Zəngibasar mahalı, Uluxanlı kəndi

Uluxanlı Zəngibasar mahalının, sonralar Zəngibasar rayonunun inzibati mərkəzi olmuş, İrəvan şəhərindən 20 km-lik məsafədə, İrəvan-Naxçıvan-Bakı dəmir­yol xəttinin üstündə, Zəngi çayının sol tərəfində yerləşən, 1971-ci ildən şəhərtipli qəsəbə statusu olan yaşayış məntəqəsidir.

1918-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri, 1921-ci ildən 1988-ci ilə qədər azərbaycanlılarla ermənilər yanaşı yaşamışlar. 1988-ci ildə azərbaycanlılar qovulmuş və kənd bütünlüklə erməniləşdirilmişdir.

“İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590-ci il) kənd Karbi nahiyyəsinin Uluxanbəyli qışlağı, “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Qırxbulaq nahiyyəsinin Uluxanlı kəndi kimi qeydə alınmışdır. Sonrakı mənbələrdə də (1831, 1873, 1886 və s.) kəndin adı Uluxanlı göstərilmişdir.

Uluxanlı toponiminin hələ XVI yüzilə aid mənbədə Uluxanbəyli kimi qeydə alınması bir tərəfdən kəndin adının XVII yüzildən məlum olması fikrini (B.Budaqov, Q.Qeybullayev) təkzib, digər tərəfdən onun “Uluxan bəy” adlı şəxsin adını daşımasını təsdiq edir.

Bəs həmin Uluxan və ya Uluxan bəy kim olmuşdur? Bu barədə həm tarixi faktlar, həm də müxtəlif rəvayətlər mövcuddur. Rəvayətlər­dən birinə görə, Uluxan Nadir şah dövründə İrəvan xanlarından olmuş və İrəvan camaatını kütləvi şəkildə cəzalandırmaq əmrinə görə Nadir şahı öz çadırında öldürmüşdür. Bu versiya özünü doğrultmur, çünki Uluxanlı toponimi Nadir şahın ölümündən (1747) çox-çox əvvəllər mövcud olmuşdur.

Uluxanlı toponimini Azərbaycanın tarix səh­nəsində mövcud olan Elxanilər (1258-1357) dövlətinin adı ilə də bağlamaq müm-kündür. Paytaxtı Təbriz olan, əsası Hülaku xan tərəfindən qoyulmuş, Hülaku xan (1258-1265), Abaqa xan (1265-1282), Əhməd xan (1282-1295), Baydu xan (1295), Qazan xan (1295-1304), Sultan Məhəmməd Xudabəndə (1304-1316), Əbu Səid (1316-1335), Arpa xan (1340-1344), Ənuşirəvan (1344-1355), Həsən xan (1355-1357) tərəfindən idarə olunmuş bu dövlət İrəvan çuxuru ərazisini də əhatə etmişdir.

“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Uluxanlı kəndinin ərazisi münbit torpaqlar kimi qeydə alınmış və bu torpaqlardan dövlətin müxtəlif vergilər şəklində ildə çox böyük məbləğdə - 58.000 ağça gəlir götürdüyü göstərilmişdir.

İ.Şopenə (1832) görə, Zəngibasar mahalının Uluxanlı kəndində 311 təsərrüfatda 1.737 nəfər (970 kişi, 767 qadın) Azərbaycan türkləri yaşamışdır.

1873-cü ilin statistik məlumatlarında iki Uluxanlı kəndi qeydə alınmışdır. Bunlardan biri İrəvan qəzasının Zəngi çayı boyu ərazisində, Zəngi çayının kənarında, digəri isə İrəvan qəzasının Qırxbulaq çayı boyu ərazisində, Zəngi çayı yaxınlığında, Gərniçay arxı kənarında yerləşmişdir. Kəndlərdən birincisi (Zəngi çayı kənarında) haqqında mənbədə belə bir qeyd var ki, kənd əsl Uluxanlı kəndindən törəmədir və əhalisi azərbaycanlılardır. Lakin mənbədə bu kəndin əhalisinin sayı haqqında heç bir məlumat verilmir. Çox güman ki, yanaşı yerləşən bu iki kəndin bütün göstəriciləri məhz əsl - ikinci Uluxanlı kəndinin üstündə verilmişdir. Kənddə 454 təsərrüfatda 2.968 nəfər (1.549 kişi, 1419 qadın) Azərbaycan türkü, fəaliyyətdə olan 3 məscid, oğlan və qız məktəbləri qeydə alınmışdır.

1886-cı ildə kənd əhalisinin sayı 493 təsərrüfatda 3.062 nəfər (1.672 kişi, 1.390 qadın) çatmışdır.

1886-cı ilə aid mənbədə Hacı Həsən evi və Oruc adası adlı törəmə kəndlərlə birlikdə Uluxanlı kəndinin 1749,77 desyatin torpaq sahəsinin olduğu, onun 34,39 desyatinini malikanə torpaqlarının, 2,37 desyatinini bağ sahələrinin, 835,56 desyatinini suvarılan əkin sahələrinin, 722,58 desyatinini biçənəklərin, 154,87 desyatinini otlaqların təşkil etdiyi göstərilmişdir.

1918-ci ildə Andranikin başçılığı ilə kənddə azərbaycanlıların dəhşətli soyqırımı törədilmiş, 500 təsərrüfatda 3.173 nəfər əhalisi olan Uluxanlı kəndi 1918-ci ilin əvvəllərində darmadağın edilmiş, talanmış, yandırılmış, əhalisinin bir hissəsi qəddarcasına qətlə yetirilmiş, sağ qalanlar doğma yurdu tərk etməyə məcbur olmuşlar.

Bölgədə sovet hakimiyyəti qurulduqdan, daşnak orduları Abbasqulu bəy Şadlinskinin taboru tərəfindən məhv edildikdən sonra kəndin sağ qalan qaçqın əhalisi geri qayıtmışdır. 1922-ci ildə kənddə 1.882 nəfər azərbaycanlı, 9 nəfər erməni siyahıya alınmışdır. Bu 9 nəfər gəlmə erməni Uluxanlıda məskunlaşan ilk ermənilər idi. 1926-cı ildə kənddə azərbaycanlıların sayı 1.948 nəfər, ermənilərin sayı isə cəmi 5 nəfər olmuşdur.

1948-1949-cu illərdə kəndin əhalisi zorla Azərbaycanın Əli Bayramlı (indiki Şirvan şəhəri) rayonuna deportasiya olunmuş, boşalmış azərbaycanlı evlərində müxtəlif xarici ölkələrdən köçürülüb gətirilmiş ermənilər yerləşdirilmişlər.

Sonralar Uluxanlıdan deportasiya olunmuş əhalinin bir qismi geri qayıtsa da, 50-ci illərdən etibarən artıq kənddə ermənilər üstünlük təşkil etməyə başlamışlar.

Uluxanlı oykonimini itirmək üçün ermənilər onun adını düz dörd dəfə dəyişmişlər. 1920-ci illərdə kəndin qədim Uluxanlı adı dəyişdirilərək N.Nərimanovun şərəfinə Nərimanlı, 1937-ci il dekabrın 31-də yenidən dəyişdirilərək Zəngibasar qoyulmuşdur. Ondan sonra qısa bir müddətdə Zəngi çayının Razdan adlandırılması ilə bağlı kəndin adı da Razdan qoyulmuş, lakin 1950-ci il iyulun 31-də bu ad da Masis ilə əvəz edilmişdir. 1971-ci ildə kənd şəhər tipli qəsəbəyə çevrilmişdir.

1988-ci ildə Uluxanlı qəsəbəsinin azərbaycanlı əhalisi növbəti soyqırımı ilə üz-üzə dayanmış, həmin hadisələr zamanı erməni qaniçənləri səkkiz nəfər soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Hazırda uluxanlıların çoxu Bakı şəhərində yaşayır.

Hazırladı: Sevda SÜLEYMANOVA