Brüsseldə keçirilən iclasda “Böyük qayıdış” proqramı haqqında məlumat verilib

Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı (Aİ) – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitənin 8-ci iclası keçirilib.

İclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini Hüquq sektorunun müdiri Ziya Məmmədov təmsil edib. O, “Miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi” mövzusunda keçirilən müzakirələrdə daxili yerdəyişmə məsələləri barədə çıxış edib. Azərbaycan hökumətinin məcburi köçkünlərlə bağlı problemləri iki istiqamətdə həll etdiyini diqqətə çatdıran Z.Məmmədov qeyd edib ki, ilk növbədə, bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş tədbirlər həyata keçirilir. İkinci istiqamət isə məcburi köçkünlərin geri qaytarılmasına hazırlıq aparılması və ərazilər işğaldan azad edildikdən sonra planlı şəkildə qayıdışın təmin olunmasıdır.  Z.Məmmədov bununla əlaqədar olaraq beynəlxalq təcrübəyə, habelə dövlət orqanlarından və beynəlxalq təşkilatlardan alınan təkliflərə əsaslanaraq, könüllü qayıdış prinsipi əsasında hazırlanmış "Böyük Qayıdış" proqramı haqqında məlumat verib.

Qeyd olunub ki, bu sahədə də iki nümunə var: Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi və əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsi. “Əminik ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qayıdış proqramı tam icra olunacaq və məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə oz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edəcəklər”, - deyə Z.Məmmədov bildirib. Cocuq Mərcanlı kəndinin münaqişəsonrası reabilitasiya və regionda davamlı sülhün təmin edilməsinin unikal modeli olduğu vurğulanıb.

İclas iştirakçıları “Böyük Qayıdış” proqramını yüksək qiymətləndiriblər.

İclas insan hüquqları və demok­ratiya, ədliyyə, azadlıq və təhlükəsizlik adlı iki hissədən ibarət olub. İclasda insan hüquqları siyasətinin inkişafı, sərbəst toplaşmaq və birləşmək azadlığı, vətəndaş cəmiy­yətinin fəaliyyəti, din və etiqad azadlığı, sosial və mədəni hüquqlar, gender bərabərliyi və qadın hüquq­larının müdafiəsi, uşaq hüquqları, ifadə, mətbuat, media və məlumat azadlığı, insan hüquqları üzrə milli təsisatlar, qanunun aliliyi, məhkəmə sistemi və məhkəmə əməkdaşlığı, miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi, mütəşəkkil cinayətkarlığın və digər qanunazidd əməllərin qarşısının alınması və onlara qarşı mübarizə məsələləri müzakirə edilib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993