Parlamentdə rəhbər vəzifələrə seçkilər olub

Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, yeni parlamentin martın 10-da keçirilmiş birinci iclasında Milli Məclisin Sədri, Sədr müavinləri seçilib, intizam komissiyası yaradılıb, hesablayıcı komissiya, Milli Məclis komitələrinin sədrləri və sədr müavinləri seçiliblər.

Milli Məclisin Sədri vəzifəsinə Yeni Azərbaycan Partiyasının namizədini deputat Eldar İbrahimov təqdim edib. O, böyük rəqabət mübarizəsi ilə müşayiət olunan, seçicilərin öz iradələrini sərbəst sürətdə ifadə etmələri şəraitində keçirilmiş seçkilərdə Yeni Azərbaycan Partiyasının 70 deputat mandatı qazanaraq Milli Məclisdə çoxluğa sahib olduğunu bildirərək, bunu Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin qətiyyətlə dəstəklənməsinin bariz ifadəsi, islahatlar konsepsiyasının qanunverici hakimiyyət sahəsində təntənəsi kimi dəyərləndirib.

E.İbrahimov Yeni Azərbaycan Partiyasının deputat qrupunun parlamentdə çoxluq hüququndan istifadə edərək və partiya sədrinin tövsiyəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsinə deputat Sahibə xanım Qafarovanın namizədliyini irəli sürüb. O, qeyd edib ki, Sahibə xanım Qafarova qanunvericilik fəaliyyəti sahəsində böyük təcrübəyə malikdir. 2010-cu ildən Yeni Azərbaycan Partiyasını Milli Məclisdə layiqincə təmsil edir. Beynəlxalq təşkilatlarda və görüşlərdə fəal iştirakı, Azərbaycanı bacarıqla təmsil etməsi, ölkəmizin mövqelərini qətiyyətlə müdafiə edə bilməsi ilə daim fərqlənmiş, seçicilərin dərin rəğbətini qazana bilmişdir. O, cəmiyyətdə xüsusi hörmət sahibidir. İnanırıq ki, malik olduğu şəxsi keyfiyyəti və təcrübəsi sayəsində Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsinin öhdəsindən layiqincə gələ biləcək.

Gizli səsvermə nəticəsində 116 səs lehinə olmaq­la, deputat Sahibə Əli qızı Qafarova Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilib.

Milli Məclisin Sədri Sahibə Qafarova iclasda çıxış edib.

Sonra Milli Məclis Sədrinin müavinləri seçilib. Deputat Əli Hüseynli Milli Məclis Sədrinin birinci müavini, deputatlar Adil Əliyev və Fəzail İbrahimli Sədrin müavinləri seçiliblər.

Milli Məclisin Sədri Sahibə Qafarova İntizam Komissiyasının və Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin adlarını elan edib. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən namizədlər bütövlükdə səsə qoyularaq təsdiq ediliblər.

Daha sonra parlament komitələrinin sədrləri seçiliblər. Deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Siyavuş Novruzov Regio­nal məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Adil Əliyev Gənclər və idman komitəsinin sədrləri təsdiq ediliblər.

İclasda komitə sədrlərinin müavinləri də təsdiq olunublar.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993