Azərbaycanda indiyədək koronavirus qeydə alınmayıb

“Azərbaycanda indiyədək koronavirusla bağlı hər hansı xəstə qeydə alınmayıb. Şübhəli xəstə də yoxdur. Aidiyyəti qurumlar bu vəziyyətlə bağlı işləyir”.

Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, ÜST-ün Azərbaycandakı Nümayəndəliyi tərəfindən hər gün Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə danışıqlar aparılır: “Azərbaycana da bu xəstəlik böyük ehtimalla gələcək. Bütün dünyaya yayılacaq, çünki yeni virusdur. Yeni virusun özəlliyi budur ki, dünyada heç kim bundan qoruna bilmir. Çünki əvvəl heç kim bu virusla qarşılaşmayıb. Bu virus insandan insana sürətli şəkildə keçərək bir gün Azərbaycana da gələcək. Gəldiyi zaman vacib olan doğru diaqnozun qoyulması, qabaqlayıcı tədbirlərin görülməsidir”.

H. Harmancı qeyd edib ki, Nazirlər Kabineti tərəfindən virusa qarşı tədbirlərlə əlaqədar müşavirə keçirilməsi, İşçi Qrupun yaradılması görülməli olan tədbirlərdir: “Belə tədbirlərin görülməsi koronavirus olmasa da lazımdır. Hər qış buna bənzər hallar olur. Ona görə də bu kimi vəziyyətlərə hazır olmaq lazımdır”.

Onun sözlərinə görə, indiyədək dünyada 4593 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb, onlardan 106 nəfəri ölüb: “Ölüm halları yalnız Çindədir, başqa ölkələrdə ölüm halı yoxdur. Bundan başqa 14 ölkədə 56 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Avropa ölkələrindən Fransada 3, Almaniyada 1 yoluxma halı olub. Xəstəliklə bağlı ölüm göstəricisi 2-4 faizdir. Bu, yüksək rəqəm deyil”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993