Koronavirus: təhlükələr, tədbirlər, tövsiyələr

Yeni koronavirusun dünyada yayılması pandemiya xarakteri alıb.

Bunu Cenevrədə keçirilən brifinqdə Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib. O deyib: “Yaxın günlərdə və həftələrdə yoluxma və ölüm hallarının baş verdiyi ölkələrin sayının artacağını gözləyirik. Biz belə qənaətə gəlmişik ki, COVID-19 pandemiya kimi xarakterizə edilə bilər”.

Qeyd edək ki, martın 11-nə olan məlumata görə, dünyanın 114 ölkəsində 122 mindən çox insan yeni koronavirusa yoluxub. Onların əksəriyyəti sağalsa da, indiyədək 4,4 minə yaxın insan həyatını itirib.

Yeni koronavirus ilk dəfə dekabr ayında Çinin Uxan şəhərində qeydə alınıb. Avropada isə virus ən çox İtaliyada yayılıb. Fransa və Almaniyada da koronavirusun yayılması ilə bağlı vəziyyət mürəkkəbləşib.

***

Azərbaycan Respublikasının iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabinetinin yanında operativ qərargaha istinadən martın 11-də yayılan məlumatda belə bldirilir. Məlumata görə, İran İslam Respublikasında müalicə olunduqdan sonra Azərbaycana qayıdan 1969-cu il təvəllüdlü qadının səhhətində problemlər yarandığından xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının olduğu müəyyən edilib. Eyni zamanda, müayinələr zamanı həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb. Hazırda xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş xəstənin səhhəti orta ağır qiymətləndirilir, onun müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.

İtaliyadan qayıdan 1997-ci il təvəllüdlü tələbədə isə yüksək bədən hərarəti müşahidə olunub, müayinə zamanı onun koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, həmin şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyəti sabitdir.

Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti sabit ağırdır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir.

Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir, onların səhhətləri hazırda sabit normaldır.

***

“Vətən səsi”nin əməkdaşı Bakı Şəhər Dezinfeksiya Mərkəzində olub, Səhiyyə Nazirliyinin Mərkəz üzrə mətbuat katibi Kəmalə Cəfərova ilə söhbətləşib. Kəmalə xanım bildirib ki, koronavirusla bağlı Mərkəz lazımi tədbirləri görür. Belə ki, Bakı şəhərində olan bütün ali, orta məktəblərdə, həmçinin bağçalar, litseylər, yataqxanalar, o cümlədən məcburi köçkün məktəbləri, yataqxanaları və onların kompakt yaşadığı digər yaşayış sahələri dezin­feksiya olunubdur. Buraya avtobus, metro, qatar, gəmi, hava limanını da əlavə etsək, görərik ki, Bakı şəhərində nə qədər geniş tədbirlər həyata keçirilib. Bu dezinfeksiya işləri müqavilə üzrə ayda 1 və ya 2 dəfə icra olunur. Lakin koronavirusla əlaqədar olaraq, ehtiyac yaranarsa, həmin obyektlər bramosep və xloromid preparatları ilə təkrar dezinfeksiya ediləcəkdir.

Dezinfeksiya işləri ilə bərabər Mərkəz tərəfindən daim maarifləndirmə işləri də aparılır.

Kəmalə xanım onu da bildirdi ki, paytaxtımızda həyata keçirilən bütün zəruri qabaqlayıcı tədbirlər onu deməyə əsas verir ki, adamlar şaiyələrə uymasın, sosial şəbəkələrdəki əsası olmayan məlumatlara inanmasın. Əsas məlumat mənbəyi rəsmi dairələrdir.

Xatırladaq ki, Prezidentimizin göstərişinə əsasən Na­zirlər Kabinetində COVİD 19-la bağlı yaradılmış ope­ra­tiv qərargah nəinki Bakı şəhərində, eləcə də ölkə ərazisində, bütün bölgələrdə vəziyyətə tam nəzarət edir, zəruri tədbirləri həyata keçirir. Bunun nəticəsidir ki, bu xəs­təlik respublikamızda təhlükəli həddən çox-çox uzaqdır. Ona görə də bir daha əhalini şaiyələrə uymamağa, töv­siyə olunan gigiyenik qaydalara əməl etməyə çağırırıq.

İsa YUNİSOĞLU

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993