Məcburi köçkün və qaçqın qadınların sahibkarlıq fəaliyyəti...

ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtondakı mənzil-qərargahında müzakirə olunub

Vaşinqtonda Müsəlman Amerika Liderlik Alyansının (MALA) təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatası, ölkəmizin ABŞ-dakı Səfirliyinin dəstəyi ilə Palatanın mənzil-qərargahında “Sosial sahibkarlıq fəaliyyəti vasitəsilə gender boşluğunun aradan qaldırılması: irəliləyiş və çağırışlar” mövzusunda panel müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, panel müzakirəsi məcburi köçkün və qaçqın qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məzmununu əhatə edib. ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov və Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Vü-qar Qurbanov Azərbaycan dövlətinin bu məsələyə xüsusi diqqət yetirdiyini və müvafiq tədbirlərin dəstəkləndiyini vurğulayıblar. Bundan əlavə, ölkəmizdə qadınlara seçki hüququnun ABŞ-dan öncə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası dövründə verildiyi, bu gün də gender bərabərliyini təmin etmək üçün işlərin aparıldığı və bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu xüsusi vurğulanıb.

Daha sonra panel müzakirəsinin moderatoru, Müsəlman Amerika Liderlik Alyansının (MALA) icraçı direktoru Zeynəb Xan mövzu haqqında məlumat verərək panel müzakirəsinin iştirakçılarını auditoriyaya təqdim edib. Müzakirələr “Məcburi köçkün və qaçqın qadınların sahibkarlıq fəaliyyəti ilə bağlı dövlət siyasəti və layihələr”, “Şəxsi təcrübə, bu qadınların sahibkarlığa cəlb olunması ilə bağlı təhsilin rolu” və “Azərbaycanda qadınların sahibkarlıqda rolunun təhlili” istiqamətlərini əhatə edib.

Ölkəmizin ABŞ-dakı Səfirliyinin əməkdaşı Şəlalə Vəliyeva çıxış edərək məcburi köçkün və qaçqın qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ideyası barədə məlumat verib. O, qadınların iqtisadi gücü və potensialının inkişaf etdirilməsinin vacib səbəblərini qeyd edib.

Daha sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayondan olan məcburi köçkünlərlə əlaqədar aparılan siyasətdə mühüm irəliləyişlərin əldə olunduğunu və bu istiqamətdə işlərin davam etdirildiyini bildirib. Bu xüsusda, Azərbaycan hökumətinin Dünya Bankı ilə bu sahədə əməkdaşlıq layihəsi, dövlət tərəfindən aparılan layihələr, o cümlədən Azərbaycanda bölgələr üzrə ABŞ-ın Azərbaycandakı səfirliyi və digər beynəlxalq təşkilatlar tərəfindən aparılan layihələr, onların müsbət təsir və faydaları barəsində məlumat verərək bu kimi layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyəti haqqında danışıb. Eyni zamanda, ötən il ABŞ-da qadınların iqtisadi inkişafının gücləndirilməsi istiqamətində qadınların qlobal inkişaf və rifah təşəbbüsünün başlanılması bu layihə çərçivəsində təcrübədən faydalanmağın əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, Azərbaycanda qadınların sahibkarlığa cəlb olunmasına misal olaraq, “Azərxalça” ASC məcburi köçkünlərin yerləşdiyi ərazilərdə xalça müəssisələrinin yaradılmasından danışılıb. Səfirliyin əməkdaşı Fidan Muradzadə daha ətraflı məlumat verərək bu layihənin məcburi köçkün qadınların bu sahədə fəal iştirakı, xalçaçılıq məktəblərinin açılması və Azərbaycan mədəniyyətinin inkişafına təsiri barədə məlumat verib. İştirakçılar ABŞ-Azərbaycan Ticarət Palatasında məcburi köçkün qadınların əməyi ilə toxunulan xalça sərgisi ilə yaxından maraqlanıb və çoxsaylı suallar ünvanlayıb.

MALA təşkilatını həmtəsisçisi Əhməd Fleks Ömər üç bacısı ilə qaçqın kimi ABŞ-a köçdüyü zaman onların təhsil və iş ilə bağlı üzləşdiyi çətinliklər və çıxış yolları ilə bağlı təcrübəsini paylaşıb. O, qadınların cəmiyyətə inteqrasiyası və iqtisadi gücünün artırılması üçün praktiki tədbirlərin əhəmiyyətli olduğunu bildirib.

Corc Vaşinqton Universitetinin təhsil üzrə elmlər namizədi Sevinc Məmmədova qadınların sahibkarlıq sahəsində sayının artırılmasında təhsilin vacib rolu haqqında danışıb. Ümumi olaraq Azərbaycanda məcburi köçkünlər üçün təhsil sahəsində verilən üstünlüklər və növbəti addımlar üçün təkliflərlə çıxış edib.

Corc Vaşinqton Universitetinin insan resurslarının inkişafı üzrə elmlər namizədi Çilənəy Səfərli Azərbaycan məcburi köçkün qadınların sahibkarlıq fəaliyyətinin artırılması barədə statistik təhlil təqdim edərək bu mövzu üzrə dünya təcrübəsini və mövcud tədqiqatın qısa xülasəsini paylaşıb, bu nəticələrin Azərbaycan kontekstində necə tətbiq olunması ilə bağlı müzakirələr aparıb.

Qeyd edək ki, tədbirdə müxtəlif təşkilat və şirkətlərin nümayəndələri iştirak edib. Sonda mövzu ilə bağlı panel iştirakçılarına çoxsaylı suallar ünvanlanıb.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993