Əsrarəngiz gözəlliklər diyarı Laçın

Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 267 nəfər öldürülüb, 66 nəfər girov götürülüb.

Erməni quldurlar rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə obyektini, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və çoxlu sayda müxtəlif təyinatlı istehsal müəssisəsini, 13 min 745 yaşayış evini talan və məhv ediblər. Dünya əhəmiyyətli 54, yerli əhəmiyyətli 200-dən çox tarixi abidə erməni vandalizminə məruz qalıb. İctimai və şəxsi təsərrüfatlardakı 25 min baş iri və 200 min başdan çox davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı qarət edilib.

Laçın zəngin təbii sərvətləri və əsrarəngiz gözəlliyi olan bir yerdir. 1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi.

Laçın rayonunda yerləşən tarixi, mədəniyyət və memarlıq abidələri, o cümlədən Ağoğlan məbədi (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi (XII əsr), Kar Künbəz türbəsi (XVII), Soltanlar kəndində Həmzə Soltan sarayı (1761-ci il), Quşçu kəndində Pir (XII-XIII əsrlər), Uşaq qalası (XV əsr), Şəlvə kəndində məbəd, Mirik kəndi ərazisində qala (XV əsr), Qaranlıq kaha, Bayqara mağaraları, Zeyvə kəndində Soltanbaba türbəsi, Güləbird kəndində Sultanbud məbədi, Minkənd kəndində Alban kilsəsi, X-XIX əsrlərə aid ikitağlı və birtağlı körpülər, Seyidlər kəndində birtağlı körpü (XIX əsr), Pircahan körpüsü, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, dəmir və tunc dövrünə aid kurqanlar, qəbiristanlıqlar və onlarca digər məbədlər erməni vəhşiliyinin qurbanına çevrilib. Rayondakı tarixi, mədəni və dini abidələrin bir çoxu dağıdılıb. Laçının 74 min nəfərdən çox sakini isə 28 ildir ki, respublikanın 59 şəhər və rayonunda məcburi köçkün həyatı yaşayır.

Rayonunun icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. 13 min nəfərdən çox laçınlı məcburi köçkünün məskunlaşdığı bu ərazidə geniş tikinti-abadlıq işləri aparılıb, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Ötən ilin sonunda Taxtakörpüdə Vağazin, Qarakeçdi və Şeylanlı obalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 645 ailəlik üç qəsəbə istifadəyə verilib.

Bütün bunlara baxmayaraq, laçınlıların ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır.

Əli silah tutan hər bir laçınlı torpaqlarımızın işğalçılardan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa hazırdır.

Hazırladı:

Sevda SÜLEYMANOVA

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993