Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində elektrik enerjisi və təbii qaz təchizatının yaxşılaşdırılmasına dair birgə layihə icra ediləcək

Prezidenti İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq, regionların elektrik enerjisi və təbii qaz təchizatının daha da yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Yeni elektrik və qaz xətləri çəkilir, paylaşdırıcı şəbəkələr gücləndirilir və genişləndirilir.

Dövlət başçısının sosial siyasətinin prioritetlərindən biri də cəbhəyanı ərazilərdə kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bununla əlaqədar olaraq, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) və “Azəriqaz” İstehsalat Birliyi (İB) Ağdam rayonu ərazisində elektrik enerjisi və qaz təchizatı şəbəkələrinin təkmilləşdirilməsi və yenidən qurulması üzrə birgə layihənin icrasına başlayıblar.

Layihənin işlənməsi üçün hər iki qurumun birgə apardığı monitorinqlər nəticəsində rayonun yaşayış məntəqələrində mövcud problemlərin həllini nəzərdə tutan tədbirlər planı hazırlanıb. İlkin mərhələdə Quzanlı qəsəbəsi yaxınlığında və Soltanbud meşə massivi boyunca yerləşən 230 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış məntəqələrində paylayıcı elektrik şəbəkəsi tamamilə yenidən qurulacaq, o cümlədən açıq naqillər kabel xətləri ilə əvəzlənəcək, yeni güc mərkəzləri yaradılacaq. Yaşayış ərazisinin təbii qazla təmin olunması üçün daşıyıcı və paylayıcı boru xətlərinin çəkilməsi, müasir qaz tənzimləyici şkafların quraşdırılması, hər bir fərdi yaşayış evinin mətbəxindəki qaz işlədici cihaza qədər olan daxili qaz xətlərinin çəkilməsi, eləcə də məişət qaz sayğacının və fərdi qaz tənzimləyicinin quraşdırılması nəzərdə tutulub. Görüləcək işlər əhalinin kommunal xidmətlərə tələbatının daha keyfiyyətli və dayanıqlı şəkildə ödənilməsinə, eləcə də enerji itkisinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verəcək.

“Azərişıq” ASC və “Azəriqaz” İB tərəfindən nəzərdə tutulan tədbirlərin icrası üçün ayrılmış avadanlıq və materiallar martın 10-da Ağdam rayonuna gətirilib. Layihə üzrə işlərin icrasına başlanması münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, yerli icra strukturlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının tərkib hissəsi kimi cəbhəyanı ərazilərdə kommunal xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər təmas xəttinin yaxınlığında məskunlaşmış əhaliyə, o cümlədən məcburi köçkünlərə ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğının təzahürüdür. Layihənin icrasına başlanmasını sevinc hissi ilə qarşılayan sakinlər Novruz bayramı ərəfəsində onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirlər planı hazırlanarkən yerli əhali və məcburi köçkünlərlə bir neçə dəfə söhbət aparılıb, mövcud problemlər birgə müzakirə olunub, irəli sürülən təkliflər layihələrin işlənilməsi zamanı nəzərə alınıb. Hər iki qurumun rəsmiləri bu barədə məlumat verərkən təmas xəttində yerləşən yaşayış məntəqələrində kommunal xidmətlərin təkmilləşdirilməsi istiqamətində işlərin daim diqqətdə saxlanılacağını da qeyd ediblər.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov jurnalistlərə mü-sahibəsində bildirib ki, məcburi köçkünlərin sonradan məskunlaşdıqları Quzanlı qəsəbəsi və Ayaq Qərvənd kəndləri ərazisindəki məntəqələrdə elektrik xətləri kortəbii şəkildə çəkilib, qazlaşma isə aparılmayıb. Artıq məcburi köçkünlərin elektrik enerjisi və təbii qazla bağlı bu cür problemlərinin həlli üçün layihənin icrasına başlanılıb. Məcburi köçkünlər cəbhəyanı ərazilərdə elektrik enerjisi və təbii qaz təchizatının yaxşılaşdırılmasına dair layihəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qeyd edib ki, Ağdam rayonu ərazisində 230 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış məntəqələrində elektrik enerjisinin dayanıqlığının və keyfiyyətinin yaxşılaşdırılması layihəsinin icrası üçün artıq avadanlıqlar, yeni transformator məntəqəsi, 200-ə yaxın dayaq, elektrik verilişi xətləri gətirilib. Məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə paylayıcı elektrik şəbəkəsi tamamilə yenidən qurulacaq. Layihəyə ilkin olaraq Ağdam rayonundan başlanılıb. Layihə gələcəkdə digər cəbhəyanı rayonları da əhatə edəcək.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov "Azərişıq” ASC və “Azəriqaz” İB-nin cəbhə bölgəsində birgə layihənin icrasına başlamalarını mühüm amil kimi dəyərləndirib: "İki qurumun birgə fəaliyyəti cəbhə bölgəsində yaşayan insanlara dövlət qayğısının, dövlətin sosial siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Cəbhə bölgəsinin sakinləri layihədən məmnun qalacaqlar. Bu məmnunluq həm də hər iki qurumun abonent məmnuniyyətinə gətirib çıxaracaq. “Azərişıq” ASC ilə işbirliyimiz davamlı olacaq".

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993