş 645 ailəlik üç qəsəbənin birində - əsasən, Şeylanlı obasından olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdırıldığı qəsəbədə evlərin bölgüsü ilə bağlı iddiaları son günlər bəzi sosial media fəalları geniş “işıq­landırmağa” çalışırlar.

Əvvəla qeyd edək ki, Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələrin salınması müvafiq Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə edilmiş əlavələrdə nəzərdə tutulub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli Sərəncamı ilə həmin ərazidə 572 hektar torpaq sahəsi ayrılıb. Bunun da 134 hektarında birinci mərhələdə 645 ailə üçün 3 qəsəbə inşa edilib.  Şeylanlı obasında salınan qəsəbə 144 evdən ibarətdir və evlərin hər birinin 0,12 hektar həyətyanı sahəsi var.

Yeni qəsəbədə evlərə ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələr birinci növbədə köçürülürlər. Köçürüləcək ailələrlə bağlı Dövlət Komitəsinin müvafiq komissiyasının işçi qrupu tərəfindən hərtərəfli araşdırma aparılır. Araşdırmalarda məqsəd evlərin bölgüsünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na tam uyğun şəkildə aparılmasını təmin etməkdir. İşçi qrup köçürülmə obyektlərində siyahıyaalma apardıqdan sonra, orada müvəqqəti məskunlaşan hər bir ailəyə aid məlumatları müvafiq dövlət qurumlarının - Dövlət Komitəsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və digərlərinin elektron məlumat bazaları ilə dəqiqləşdirir və faktiki hallar müəyyənləşdirir. Komissiya toplanılmış məlumatlar əsasında yeni yaşayış sahəsinə ailələrin köçü­rülməsi barədə qərar qəbul edir və təsdiqlənməsi üçün Dövlət Komitəsinin rəhbərliyinə təqdim edir.

Şeylanlı obasındakı 144 yeni evin bölgüsü də bu qaydada aparılıb. Sosial şəbəklərdə yayılan videoçəkilişlərdə bölgüdən narazılıq edənlərin heç birinə qarşı haqsızlıq edilməyib. Həmin çəkilişlərlə əlaqədar aparılan araşdırmalar zamanı şikayətçi kimi çıxış edən vətəndaşlarıdan bəziləri haqqında məlumatları ictimailəşdirmək məcburiyyətindəyik.

Belə ki, işçi qrupun araşdırmaları nəticəsində Fərqanə Mayılovanın, Qıztamam Mayılovanın, Zahid Tanrıverdiyevin, İslam Xudaverdiyevin və oğlu Alverdinin, Şakir Quliyevin və oğlu Fərruxun, Vaqif Quliyevin, Anar Məmmədovun özlərinə məxsus normal məişət şəraitinə malik yaşayış evlərinin olduğu aşkar edilib. Bəziləri, ümumiyyətlə, Şeylanlı obasında deyil, başqa yerlərdə məskunlaşıb. Araşdırmalar zamanı uzun illərdən bəri həmin obada ağır şəraitdə yaşayan məcburi köçkünlərin verdiyi məlumatlar da nəzərə alınıb.

Onu da qeyd edək ki, yeni qəsəbələrdə zəruri in-frastruktur obyektləri tikilib istifadəyə verilib. Ümu-milikdə 645 ailə üçün salınmış üç qəsəbədə ikisi 192 yerlik, biri isə 108 yerlik üç məktəb binası, həmçinin inzibati bina, tibb məntəqəsi mövcuddur, müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Öz xidməti vəzifələrini hazırda qüvvədə olan qaydalar əsasında yerinə yetirən dövlət qulluqçularının ünvanına qeyri-obyektiv, bəzi hallarda isə heç bir etik çərçivəyə sığmayan fikirlərin söylənilməsi və bu fikirlərin çoxsaylı internet istifadəçiləri arasında yayılmasına imkan yaradılması isə yolverilməzdir və hüquqi məsuliyyət yaradır.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993