Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir

Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən dörd il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" yüksəkliyinə üçrəngli bayrağımız sancılıb. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artıq döyüşçüsü yaralanıb. Azərbaycan Ordusu da şəhidlər verib. Onların hər birinin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.

Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu bir daha sübuta yetirib. Həmin döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrində çaxnaşma yaranıb, işğalçı ordunun rəhbərləri işdən qovulub, daha sonra isə müharibə caniləri – Sarkisyan öz dəstəsi ilə birlikdə hakimiyyəti itirib.

Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993