Bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur

“...Bizim deputatlar bir neçə beynəlxalq təşkilatda təmsil olunurlar. Əlbəttə ki, orada əvvəlki illərdə də fəallıq kifayət qədər yüksək idi. İndiki dövrdə daha da yüksək olmalıdır. Çünki biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində, onların xislətidir. Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət qazandırılır. Ona görə bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalıdırlar”.

Prezident İlham Əliyev bu sözləri altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin martın 10-da keçirilmiş ilk iclasındakı çıxışında deyib.

Hücum diplomatiyası aparmalıyıq

Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı Kürəkçay sülh müqaviləsindən bəhs etdiyini xatırladaraq deyib: “...Ermənistanda indi bu müqaviləni əzbərləyirlər. Orada açıq-aydın göstərilir ki, bu müqaviləni kim bağlayıb, nə vaxt bağlayıb və erməni xalqı haqqında orada ümumiy­yətlə, söhbət belə getmir. Bir tərəfdən Rusiya generalı Sisianov, bir tərəfdən İbrahim xan, özü də rusca yazılmışdır: İbrahim xan “Karabaxski Şuşinski”. Bax, budur real tarix. XX əsrin əvvəllərində Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir, görəsən ki, orada indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir. Mən bunu edirəm. Bir çox müsəlman ölkələrinin liderlərinə bu şəkilləri göstərirəm. Əgər bunu geniş siyasi elita görsə, onda əlbəttə ki, o ölkələrin rəhbərləri üçün Ermənistan rəhbərləri ilə ağız-ağıza öpüşmək ayıb olar. Biz bunu deməliyik, deməliyik ki, təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı bu faşist rejim müharibə elan edib, bizim məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb. Amma biz bu məlumatı kifayət qədər çatdıra bilmirik. Ona görə bu, xüsusi bir istiqamət olmalıdır”.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda bizim fəal olmağın, hücum diplomatiyası aparmağın vacibliyini vurğulayaraq haqq-ədalətin bizim tərəfimizdə olduğunu bir daha xatırladıb.

Dövlətimizin başçısı Xocalı soyqırımını artıq 10-dan çox ölkənin parlamentinin rəsmən tanıdığını qeyd edərək deyib: “Bu proses davam etdirilməlidir və deputatlar bu prosesdə fəal olmalıdırlar. Çünki bu qərarların qəbul edilməsində dövlət qurumları böyük dərəcədə əsas rol oynayırlar. Ona görə parlament fəal olmalıdır. Bu, artıq beynəlxalq münasibətlər çərçivəsində qəbul edilmiş faktdır. Ermənistan tərəfinin çox yersiz, yalançı, cılız cəhdləri Münxen Təhlükəsizlik Konfransında özünü göstərdi və bir daha onları ifşa etdi. Çünki onların bütün tarixi saxtakarlıqdır. Onlar tarixi Azərbaycan torpağında dövlət qurublar, əfsuslar olsun ki, bizim Azərbaycan Xalq Cümhuriyyətinin köməyi ilə. İndi bütün tarixi adlarımızı dəyişdirib bizim tariximizi, abidələrimizi özününküləşdirmək istəyirlər. Ona görə deputatlar daim bu məsələni qaldırmalıdırlar”.

Seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirdi

Prezident İlham Əliyev proqram xarakterli çıxışında bu il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin ölkəmizin həyatında önəmli hadisə olduğunu, ilk növbədə, islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək məqsədi daşıdığını bildirərək deyib: “Hesab edirəm ki, seçki prosesi uğurla keçdi və bu dəfə seçkilərə çox böyük maraq göstərilmişdir. Bunun əyani sübutu odur ki, bu seçkilərdə 1300-dən çox namizəd iştirak etmişdir. Əlbəttə ki, bu namizədlər fəal iş apararaq öz fikirlərini, baxışlarını, ideyalarını seçicilərə azad şəkildə çatdıra bilmişlər. Bütün namizədlər üçün bərabər şərait yaradılmışdır, heç bir ayrı-seçkiliyə yol verilməmişdir. 1300-dən çox namizədin olması, əslində, seçkilərə onlar tərəfindən göstərilən etimadın təzahürüdür. Hesab edirəm ki, bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir”.

Dövlətimizin başçısı beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin seçkilərin həm hazırlıq və kampaniya dövrünü, həm də seçkilər gününü çox müsbət qiymətləndirdiyini, seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi dəyərləndirdiyini, onların bəyanatlarının seçkilərin nəticələrinin real mənzərəsini əks etdirdiyini vurğulayaraq deyib: “Eyni zamanda, Azərbaycanda seçki prosesinə həmişə ikili standartlar prizmasından yanaşan və qeyri-obyektivliklə fərqlənən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və onun təsiri altında olan bəzi qurumlar bu dəfə də hansısa qüsurları qabardıb, onları böyük hadisə kimi təqdim etməyə çalışmışdılar. Heç bir seçki qüsursuz olmur. Bu dəfə də qüsurlar olub və 4 dairənin nəticələrinin ləğv edilməsi onu göstərir ki, bu qüsurların olmaması üçün Azərbaycan özü maraqlıdır. Seçkidən sonrakı proseslər bir daha onu göstərir ki, bizim əsas niyyətimiz ondan ibarət idi ki, Azərbaycan xalqı öz seçki hüququndan azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə, öz fikrini və öz siyasi iradəsini ifadə etsin. Bütövlükdə biz buna nail olmuşuq və seçkilərdən sonra artıq müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb. Bizim üçün əsas məsələ bundan ibarətdir”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Ermənistandakı saxtakarlığa şərik çıxmışdı...

Prezident İlham Əliyev Avropa İttifaqının seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat verdiyini də xatırladıb. Qeyd edib ki, Avropa İttifaqının yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olması, əslində, seçkilərin tanınması deməkdir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyi barədə fikir bildirən dövlətimizin başçısı, bu dəfə, görünür ki, ciddi hadisə baş vermədiyi üçün onların da öz məruzəsini müəyyən dərəcədə balanslaşdırılmış formada təqdim etdiklərini vurğulayaraq deyib: “Halbuki, biz çoxdan bilirik ki, onların məruzələri seçkilərdən əvvəl yazılır və harada yazılır, onu da biz bilirik. Bir də ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun son dövrdəki bəyanatları və bəzi ölkələrdə seçkilərə verilən qiymət bir daha onların nə dərəcədə qeyri-obyektiv, qərəzli olmasını göstərir və nümayiş etdirir ki, bu qurum siyasi sifariş icra edir. Son misal 2018-ci ildə Ermənistanda keçirilmiş parlament seçkiləri idi. Bildiyiniz kimi, bu seçkilər o vaxtkı hakim faşist respublikaçılar partiyası tərəfindən tam saxtalaşdırılmışdı, - mən bu partiyanı faşist adlandırıram, təkcə onların ideologiyasına, onların mahiyyətinə görə yox, eyni zamanda, onların embleminə baxmaq kifayətdir ki, hər kəs görsün, faşist Almaniyasının emblemi ilə onların emblemi fərqlənmir, - və Respublikaçılar partiyasının özünə 50 faizdən çox səs yazdırdığı bu saxtalaşdırılmış seçkilərə ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müsbət rəy vermişdi. Bir sözlə, bu saxtakarlığa şərik çıxmışdır və ondan sonrakı hadisələr hər kəs üçün bəllidir. Ondan sonra bu qanunsuz və korrupsioner rejim devrildi, onları guya Ermənistan parlamentində təmsil edən deputatlar təslim oldu, əllərini qaldırdılar, boyunlarını bükdülər və kənara çəkildilər. Yeni parlament seçkiləri elan edildi və yeni parlament seçkilərində respublikaçıların faşist partiyası heç parlamentə girə bilmədi. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, 2 və ya 3 ay ondan əvvəl saxtalaşdırılmış seçkilərin nəticələri göz qabağındadır və bu nəticələrə, bu saxtakarlığa ATƏT Demokratik Təsisatlar və İnsan haqları Bürosu öz müsbət rəyini vermişdi. Yəni, sadəcə olaraq, bunu misal kimi gətirməklə bir daha demək istəyirəm ki, bu qurumun rəyi bizim üçün tamamilə əhəmiyyətsizdir. Çünki bu rəy yenə də siyasi sifariş əsasında yazılır və bu, elə bil ki, bəzi dövlətlərin aparıcı dairələrinin bir təzyiq üsuludur”.

Çoxpartiyalı parlamentin formalaşması demokratiyanın inkişafında önəmli addımdır

Prezident İlham Əliyev seçkilərin ölkədə aparılan siyasi xəttin xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdiyini, seçkilərdən sonrakı proseslərin müsbət istiqamətdə inkişaf edəcəyini bildirib. Altıncı çağırış Milli Məclisin çoxpartiyalı olmasını çox müsbət əlamət kimi dəyərləndirən dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. Sadəcə olaraq, özünü müxalifət adlandıran marginal qruplaşma seçkiləri sanki boykot etmişdir. Bu da gülməlidir. Çünki Azərbaycan xalqı bu rüsvayçı qurumu çoxdan boykot edib və 27 ildir ki, onlar tarixin zibilxanasındadırlar. Belə olan halda boykot elan etmək həm gülməlidir, həm də təəccüblüdür”.

Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlamentin formalaşmasını demokratiyanın inkişafında önəmli addım kimi dəyərləndirən Prezident İlham Əliyev yerlərin əksəriyyətini Yeni Azərbaycan Partiyasının qazanmasına da münasibət bildirib. “Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var,” – deyən dövlətimizin başçısı Yeni Azərbaycan Partiyasının ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atdığını qeyd edib.

Prezident İlham Əliyev çıxışında genişmiqyaslı islahatlar dövründə siyasi islahatların aparılmasının zəruriliyini diqqətə çatdırıb. Prezident Administrasiyasının nümayəndələrinin son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirdiyini və ilkin rəy müsbət olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qrup­laşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq”.

Azərbaycanın yeni siyasi konfiqurasiyasının formalaşdığını, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacağını, çoxpartiyalı sistemin daha möhkəm əsaslar üzərində qurulacağını qeyd edən Prezident İlham Əliyev deyib: “Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır”.

Həm seçkilərin və ondan sonra keçən dövrün, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımların mövcud siyasətin yeni mərhələsini, islahatçılıq xəttini əks etdirdiyini vurğulayan ölkə rəhbəri islahatların yeni mərhələsinin 2018-ci ilin prezident seçkilərindən sonra başlandığını vurğulayaraq deyib: “Bu islahatları mən andiçmə mərasimində, bax, bu salonda bəyan etmişdim. Biz onları ardıcıl olaraq icra edirik və bu, həyatda öz əksini tapır. Bir də onu göstərir ki, həmişə olduğu kimi, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.

Əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır

Dövlətimizin başçısı islahatların həm konseptual, həm də struktur xarakteri daşıdığını, kadr islahatları aparıldığını qeyd edib. “Son müddət ərzində Prezident Administrasiyası demək olar ki, tam yeni tərkibdə formalaşmışdır və yeni şöbələr yaradılmışdır. Bu şöbələrin yaradılması, eyni zamanda, dediyim sözləri bir daha təsdiqləyir, bizim niy­yətimizi təsdiqləyir. Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə kadr islahatları aparılmışdır, yerli icra orqanlarında bu islahatlar aparılır və aparılacaq. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın,” – deyən Prezident İlham Əliyev islahatların dərinləşməsinin parlamentdən yan keçməsinin mümkünsüzlüyünü diqqətə çatdırıb.

Yeni tərkibdə formalaşmış Milli Məclisin islahatlara yeni təkan verəcəyinə inamını ifadə edən dövlətimizin başçısı deputatlar qarşısında ələlxüsus qanunvericilik sahəsində böyük vəzifələr durduğunu bildirib və bu sahədə kəmiyyətə deyil, daha çox keyfiyyətə fikir verilməsini tövsiyə edib. Mövcud qanunların təkmilləşdirilməsinə baxmağın, onları təftiş etməyin vacibliyini vurğulayan Prezident İlham Əliyev qanunların icra vəziyyətinin öyrənilməsi üçün icra strukturlarına göstəriş verdiyini diqqətə çatdıraraq deyib: “Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir”.

Dövlətimizin başçısı mövcud qanunvericilik bazasını təftiş etməyin, əgər lazım olarsa, onları qarşımızda duran mövcud hədəflərlə uzlaşdırmağın vacibliyini qeyd edib. “Çünki həyat yerində durmur, yeni çağırışlar, yeni prob­lemlər üzə çıxır. Gözlənilmədən elə hadisələr baş verir ki, bütün dünya çaş-baş qalır. Ona görə bu qanunlar doğma deyil, onlara, əlbəttə ki, baxmaq lazımdır. Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir,” – deyən Prezident İlham Əliyev siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüslərinin göstərilməli, iqtisadi islahatların dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməli olduğunu, milli ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazasının daha da genişləndirilməsinin vacibliyini bildirib.

“Mən bütün siyasi qüvvələri çox ciddi xəbərdar etmək istəyirəm...”

Prezident İlham Əliyev gənclər siyasəti ilə bağlı fikilərini bildirərkən ölkəmizdə əhalinin mütləq əksəriyyətinin gənclər, demoqrafik mənzərənin çox müsbət olduğunu qeyd edib. “Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, - misal üçün, könüllülər hərəkatı çərçivəsində, - vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində, əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər, xüsusilə indiki internet dövründəki, istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur. Bu da bizə qarşı aparılan qeyri-təmiz siyasətin bir hissəsidir,” – deyən dövlətimizin başçısı ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amilin mövcud olmadığını, lakin anti-Azərbaycan qüvvələrin ölkəmizin xaricində bu amilləri yaratmaq istədiklərini diqqətə çatdırıb. Qeyd edib ki, həmin qüvvələrin özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qrup­laşmadan artıq əlləri üzülüb və onlara heç inam da qalmayıb. Buna görə də yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Dövlətimizin başçısı deyib: “Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək – bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın”.

Azərbaycan iqtidarının son illər ərzində müxtəlif təzyiqlərlə, müxtəlif kampaniyalarla üzləşdiyini, ancaq öz yolundan dönmədiyini qeyd edən Prezident İlham Əliyev ölkəmizin, xalqımızın əmin-amanlığının, təhlükəsizliyinin, sabitliyinin, xalqımızın rifahının, müstəqil siyasətimizin hər şeydən üstün olduğunu bildirib. “Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik, bəzi təşkilatların üzvüyük, o təşkilatlara könüllü şəkildə daxil olmuşuq, könüllü şəkildə də çıxa bilərik - əgər nə vaxtsa bu təşkilatlarda bizi nəsə qane etməsə, yaxud da bizə qarşı olan qərəzli münasibət o həddə çatsın ki, artıq bizim hövsələmiz tükənsin. Ona görə hesab edirəm ki, bütün siyasi qurumların nümayəndələri bu sahədə də çox diqqətli olmalıdırlar,” – deyə dövlətimizin başçısı tövsiyə edib.

Gənc nəslin vətənpərvər, Vətənə bağlı, milli köklərə bağlı olduğunu vurğulayan Prezident İlham Əliyev gənclərin milli ruhda tərbiyə almasının vacibliyini bir daha xatırladıb. Eyni zamanda, gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlərin həyata keçirilməli olduğunu, Milli Məclisin və onun müvafiq komitələrinin bu işlə məş­ğul olub konkret təkliflər irəli sürəcəklərinə ümid bəslədiyini bildirib.

Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır

Ölkə rəhbəri deputatlara seçildikləri dairələrdə fəal, seçicilərlə daim təmasda olmağı tövsiyə edib. Əvvəlki dövrlərdə bəzi deputatların seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşdıqlarını, heç öz dairələrinə baş çəkmədiklərini, problemlərlə maraqlanmadıqlarını, öz şəxsi problemlərini ortaya qoyduqlarını xatırladan Prezident İlham Əliyev buna son qoyulmasını tələb edərək deyib: “Əvvəllər belə hallar kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır. Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər. Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız. Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız. Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət göstərəcək”.

“Nə üçün Türkiyə, bizim qardaş ölkəmiz 4 milyon qaçqını qəbul etməlidir...”

Beynəlxalq fəaliyyətlə bağlı fikirlərini bildirərkən Prezident İlham Əliyev bütövlükdə beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətin daha məqsədyönlü olmasının vacibliyini qeyd edib. “Orada bizi təmsil edən deputatlar fəal olmalıdırlar, turist kimi getməməlidirlər, sonra hesabat verməlidirlər ki, nə iş görmüsən, kiminlə görüşmüsən, hansı məsələni qaldırmısan,” – deyən dövlətimizin başçısı bəzi hallarda bunun turist səfərlərini xatırlatdığını və bəzi səfərlərin, ümumiyyətlə, qəbuledilməz olduğunu diqqətə çatdırıb. Beynəlxalq fəaliyyətin səmərəliliyini artırmağın vacibliyini qeyd edən ölkə rəhbəri deyib: “O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni, onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Hansısa məsələni kəskinləşdirmək istəmirəm bəhanəsi ilə kənara çəkilmək yox, əksinə, öz sözünü demək lazımdır. Qərəzli yanaşmanı ifşa etmək lazımdır. Necə ki, mən daim bunu edirəm və kifayət qədər faktlar var. Bunu demək üçün siyasətçi olmaq lazım deyil. Adi vətəndaş bunu görür televiziyada. Baxın, bizə demokratiyadan dərs vermək istəyənlər hansı cinayətlər törədirlər. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər. Jurnalistləri əsassız ittihamlarla həbs edirlər, çürüdürlər onları. Göz qabağındadır, dinc nümayişçiləri itlərlə, atlarla dağıdırlar. Bir ölkədə yox, iki ölkədə yox, demək olar ki, bu, indi bizi tənqid etmək istəyən məkanda kütləvi hal alıbdır. Müsəlman miqrantlara qarşı baxın, necə münasibət göstərilir. Onları XXI əsrdə itlərlə əzirlər, qəfəsə salırlar. Sonra isə qəfəsə yemək parçaları atırlar, heyvan kimi. Budurmu münasibət?!

İndi də bütün vasitələrdən istifadə edib onları əzmək fikrindədirlər. Bəs o miqrantlar haradan yarandı? Nə üçün onlar yarandı? Nəyə görə öz ölkələrini tərk etdilər? Kim onların ölkələrinə basqın etdi? Kim o ölkələri məhv etdi? Kim sabitliyi pozdu? Kim milyonlarla qaçqının yaranmasına səbəbkar oldu? Ona görə kim bunu edibsə, qoy, onun acısını da çəksin. Nə üçün Türkiyə, bizim qardaş ölkəmiz 4 milyon qaçqını qəbul etməlidir, yedirməlidir, içirməlidir, milyardlarla pul xərcləməlidir? Bunları Türkiyəmi didərgin salıb? Yox. Onları didərgin salanlar gəlib onlara sahib çıxsınlar”.

Bütün bunları deməyin vacibliyini qeyd edən Prezident İlham Əliyev özünün bunu heç kimdən çəkinmədən açıq dediyini bildirib: “Çünki mən haqlıyam və həqiqətə qarşı heç kim heç nə deyə bilməz. Əlbəttə, bax, görərsiniz, bu sözlərdən bir neçə gündən sonra yenə çirkin məqalələr çıxacaq, yenə hansısa bir qondarma təşkilat nəsə bəyanat verəcək ki, Azərbaycanda o, pisdir, bu, pisdir. Eybi yoxdur, qoy desinlər. Amma biz bu həqiqətləri deməsək, sabah bu, bizim başımızda sınacaq. Ona görə bunu deməliyik və siz də deməlisiniz. Mən bütün deputatlara deyirəm, heç bir sövdələşməyə getmək olmaz. Beynəlxalq təşkilatlarla işləmək lazımdır, biz də işləyirik, ancaq bizim maraqlarımız var və kifayət qədər arqumentlərimiz var. Ona görə mən sizi bu mübarizəyə çağırıram - həm Avropa Şurasında, həm ATƏT Parlament Assambleyasında, həm də bütün başqa təşkilatlarda. Beləliklə, hesab edirəm ki, bu istiqamətdə atılacaq addımlar bizim ölkəmizin mövqeyini daha da gücləndirəcək”.

Dövlətimizin başçısı parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolunun artmasının, hökumət üzvləri ilə parlament arasında daim ünsiyyətin vacibliyini qeyd edərək deyib: “…Onlara suallar verilməlidir, onlar gördükləri işlər haqqında məruzə etməlidirlər, çıxış etməlidirlər və bunu da biz sistemə salmalıyıq. Çünki bu, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq, - mən istəyirəm ki, Azərbaycanda parlamentin rolu və təsir imkanları artsın, - həm də ümumi işimizə müsbət təsir göstərəcək. Çünki məsuliyyət ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu, yoxdur, heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik. Ona görə bu da bir nəzarət mexanizmi olmalıdır”.

Dövlətimizin başçısı vətəndaşlara da ictimai nəzarət haqqında daim müraciət etdiyini xatırladıb, lakin bu prosesin yavaş getdiyini bildirib. “Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı. Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim təmas olmalıdır,” – deyən ölkə rəhbəri Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradıldığını da xatırladıb.

Prezident İlham Əliyev iqtisadi islahatların gedişi barədə ətraflı danışıb, hətta indi koronavirusla bağlı dünyada gedən ajiotajın istər-istəməz ölkəmizə də təsir etdiyini qeyd edərək deyib: “Ancaq hesab edirəm ki, biz bütün səyləri ortaya qoyub bu vəziyyətdən də şərəflə çıxacağıq. Halbuki indi bir çox ölkələr bundan ciddi əziyyət çəkir. Azərbaycanda isə operativ qərargah yaradıldı və bu gün səhər mənə verilən məlumata görə, artıq xəstələnmiş vətəndaşların sağalması prosesi də uğurla gedir. Karantində olanlar da artıq karantin müddətini başa çatdırırlar və evlərə buraxılırlar. Yəni, vəziyyətə tam nəzarət edilir. Sərhədlərdə də vəziyyət nəzarət altındadır və yük maşınlarının Azərbaycan ərazisindən keçməsi üçün polis müşayiəti ilə xüsusi kolonlar formalaşdırılır. Yolda sürücülərə yemək verilir ki, onlar maşınlarından tez-tez çıxmasınlar. Yəni, bütün lazımi tədbirlər görülür”.

Parlamentin sosial sahə ilə bağlı məsələlərdə daha fəal olmasının vacibliyindən danışarkən Prezident İlham Əliyev bu sahənin, həmişəki tək, prioritetliyini diqqətə çatdırıb, keçən il önəmli addımlar atıldığını və bu il də davam etdiriləcəyini vurğulayıb. “Xüsusilə aztəminatlı ailələrin dövlət tərəfindən dəstəklənməsi işinə əlavə vəsait nəzərdə tutulur. Ünvanlı sosial yardımla əhatə olunan ailələrin sayı artmalıdır, mənim göstərişimlə orada müvafiq metodologiyada düzəlişlər edilir. Çünki əvvəlki metodologiya həqiqəti əks etdirmirdi və hər ailəyə verilən məbləğ də artmaqdadır. Məcburi köçkünlərə bu il 7 min mənzil veriləcək, bu, rekord göstəricidir. Şəhid ailələrinə 1500 mənzil veriləcək, bu da rekord göstəricidir. Keçən il 934 mənzil verilmişdi,” – deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır

Parlament seçkilərinin bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ olmadığını bir daha göstərdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Bunun da çox sadə səbəbləri var. Son illər ərzində ölkəmizdə müşahidə olunan inkişaf, əlbəttə ki, insanları inandırır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Artıq 27 ilə yaxındır ki, biz sabitlik şəraitində yaşayırıq, görün, bizim ətrafımızda hansı proseslər baş vermişdir - müharibələr, qaçqınların axını, çevrilişlər, vətəndaş qarşıdurması, böhranlar. Ölkələr parçalandı, demək olar ki, bəzi ölkələrin coğrafi sərhədləri real vəziyyəti əks etdirmir, yəni, bu ölkələr, sadəcə olaraq, xəritələrdə öz suverenliyini və ərazi bütövlüyünü saxlayırlar. Əslində, çoxdan itiriblər, çoxdan bölünüblər tayfalara, təriqətlərə, müxtəlif bölgələrə. Bizim qonşuluğumuzda nə qədər acınacaqlı proseslər, inqilablar gedib. Hansı inqilab kimə xeyir gətirib? Ancaq ziyan, ancaq problemlər, ancaq qarşıdurma və bu qarşıdurmalar davam edir. İndi postsovet məkanına və Azərbaycanın vəziyyətinə baxın. Mən indi müqayisə edə bilmərəm, amma siz edə bilərsiniz. Deputatlar Prezidentin deyə bilmədiyi sözü deməlidir və əminəm ki, belə də olacaq”.

Prezident İlham Əliyev çıxışını yekunlaşdırarkən qeyd edib ki, bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. “Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik,” – deyən dövlətimizin başçısı Azərbaycan parlamentinin bu işdə fəal olacağına əminliyini ifadə edib, Milli Məclisin üzvlərinə uğurlar arzulayıb.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993