Onlar döyüşçüdürlər...

Ölkəmizdə idmanın inkişafı üçün hər cür şərait yaradılıb. Məcburi köçkün ailələrin övladları da bu şəraitdən istifadə edir, müxtəlif idman növləri ilə məşğul olur, uğurlar qazanırlar.

Nəzrin Tahir qızı Alməmmədlinin on yaşı var. Valideynləri Zəngilan rayonundan məcburi köçkündürlər. Ailə hazırda Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisindəki məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində məskunlaşıb.

Nəzrin kompleksdəki Ağdam 33 saylı tam orta məktəbin şagirdidir. Çox kiçik yaşlarından idmanın karate növünə maraq göstərib. Məşqçisi Elnur İsayevdən bu əlbəyaxa döyüş növünün sirlərini öyrənir. Qısa müddətdə qazandığı uğurlar isə onun gələcəkdə güclü və tanınmış idmançı olacağından xəbər verir.

Nəzrin indiyədək respublika miqyaslı bir neçə yarışda fərqlənib, mükafata layiq yerlər tutub. O, Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr edilmiş açıq respublika çempionatında birinci yeri tutaraq Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən və Xocalı soyqırımına həsr olunan xatirə turnirində də Nəzrin ən yüksək nəticəyə nail olub. Bundan başqa, o, 2018-ci ildə Bakı şəhər kubokunu qazanıb.

Ötən ilin oktyabrında Bakıda şorin-ryu seybukan karate üzrə keçirilən beynəlxalq seminarın iştirakçısı olub və müvafiq sertifikat alıb. Sertifikatı şorin-ryu seybukan karate üzrə rusiyalı baş təlimatçı Anatoliy Mitrofonov imzalayıb və Nəzrini Rusiya yığmasına dəvət edib.

İstedadlı idmançı 8 müxtəlf yarışın qalibi olub, çoxlu sayda sertifikatlara, medallara layiq görülüb. O, həm də dərs əlaçısıdır, iki dəfə bilik yarışında birinci yer tutaraq diploma layiq görülüb.

Nəzrin orta məktəbi əla qiymətlərlə bitirib hüquqşünas olmaq arzusundadır. Deyir ki, mən də əmim kimi insanların hüquqlarının qorunmasında iştirak etmək istəyirəm.  O, idman uğurlarının dərslərinə maneə törətmədiyini, əksinə, fiziki gücünün, əzmkarlığını daha da artırdığını bildirir. İnanırıq ki, Nəzrin öz əzmkarlığı ilə bütün arzularına çatacaqdır.   

...İyirmi altı yaşlı Elçin Nazim oğlu Hüseynli isə əlbəyaxa döyüş ustasıdır. Onun valideynləri Xocalı şəhərindəndirlər. Atası erməni quldurlara qarşı döyüşlərdə şücaətlər göstərib. Ailə məcburi köçkün kimi Bakıda müvəqqəti məskunlaşıb. Elçin burada Cəbrayıl rayonunun Akademik Mehdi Mehdizadə adına 1 nömrəli tam orta məktəbini bitirib. Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin məzunudur. Uşaq yaşlarından idmanla məşğul olur. Hazırda məşqçisi Ruslan Əfəndiyevdir.

Elçin qarışıq döyüş növləri – MMA üzrə yarışlarda uğurla iştirak edir. O, 2016-cı ildə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq turnirdə, 2017-ci ildə Azərbaycan MMA liqasının VI açıq çem­piona­tında və Dünya Budo Döyüş Növü Federasiyasının Bakıda keçirdiyi yarışda birinci yeri tutub.

Gənc döyüşçü Rusiya Pankration Athlima Federasiyasının 2018-ci ildə Omsk şəhərində təşkil etdiyi yarışda yarışıb, 2019-cu ildə isə Ukraynanın Xarkov şəhərində  WCFF üzrə dünya çempionatının da qalibi olub. Ümumiyyətlə, Elçin Hüseynovun müxtəlif idman yarışlarına 40-dan çox diploma, sertifikata və medala layiq görülüb.

...Hər iki məcburi köçkün idmançımıza onların ən böyük arzusu olan doğma torpaq­larla vüsal arzulayırıq.

İsa YUNİSOĞLU

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993