Ermənistanın işğalçı siyasəti müzakirə olunub

Vaşinqtonda “Demokratiyanı Müdafiə Fondu” Analitik Mərkəzinin dondurulmuş münaqişələrə və bu münaqişələrə cəlb edilmiş tərəflərə münasibətdə dövlətlərin və beynəlxalq təşkilatların ikili standartlarına həsr olunmuş yeni məruzəsinin müzakirələri keçirilib.

AZƏRTAC xəbər verir ki, Fondun vitse-prezidenti Conatan Şanzerin moderatorluq etdiyi tədbirdə məruzə müəllifləri – Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutunun və “İpək Yolu” Araşdırmalar Proqramının direktoru Svante Kornel və beynəlxalq münasibətlər sahəsində ekspert, Corctaun İnstitutunun professoru Brenda Şaffer çıxış ediblər.

Ekspertlər bildiriblər ki, Avropa Məhkəməsinin bu yaxınlarda çıxardığı qərara görə, Avropa İttifaqına gətirilən və İordan çayının Qərb sahilindəki yəhudi məskənlərində istehsal edilən mallar olduğu kimi dəqiq göstərilməlidir. Bununla belə, nə Avropa Məhkəməsi, nə də Avropa İttifaqı digər işğal zonalarından, o cümlədən Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionundan olan mallar barəsində analoji siyasət tətbiq etməyib.

Ərazi münaqişələri bütün tarixboyu olub. Lakin əsas prinsipləri sərhədlərin toxunulmazlığı və onların dəyişdirilməsi üçün güc tətbiqinin yolverilməzliyi olan Birləşmiş Millətlər Təşkilatının yaradılması uzun sürən münaqişələrin çoxalmasına gətirib çıxarıb. Əvvəllər işğal edilmiş ərazi üzərində uzunmüddətli nəzarət bu ərazi üzərində üstünlüyü olan dövlətin iddialarının qəbul olunmasını mümkün edirdi. Hazırda BMT belə iddiaların qəbul edilməsinə mane olur, amma əvvəlki kimi status-kvoya əhəmiy­yətli dərəcədə təsir göstərə bilmədiyinə görə, belə əraziləri uzun müddət qeyri-müəyyən vəziyyətdə saxlayır.

Problem təkcə bunda deyil ki, BMT, Birləşmiş Ştatlar, Avropa İttifaqı, özəl korporasiyalar və QHT-lər son dərəcə məntiqsiz hərəkət edirlər. Məsələ bundadır ki, onların siyasəti selektivdir və çox vaxt qərəzli münasibəti üzə çıxarır. Bu da beynəlxalq münasibətlər sistemində daha dərin prob­lemlərin olduğunu göstərir.

Kornel və Şaffer bildiriblər ki, hazırda bəzi işğalçı dövlətlər işğal edilmiş ərazilərə nəzarət etdiklərini həmin ərazilərdə oyuncaq rejimlər yaratmaq vasitəsilə pərdələməyə çalışırlar. Rəsmi Yerevanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda qurduğu oyuncaq rejim bunun bariz nümunəsidir. Bu oyuncaq rejimlər beynəlxalq birlik tərəfindən tanınmasa da, onların muxtariyyətinin imitasiyası işğalçı dövlətə fayda gətirir. Bundan fərqli olaraq, ərazi mübahisəsində öz bilavasitə rolunu etiraf edən ölkələr, bir qayda olaraq, işğal edilmiş ərazilərə oyuncaq rejim yaratmaq vasitəsilə nəzarət edən dövlətlərdən daha çox xarici təzyiqlə üzləşirlər.

Müzakirələr zamanı qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarının işğalına gəldikdə isə bütün azərbaycanlı əhali həmin ərazilərdən qovulub. B.Şaffer deyib ki, 700 mindən çox etnik azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən öz doğma yurd-yuvasından didərgin salınıb, onların əmlakı isə bu günədək istifadə olunur. Faktlara əsaslanan hesabatda o da bildirilir ki, Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları, hələ Sumqayıt hadisələrindən əvvəl azərbaycanlıların Ermənistandan qovulmasının birinci fazası ilə başlayıb.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993