Azərbaycan öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür

 

ABŞ ilə İran arasında gərginliyin artması Azərbaycanda da böyük narahatlıq doğurur. Regional təhlükəsizliyə ən ciddi təhdidlərdən biri 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. BMT Təhlükəsizlik Şurasının bununla bağlı dörd qətnaməsinə baxmayaraq, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini hələ də işğal altında saxlayır. Bu, regionda qeyri-sabitlik mənbəyi olaraq qalır.

Ermənistanın işğalçılıq siyasəti daimi təhdid mənbəyidir

Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında regional təhlükəsizliyə ciddi təhdid yaradan bu və digər qaynar nöqtələrlə bağlı fikirlərini bölüşüb.

Hazırda ən vacib məsələnin regional sabitlik olduğunu bildirən dövlətimizin başçısı deyib: “Ölkədə bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır. Bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var. Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq”.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gərginliklər Azərbaycanın sərhədləri yaxınlığında cərəyan edir. “Biz Əfqanıstanda gərginlikləri görürük, biz orada həll edilməmiş vəziyyəti görürük”, - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan özü Ermənistan tərəfindən işğala məruz qalıb və bu, daimi təhdid mənbəyidir. Azərbaycan ərazilərinin 20 faizi beynəlxalq hüququn normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır.

Son vaxtlar regionda Azərbaycanın yaxın qonşusu olan İran ilə ABŞ arasında artan gərginliyə də toxunan Prezident İlham Əliyev deyib: “Biz ABŞ-İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq. Çünki hətta Azərbaycandan kənarda olan iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur”.

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi

“Əllinci Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu bir daha təsdiq etdi”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov AZƏRTAC-a açıqlamasında bildirib.

O, qeyd edib ki, Prezident İlham Əliyev artıq 14-cü dəfədir Dünya İqtisadi Forumunda iştirak edir. Azərbay­can Prezidenti Forum çərçivəsində iyirmidən çox yüksək səviyyəli görüş keçirib. Bu, eyni zamanda, Azərbaycana olan maraq və diqqət, eləcə də ölkəmizin beynəlxalq arenada qazandığı böyük nüfuzun əyani göstəricisidir.

Forum çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident müasir dövrdə Azərbaycanın dinamik inkişaf göstəriciləri, eləcə də dövlət siyasətinin prioritet istiqamətləri haqqında müfəssəl məlumat verdi. İlk növbədə, diqqəti cəlb edən məqam ondan ibarət oldu ki, panel iclasında moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq Prezident İlham Əliyevin “Bakıya” cavabı mühüm önəm kəsb edir.

Milli maraqlar həmişə birinci yerdədir

Prezident İlham Əliyevin bu cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünün bariz nümunəsidir. Dövlət başçısı bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Eyni zamanda, Prezident İlham Əliyev vurğuladı ki, Azərbay­can üçün onun milli maraqları həmişə birinci yerdədir və buna görə də müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyimizə görə əldə olunub. Bununla yanaşı, Azərbaycanın əldə etdiyi nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik hesabatlarında yüksək qiymətləndirilib.

İslahatlar yüksək qiymələndirilir

Azərbaycan Prezidenti qeyd etdi ki, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Bu baxımdan ölkəmizdə həyata keçirilən struktur və kadr islahatları səmərəli, işlək idarəçilik mexanizminin daha da inkişaf etdirilməsini və müasir dövrün tələblərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, Azərbaycanda həyata keçirilən islahatlar dünyanın aparıcı ekspertləri, iqtisadi-maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Əvvəllər əsasən infrastruktur layihələrinə sərmayə yatırdığımızı bildirən Prezident vurğuladı ki, Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir və qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir, eləcə də 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa edilib ki, bunlar dövlət sərmayəsinin bir hissəsidir.

Bununla yanaşı, dövlət başçısı bildirdi ki, müasir dövrdə bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşdırılması üçün yeni yanaşma tələb olunur. Azərbaycanın güclü siyasi dəstəyinin olduğunu bildirən Prezident vurğuladı ki, Davos Forumu Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görüb. Müstəqillik illərində əhalimizin sayının 7 milyondan 10 milyona qədər artdığını bildirən dövlət başçısı qeyd etdi ki, Azərbaycanın iqtisadi artımı əhalinin artımına uyğun gəlməlidir. Bu səbəbdən Azərbaycan yoxsulluğu 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacaq. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyaya malikdir. İnsanların gəliri həmişə inflyasiyanı üstələməli, həmçinin iş yerlərinin yaradılması da demoqrafik artımdan daha çox olmalıdır.

Gənc nəslin əsas ideyası: suverenlik, müstəqillik və öz ehtiyatlarına güvənmək

Dövlət başçısı iqtisadiyyatımızın yüksək səviyyəyə qaldırılmasına imkan verən amillərdən geniş bəhs edərək dedi ki, Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarına güvənmək, ölkəmizi özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirməkdir. Bu baxımdan, iqtisadi müstəqillik əsas prioritet olmuş və siyasi müstəqillik üçün bünövrə rolunu oynamışdır.

Bununla yanaşı, dövlət başçısı bildirdi ki, müasir dövrdə Azərbaycan öz əlverişli coğrafi mövqeyindən istifadə edən, müasir infrastruktur yaradan, eyni zamanda, gənclərin simasında əlavə və çox kreativ əmək ehtiyatlarına malik ölkədir. Neft və qazı iqtisadiyyatımızın aparıcı qüvvəsi kimi qiymətləndirən ölkə başçısı qeyd etdi ki, Azərbaycan zəngin təbii ehtiyatlara malikdir və öz enerji təhlükəsizliyini təmin etməklə yanaşı, qonşu ölkələr və çox sayda tərəfdaşları ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurur.

Azərbaycan sabit və davamlı inkişafda olan dövlətdir

Prezident İlham Əliyev böyük enerji şirkətlərini daha çox sabitlik və təhlükəsizlik ölkəsi kimi tanınan Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə mühüm tərəqqiyə nail olduğumuzu diqqətə çatdırdı. Bununla yanaşı, bir sıra beynəlxalq institutların üzvü olduğumuzu qeyd edən dövlət başçısı bildirdi ki, Azərbaycan beynəlxalq qurumda təmsilçiliyinə praqmatik yanaşır ki, onlardan biri də Qoşulmama Hərəkatıdır.

Prezident İlham Əliyev Azərbaycanın sabit və davamlı inkişafda olan dövlət olduğunu bildirərək qeyd etdi ki, ölkə daxilində risklər yoxdur. Azərbaycan hakimiyyəti böyük imkanlar yaradan və hazırda həyata keçirilən geniş islahatlar gündəliyinə malikdir: “Bizim həyata keçirilən və xalqımız üçün böyük imkanlar yaradan islahatlar gündəliyimiz var. Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq”.

Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ən böyük narahatlıq və əsas potensial kabus Azərbaycanın sərhədləri xaricində gərginliyin artması ola bilər. Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalıb və bu, daimi təhdid mənbəyidir. Ərazilərimizin demək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır. 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993