İşğal altında qalan muzeylərimiz

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü dünyada hər il 18 may tarixində müəyyən deviz altında qeyd olunur. Bu il Beynəlxalq Muzeylər Gününün devizi "Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik"dir.

Hazırda Azərbaycanda 201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir. Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir. Həmin muzeylər sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan Tarix Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Azərbaycan Xalça Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini göstərmək olar. İlk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb.

Təəsüflə qeyd edirik ki, ölkəmizdə mövcud olan muzeylərdən 22-i Ermənistan silahlı birləşmələrinin ərazilərimizi işğal etməsi nəticəsində zərər görüb.  Ümumiyyətlə, işğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. İşğalçılar 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv edib.

1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalıb. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar toplanmışdı.

Şuşa şəhərində Ü.Hacıbəyovun ev muzeyi, Bülbülün ev muzeyi, Xalça muzeyi, Tarix Diyarşünaslıq muzeyi, Qarabağ Dövlət tarixi muzeyi olmaqla 8 muzey fəaliyyət göstərib.

Bunlardan biri, 1991-ci ilin fevralında yaradılmış Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyidir. Qısa müddətdə muzeyin 550-dək eksponat fondu formalaşdırılıb. Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində muzeyin altı yüzə yaxın eksponatı məhv edilib və aparılması mümkün olanları isə daşınıb.

Bir zamanlar Şuşa şəhərində fəaliyyət göstərən Ü.Hacıbəyovun ev muzeyində Hacıbəyovlar ailəsinə məxsus ev əşyaları ilə yanaşı, Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri, kitabları, ona həsr olunmuş və muzeyə bağışlanmış kitablar ekspozistyada mühüm yer tutub. Muzey hazırda Bakı şəhərində fəaliyyətini davam etdirir.

Ağdam rayonunda ilk muzey - tarix-diyarşünaslıq muzeyi 1962-ci ildə yaradılıb. İşğaldan əvvəl muzeyin fondunda eksponatların sayı 2500-ü keçirdi. Ağdam şəhərinin Ermənistan silahlı dəstələri tərəfindən işğal edilməsi nəticəsində muzeydən hər hansı eksponat çıxarmaq mümkün olmayıb. 1995-ci ildən muzey fəaliyyətini rayonun Qaradağlı kənd mədəniyyət evinin binasında davam etdirir.

Ağdam rayonu dünyada ikinci olan “Çörək muzeyi” ilə də məhşur idi. 1982-ci ildə muzey fəaliyyətə başlayıb. Muzeydə Azərbaycan taxılının zəngin növlərini və çörək mədəniyyətimizin qədim ənənələrini göstərən eksponatlar, əslində, respublikamızın bütün ərazisini əhatə edib.

Laçın rayonda iki muzey – tarix-diyarşünaslıq muzeyi, “Sarı Aşıq” muzeyi fəaliyyət göstərib. 1980-ci ildə Laçın Tarix-diyarşünaslıq Muzeyinin yaradılması üçün eksponatların toplanmasına başlanılıb. Muzeyin fondunda 10 minə qədər əşya mühafızə olunub, onun 5 min ədədi əsas fonda daxil idi. Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın şəhərinin işğal edilməsi nəticəsində muzeyin binası və 10 mindən artıq eksponatı məhv edilib və aparılması mümkün olanlar isə daşınıb. 1992-cı ildən muzey fəaliyyətini Bakıdakı 2 saylı texniki-peşə liseyində davam etdirir.

“Sarı Aşıq” xatirə muzeyi 1989-cü ildə Laçın rayonu Güləbird kəndində haqq aşığı Sarı Aşığın məzarı üzərində ucaldılan abidədən və aşığın bayatıları asılmış nəhəng lövhədən ibarət olub. Muzey Sarı Aşığın dillər əzbəri olan bayatılarının, deyimlərinin, duyumlarının itib-batmaması və gələcək nəsillərə çatdırılması üçün yaradılıb. 1992-ci ildə Erməni ordusunun təcavüzü nəticəsində Laçın rayonu da işğal olunduğundan muzey Abşeron rayo­nu Pirəkəşkül qəsəbəsində fəaliy­yətini davam etdirməyə başlayıb.

Kəlbəcər Tarix-diyarşünaslıq Muzeyi 1979-cu ildə yaradılıb. Muzey rayon mərkəzində, M.V.Vidadi küçəsində gözəl daş mozaika ilə bəzədilmiş ayrıca binada yerləşirdi. 30 mindən çox eksponatı olan fond da muzeydə saxlanılırdı. Bu dünyada yeganə muzey idi ki, rayon ərazisində olan bütün dağ suxur nümunələri sərgilənirdi. Zəngin muzeydə 10 minə yaxın kitab fondu olan kitabxana fəaliyyət göstərirdi. Muzeyin binası 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı erməni silahlı dəstələri tərəfindən dağıdılıb. Hazırda muzey Bakı şəhərində fəaliyyətinin davam etdirir.

Zəngilan Tarix-diyarşünaslıq Muzeyi rəsmən 1980-ci ildə fəaliyyətə başlayıb. Rayonun işğala məruz qalması nəticəsində muzey də dağıdılıb. Muzeyin fəaliyyəti isə 2013-cü ildən etibarən Abşeron rayo­nu Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan yaşayış kompleksində bərpa edilib.  Rayonda “Daş heykəllər” muzeyi isə "Ağ oyuq" deyilən yerdə yaradılmışdı. Burada müxtəlif dövrlərə aid daş abidələr var idi. Muzey erməni vandalları tərəfindən dağıdılıb.

Qubadlı Tarix-diyarşünaslıq Muzeyi 1980-cı ildə açılmışdı. Muzeydə 5 mindən artıq eksponat qorunub saxlanılırdı. Bunların sırasında qədim dövrlərə aid qılınc, xəncər, mis əşyalar, saxsı qablar, təbiət, fauna və floraya aid nadir nümunələr, Böyük Vətən müharibəsi iştirakçılarına aid əşyalar vardı. Həmçinin, görkəmli yazıçılar, elm, mədəniyyət və incəsənət xadimlərinə aid guşə fəaliyyət göstərirdi.  Qubadlı rayonunun işğalından sonra muzey fəaliyyətini Sumqayıt şəhərində davam etdirir.

Cəbrayıl Tarix-diyarşünaslıq Muzeyi İkinci Dünya Müharibəsindən əvvəl yaradılıb. Muzeydə rayonun tarixinə dair arxeoloji və etnoqrafik materiallar, toxuculuq məmulatları, dekorativ sənət nümunələri, qədim və orta əsrlərə aid məişət əşyaları, fotolar, sənədlər, rayonun flora və faunasını əks etdirən eksponatlar sərgilənib. 1993-cü ilə qədər muzeydə 19 mindən artıq eksponat toplanıb. Rayon Ermənistanın işğalına məruz qalanda muzeyin əmlakının məhv olmasına imkan verilməyib. Bu gün Cəbrayıl Tarix-diyarşünaslıq Muzeyi fəaliyyətini paytaxtdakı “İstiqlal” muzeyində davam etdirir.

Füzuli Tarix-diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılıb.1993-cü ildə rayonun işğalı ilə əlaqədar muzeyin eksponatları xilas edilərək Bakı şəhərinə gətirilib. 2014-cü ildə Horadiz şəhərində muzey üçün yeni bina inşa edilib. Hazırda burada eksponatların sayı 7 mindən çoxdur.

Xocalı (Yaloba) Tarix-diyarşünaslıq Muzeyinin fəaliyyətə başlaması isə Xocalı rayonunun yarandığı 1991-ci ilin aprel ayına təsadüf edib. Hazırda Kəpəz rayonunun Hacıkənd qəsəbəsində öz fəaliy­yətini davam etdirən muzeydə 1500-dən çox eksponat toplanılıb.

Xocavənd rayonu ərazisində işğaldan əvvəl iki tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərib. Həmin muzeylər işğal altında qaldığı üçün orda olan eksponatlar haqqında heç bir məlumat yoxdur.

Muzeylər tarixin güzgüsüdür. İşğal altında olan rayonlarımızın muzeylərinin öz fəaliyyətini davam etdirməsi təqdirəlayiq haldır. İnanırıq ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa ediləcək və həmin muzeylər də yenidən doğma yurd yerlərimizə qaytarılacaq.

Hazırladı: Nazilə XAQANİ

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993