Koronavirus və... sosial şəbəkə virusları

Bu gün bütün insanlığın, ümumən, planetimizin bütün canlı məxluqatının vətəni olan Yer kürəsi ümumbəşəri bəla ilə üz-üzədir. Dünya insanlığa qənim kəsilmiş, koronovirus adlandırdığımız bir gözəgörünməz varlıqla savaşır.  Mən bu bəlanın hardan gəlməsi, insanlığın canına necə darışması, dünyanı necə vəlvələyə salması ilə bağlı geniş danışmaq fikrində deyiləm. Dünyanın bütün siyasətşünasları da, siyasətçiləri də, din xadimləri də, filosofları da, yazarları da, elm adamları da, xüsusilə loğmanları da bu haqda yetərincə fikirlər səsləndirirlər. Əksəriyyəti biri-birini təkzib edən bu fikirlərin hansının gerçək, hansının fantaziya, hansının da siyasi konyuktura olduğunu heç bir sirri əbədi saxlamayan tarix özü açacaq, ortaya qoyacaq. O zaman bu virusun gerçəkdən təbii yaranmış və cəmiyyətlərin boğazına çökmüş bir bəla, din xadimlərinin iddia etdiyi kimi, yaradanın yolunu azmış bəşəriyyətə göndərdiyi qiyamət nişanəsi, yoxsa hansısa güclü dövlətin digər güclü dövlətə qarşı hazırladığı bioloji silah olduğu ortaya çıxacaq.

Bunu dəqiq bilmək üçün yaşamaq, illəri arxada qoymaq, gerçəklərin üzə çıxmasının şahidi olmaq gərəkdir. Bəli, məhz yaşamaq! Özümüzün və ətrafımızın çoxsaylı problemlərinin həlli  naminə yaşamaq nə qədər gərəklidirsə, bəşəriyyətin bu probleminin həlli və həqiqətlərin ortaya çıxmasının canlı şahidləri olmaq naminə yaşamaq ondan min qat daha gərəkli, daha vacibdir.  Bəs necə edək ki, yaşaya, bu bəşəri bəlanın məngənəsindən qurtula bilək? Məncə, günün ən vacib və qaçılmaz sualı budur.

Baxın, gözlə, hətta adi mikroskopla belə görünməyən bir varlıq dünyanın ən nəhəng güc sahiblərini belə diz çökməyə vadar edib. Bu, istənilən baxış bucağından kainatın insan idrakının anlamağa  gücü yetməyən möcüzəsidir və bu baxımdan, qeyri-adi qüdrətin insanlığa dərs verməsi kimi dini-mifoloji fikrin arxasından boylanan fəlsəfi düşüncəni əsaslı hesab etməyinə dəyər. Ancaq unutmalı deyilik ki, həmin o qeyri-adi qüdrət sahibi hər kəsi əməllərində müstəqil yaratmış və istənilən bəla ilə savaşmağı,  xilas ya da məhv olmağı öz öhdəsinə buraxmışdır. Bu, müqəddəs dini kitablarda, xüsusən, sonuncu ilahi kitab olan Qurani-Kərimdə də əksini tapmışdır. Deməli, bu bəla ilə də savaşmaq, mübarizə aparmaq, ona qalib gəlmək insanların öz öhdəsinə düşən tarixi missiyadır. Belədə bu missiyanı bu günün insanları – milliyyətindən, dinindən, irqindən asılı olmayaraq hər bir şüur sahibi ağılla və qətiyyətlə aparmağa borcludur və tarixin bu günləri bizlərdən, ilk növbədə, bunu tələb edir.  Bütün dünyaya, hətta bəzən ulduz müharibələrindən danışaraq kainata meydan oxuyan ABŞ kimi müqtədir güc sahibi, eləcə də Rusiya, Çin, Böyük Britaniya, Almaniya, Fransa kimi müasir texnologiyanın inkişafından yararlanıb nüvə cəbhəxanası yaradan nəhəng ölkələr də bu gözəgörünməz varlığın qarşısında aciz duruma düşübsə, deməli, burda bütün insanlığın bir yumruq olmasına, insanlığı birlikdə xilas etmək üçün bütün imkanlarını səfərbər etməsinə ehtiyac var. Ədalət naminə deməliyik ki, dünyanın əksər ölkələri, xalqları bu həqiqəti birmənalı qəbul edir və belə birliyin əldə olunmasına çalışır. Xüsusi qeyd etməyi lazım bilirəm ki, dünənə kimi islama qarşı  barışmazlıq nümayiş etdirən, hətta islam peyğəmbərinin karikaturasını çəkib, onu gülüş obyektinə çevirməyə çalışan Avropa ölkələrinin əksəriyyətində məscidlərlə yanaşı kilsələrdə də azan verilməsi Qərbin belə birliyə can atmasından xəbər verən amillərdəndir. Bir sıra dövlətlər bu bəladan da özlərinin çıxarları üçün yararlanmağa can atırlar ki, bu da, əlbəttə, anormal olduğu qədər də təbii qəbul edilməlidir. Bununla belə, hesab etmək olar ki, dünya bu ümumbəşəri bəlaya qarşı vahid cəbhədə birləşməkdədir ki, bunun əksi, hesab edirəm ki, insanlığın sonu demək olar. Beləliklə, dünya insanlığın xilası naminə birləşmək əzmindədir və bəşəriyyətin indiki bəladan xilas yolu da məhz bundadır.

Gələk, indiki dünya xəritəsində çox kiçik olan ölkəmizdəki duruma. Əvvəlcədən deyim ki, virusun yayılmağa başladığı ilk günlərdən Azərbaycan hakimiyyəti onun ciddiliyinin fərqində oldu və ilkin dövrdə həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə ən yaxın qonşuluğumuzda tüğyan edən koronovirus  infeksiyasının  ölkəmizə keçməsinin qarşısına sədd çəkməyə çalışdı.  Lakin pandemiyaya çevrilən bu bəla dünyanın bir parçası olan Azərbaycana da ayaq açdı və cəmiyyətimizdə təşviş yaratmağa başladı. Ölkə rəhbərliyi bütün imkanları ən yüksək səviyyədə bu xəstəliyə qarşı mübarizəyə səfərbər etdi və mümkün olan bütün addımlar mərhələ-mərhələ atılmağa başladı. Bu gün də davam edən dövlət tədbirləri Azərbaycan insanının bu bəladan qurtulmasına hesablanmış, həm də ciddi şəkildə ölçülüb-biçilərək atılan addımlardır ki, mənim düşüncəmə görə, bütün bunlara alternativ nəsə etməli olduğumuzu söyləməyə belə imkan yeri qoyulmadı. Belə bir məqamda, özlərini siyasətçi adlandıran bəzi qüvvələrin, əsasən də, xaricdə oturub məlum qüvvələr tərəfindən bəslənən və ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaq üçün istifadə olunan ünsürlər ampulalarından, bir millimetr də olsa, kənara çıxmadılar və hələ də çıxmırlar.

Onların iyrənc iftiralarını, şər-böhtan dolu yağmurlarını, erməni iyi verən qarayaxmalarını sadalayıb ürəkləri bulandırmaq istəmirəm. Təkcə bir faktı demək kifayətdir ki, dünyanın koronovirusla mübarizə etdiyi bir zamanda, meydanlara yığışmaq imkanından məhrum olan bu zavallılar “onlayn mitinq” keçirmək fikrinə düşdülər. Rəhmətlik Məşədi İbad demişkən, bizlər Tarixi-Nadiri yarısından da artıq oxumuşuq, amma “onlayn mitinq” deyilən bir aksiya formasına heç yerdə rast gəlməmişik. Bu “mitinq” baş tutmayanda, bilmədilər nə etsinlər, başladılar ayrı-ayrı özləri kimi düşüncə baxımından gerizəkalı (yəni ağıldankəm) adamabənzərləri danışdırıb sosial şəbəkələrdə yaymağa. Yayılan o videolardan da danışmağa lüzum görmürəm. Ona görə ki, özləri-özlərini bu videolarla elə rüsvay edirlər ki, istəmirəm sonra desinlər ki, mən onları rüsvay elədim. Xülasə, dediyim odur ki, indiki dünya, hətta bir-birinə düşmən olan, bir-birini yer üzündən silməyə çalışan düşmən ölkələr belə iddialarını bir kənara qoyub ümumi mübarizə cəbhəsində birləşdikləri halda, bizim bu üç-beş sosial şəbəkə virusunun millətə nifrətinin kökündə nə dayanır ki, bu məqamda belə ümummilli birliyimizə xələl gətirməyə can atırlar? Xələl gətirə bilmirlər və bilməzlər də. Ancaq, atalarımızın məlum kəlamında deyildiyi kimi, milçək bir şey deyil, sadəcə, ürək bulandırır. Bunların bu milçəklikdən yaxa qurtarmaları üçün nə etmək lazımdır, görəsən? Məncə, bu məxluqlar da bizim milli viruslarımızdır. Özü də koronovirusu-zadı vecə almayan viruslar! Və zamanı çatıb ki (bəlkə də hələ gecikmişik), milli viruslarımıza qarşı antivirus axtarışına başlayaq...

P.S. Yazını bitirdikdən sonra yeni məlumat aldım. Yenə xaricdən xəbər yayırlar ki, həftə sonu “onlayn mitinq” keçirəcəklər. Əvvəl əsəbləşdim. Amma sonra ağlıma gələn bir fikir məni gülümsəməyə vadar etdi. İndi “onlayn mitinq” eləmək istəyənlər, belə getsə, içlərindəki virusdan yaxa qurtara bilməyəcəklər. O zaman bu gülüş obyektinə çevrilənlər övladlarına “onlayn toy” eləməyə, öldükləri zaman “onlayn dəfn” və “onlayn ehsan” mərasimləri keçirməyə hazır olsunlar. Dəlinə ağıl ver, İlahi!!!  

 

Təhmasib NOVRUZOV

“Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993