“Gözü yolda qalan var”

Yazıçı-publisist Salman Alıoğlunun yeni kitabı Qarabağ ağrılarından bəhs edir

 

Yurd itkisi, göyüm-göyüm göynəyən Vətən həsrəti, işğal altındakı dədə-baba torpaqlarının iniltisi, yaralarımıza duz basan faciələrimiz, uzaqlarda qalsa da, ətri həmişə burnumuza gələn, xəyalı gözümüz önündən çəkilməyən, gecələr yuxumuza girən doğma yerlərin qisasa çağıran harayı.

Tanınmış yazıçı-publisist Salman Alıoğlunun “Maarif” nəşriyyatında nəşr edilmiş “Gözü yolda qalan var” kitabının mövzu dairəsini belə ümumiləşdirmək olar.

Kitabda doğma Qarabağın işğalından sonra qədim yurd yerindən didərgin düşən soydaşlarımızın taleyi, erməni vandalizminin qurbanı olan axar-baxarlı kəndlərin xarabalıqları, viran edilən evlərin altında qalan və heç vaxt unudulmayan xatirələr, məcburi köçkün həyatı yaşayan sakinlərin üzləşdiyi haqsızlıqlar barədə ürək ağrısı ilə və şirin bir dillə söhbət açılır. Müəllifin “Ön söz” yerinə yazdığı müraciət dəfələrlə ölümlə üzləşən faciələrlə dolu bir ömür yolu haqqında elegiyanı xatırladır.

“Gözü yolda qalan var” kitabında son otuz ilin hadisələri, Qarabağda baş qaldıran erməni faşizminin iç üzü, ötən əsrin 90-cı illərinin əvvəlində ölkəni öz ağuşuna alaraq fəlakət girdabına sürükləyən separatizmin ifşası, həmin illərdə Azərbaycanın üzləşdiyi dərin böhrandan çıxış yollarından bəhs edən xatirə, müsahibə və zarisovkalar toplanıb.

Kitabda müəllifin son illərdə qələmə aldığı bir sıra hekayələr də yer alıb.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993