Salahlının qəhrəman şəhidi

Doğma yurd yerlərimiz uğrunda yüzlərlə igid oğullarımız canlarını fəda edib, ən yüksək zirvəyə, şəhidlik zirvəsinə yüksəlibdir. Onlardan biri də Ağdamın igid oğlu Qasımov İxtiyar Qasım oğludur.

O, 22 mart 1970-ci ildə Ağdam rayonunun Salahlı kəndində anadan olmuşdu. Natamam orta təhsilini doğma kənddə almış, sonra Bakıda kimya-biologiya təmayüllü məktəbdə oxumuşdu. Orta təhsilini uğurla başa çatdırdıqdan sonra aqronom olmaq arzusu ilə Gəncədəki kənd təsərrüfatı institutuna – indiki Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olmuşdu. Burada da özünün biliyi, bacarığı ilə tələbə yoldaşları arasında fərqlənirdi. Lakin Qarabağda erməni quldurların iğtişaşlara başlaması onun da gələcək arzularının qarşısına sədd çəkdi.

“Dədə Qorduq” fimində səslənən, xalq yazıçısı Anara məxsus “torpağı qorumasan, əkib-becərməyə dəyməz” kəlamındakı həqiqətə inanan gələcək aqronom ali təhsilini yarımçıq qoyub ata-baba yurduna qayıtmalı oldu.  1992-ci ilin yanvarında tələbələr istehsalat təcrübəsinə buraxılarkən, İxtiyar fürsətdən istifadə edib hərbi komissarlığa müraciət etdi. Beləliklə də, yeni yaradılan milli orduda xidmət etmək arzusu gerçəkləşdi.

O, Ağdam özünümüdafiə batalyonunun bazasında təşkil edilmiş 836 saylı hərbi hissənin üçüncü batalyonunda xidmətə başladı. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin komandir olduğu bu hərbi hissə Qarabağ müharibəsində daim ön xəttə olmuş, çoxsaylı döyüş əməliy­yatları keçirmişdir. İxtiyar kəşfiyyatçı idi, savadlı və geniş dünyagörüşlü, hərbi işdən xəbərdar bir gənc kimi əməliyyat planlarının hazırlanmasında iştirak edirdi. Ağdamın Kolanı obaları üçün təhlükə mənbəyi olan Qazançı kəndində erməni quldurlara qarşı düzgün əməliyyat planını qurmağı bacaran İxtiyarın şüacəti nəticəsində düşmən ağır itki vermişdi. Ermənilərin üç PDM-i, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edilmişdi. Rayonun Abdal-Gülablı kəndinə düşmən basqınının qarşısının alınmasında da İxtiyar xüsusi fərqlənmişdi.

…14 iyul 1992-ci ildə ermənilər keçmiş Ağdərə rayonunun Canyataq kəndinə hücuma keçirlər. Döyüş zamanı əsgərlərimizdən bir neçəsi yaralanır. İxtiyar onların düşmən əlinə keçməsindən ehtiyat edərək, ön mövqeyə keçib, düşmənlə üzbəüz dayanır. O, əks hücumun qarşısını təkbaşına almağa müvəffəq olur. Yaralıları xilas edirlər. İxtiyarın özü isə qəhrəmancasına həlak olur.

O, subay idi.

Azərbaycan Resbublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Qasımov İxtiyar Qasım oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Salahlı kənd qəbristanlığında dəfn edilib.

Vaxtilə oxuduğu Salahlı kənd orta məktəbi qəhrəman şəhidin adını daşıyır.

Yaşasaydı 50 yaşı olacaqdı...

İsa MUSAYEV

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993