Prezident İlham Əliyev: “Hər bir vətəndaş məsuliyyətli olmalıdır”

“Hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb”. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında dəmiryolçularla görüşündə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bütövlükdə nəqliyyat sahəsində işlərin yaxşı getdiyini, keçən il də, bu il də yaxşı uğurların olduğunu, həm dəmir yollarının, həm də avtomobil yollarının çəkilişinin ən yüksək səviyyədə aparıldığına əminliyini vurğulayaraq deyib: “İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir. Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görmüşdür. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.

Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaqdır".

Qlobal pandemiyaya çevrilmiş, dünyanın ən inkişaf etmiş ölkələrini də qorxu altında saxlayan koronavirusun yayılmasının qarşısının alınması üçün mübarizə üsullarının axtarışı davam edir. ABŞ Prezidenti Donald Tramp koronavirusun Amerika iqtisadiyyatına vurduğu artan iqtisadi zərərə qarşı yeni mübarizə üsullarını təklif edib.

AZƏRTAC-ın Vaşinqton bürosunun verdiyi məlumata görə, Ağ evin başçısı ABŞ-da koronavirusla mübarizədən danışarkən onu “görünməz düşmən”, virusun yayılmasının qarşısının alınması üçün göstərilən səyləri isə “müharibə” adlandırıb. “Biz tezliklə burada dayanacaq və deyəcəyik: Bəli, biz qalib gəldik” - deyə Tramp bildirib.

Jurnalistlər qarşısında çıxış edən ABŞ Prezidenti və maliyyə naziri Stiven Mnuçin tənəzzülün qaçılmaz olduğunu etiraf ediblər. Onlar koronavirus səbəbindən maliyyə itkisinə məruz qalmış Amerika ailələri üçün vəsait ayrılmasını dəstəklədiklərini bildiriblər. Qarşıdakı iki həftə ərzində minlərlə ailəyə çeklərin göndəriləcəyi qeyd olunub.

Tramp deyib ki, onun administrasiyası da iqtisadiyyatı dəstəkləmək məqsədilə əlavə stimul kimi Konqresdən 850 milyard dollara yaxın vəsait ayırmağı xahiş etməyə hazırlaşır.

ABŞ Senatının bir neçə üzvü Amerika iqtisadiyyatını dəstəkləmək üçün daha böyük məbləğin - 1 trilyon dollar maliyyə yardımının ayrılmasını müzakirə etdiklərini qeyd edib.

Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan hökuməti də iqtisadi məsələləri müzakirə edib. Baş Nazir Əli Əsədovun yanında keçirilən iclasda koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı mənfi mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb.

Hökumətə tapşırılıb ki, bir həftə ərzində ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün dövlət tərəfindən müxtəlif formalarda dəstək verilməsi də daxil olmaqla təkliflər paketi hazırlasın.

Dünya Səhiyyə Təşkilatının yeni növ koronavirusla bağlı (COVID-19) martın 18-nə olan məlumatına görə, 2019-cu ilin dekabrında Çində baş qaldırmış yeni koronavirus artıq 166 ölkəyə yayılıb.  Dünya üzrə koronavirusa 198 543 nəfər yoluxub (326 yeni yoluxma), 7 988 nəfər ölüb, 82 779 nəfər isə sağalıb (1 100 yeni sağalanlar).

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVID-19) bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirir. Trend bu məlumatı ÜST-ün Azərbay­candakı nümayəndəliyinə istinadən yayıb. Məlumatda qeyd edilir ki, ÜST-ün mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəy­yənləşdirmək, COVID-19 təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir.

ÜST-ün Azərbaycandakı Ölkə Ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla hökumətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası kimi önəmli sahələrdə əməkdaşlıq edir.

“İndiki situasiyada hökumətin üzərinə düşən əsas məsələ yaranmış risklərin düzgün idarə olunmasıdır. Hesab edirəm ki, Azərbaycan hökumətinin atdığı ardıcıl addımlar, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar bu baxımdan kifayət qədər effektivdir”. Bunu Milli Məclisin deputatı Ramin Məmmədov koronavirusun qarşısının alınması ilə bağlı görülən tədbirlər barədə danışarkən deyib. O bildirib ki, indiki şəraitdə risklər mümkün qədər düzgün proqnozlaşdırılmalı və qiymətləndirilməlidir.  “Hesab edirəm ki, burda məsuliyyəti yalnız dövlətin üzərinə yükləmək doğru olmazdı. Dövlət və cəmiyyət məsuliyyəti bölüşməlidir. İnsanların davranışından, dövlət qurumlarının qəbul etdiyi qərarlara praktiki münasibətindən çox şey asılıdır. Dövlət qurumları, əlbəttə ki, üzərinə düşən vəzifənin öhdəsindən maksimum gəlməyə çalışır, müvafiq tədbirlər görür,” – deyən deputat bütün vətəndaşları Operativ Qərargahın qərar və tövsiyələrinə maksimum məsuliyyətlə yanaşmağa çağırıb.  Onun qənaətinə görə, başqa ölkələrin təcrübəsi də göstərir ki, vəziyyətdən maksimum az ziyanla çıxmağın ən optimal mexanizmi ictimai həmrəylikdir. “Mən hər kəsi həmrəyliyə, birliyə və vətəndaşlıq borcunu yerinə yetirərək, dövlətimizə dəstək olmağa çağırıram. Əminəm ki, məhz bu birlik və həmrəylik sayəsində bu çətinliyi geridə qoya biləcəyik,” – deyə deputat bildirib.

Milli Məclisin deputatı Elman Nəsirov isə yaşlı insanların virusun təsirinə daha tez məruz qaldığını, buna görə də onlara xüsusi diqqət və qayğı göstərilməli olduğunu qeyd edərək deyib: “Yaşlı insanların koronavirusa müqavimət immuniteti çox zəifdir. Bunu nəzərə alaraq hesab edirəm ki, yaşlı insanların qorunması istiqamətində daha ciddi işlər görmək lazımdır. Yeri gəlmişkən, bu il Azərbaycanda könüllülər ilidir və belə bir ildə yaşlı insanların diqqət və qayğısında könüllülərin üzərinə böyük məsuliyyət düşür. Könüllülər ilində onlara özünü daha yaxşı göstərmək üçün unikal imkanlar yaranıb. Ancaq bütövlükdə, Azərbaycanda koronavirusa qarşı mübarizə prosesi çox səmərəli şəkildə keçirilir. Ötən gün parlamanetdə bu məsələ ilə bağlı iki qanuna - İnzibati Xətalar və Cinayət Məcəlləsinə düzəlişlər edildi".

E.Nəsirov bu günlərdə mətbuatın iş mexanizmi barədə qeyd edib ki, xəbər saytları daha çox oxunma xatirinə başlıqlar verməməlidir: "Koronavirusla bağlı yazılar yazarkən çox ehtiyatlı olsunlar. Elə yazmaq lazımdır ki, insanlarda qorxu və panika yaranmasın. Bu günlərdə biz hamımız bir olmalıyıq".

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993