Ermənistan hakimiyyətinin bəzi addımları ümidləri puça çıxarır

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin Cenevrədə görüşündən Dağlıq Qarabağ sülh danışıqları üzrə əhəmiyyətli irəliləyişlər gözlənildiyi vaxtda Ermənistan hakimiyyətinin bəzi addımları ümidləri puça çıxarır və danışıqların effektini heçə endirir.

Siyasi ekspert Aydın Quliyev Trend-ə açıqlamasında belə deyib. Onun sözlərinə görə, Cenevrə görüşü ərafəsində Ermənistanın baş naziri Nikol Paşinyanın Madrid prinsiplərindən praktik şəkildə imtina mənasını verən bəyanatı bu nöqteyi-nəzərdən pozuculuq və qeyri-konstruktiv yanaşma nümunəsi sayılmalıdır: "Paşinyan görüş ərəfəsində bir qədər də irəli gedərək Ermənistan cəmiyyətini Madrid prinsipləri əleyhinə kökləməyə çalışdı. Özünü guya ümumerməni mənafeləri baxımından ən təəssübkeş dövlət rəhbəri kimi göstərmək üçün münaqişənin tənzimlənməsi yolunda indiyə qədər əldə edilmiş bütün pozitiv nəticələrdən imtina yolunu tutdu. İşğal edilmiş ərazilərin azad edilməsini nəzərdə tutan prinsiplərdən belə nümayişkar şəkildə imtina edilməsi Ermənistan rəhbərinin regionda sülh və dinc yolla Qarabağ münaqişəsinin tənzimlənməsini qətiyyən istəmədiyini bir daha göstərir. Cenevrə görüşü ərəfəsində Paşinyanın mahiyyətli sülh danışıqları mənafelərinə zidd mövqeyi və erməni cəmiyyətini də buna qoşmaq cəhd­ləri eyni zamanda xalqların sülhə hazırlanması barədə həmsədr ölkə başçılarının dəfələrlə etdikləri çağırışlara da ziddir. Ermənistan əhalisini sülhə hazırlamaq üçün həmsədrlərin konkret çağırış tezislərinə əks addımlar atmaq Paşinyanın sülh prosesini aşkar pozmaq cəhdidir. Paşinyan öz xalqını sülhə yox, yolverilməz status-kvonun qeyri-müəyyən dövr üçün uzadılmasına hazırlayır".

Ekspert deyir ki, Cenevrə görüşü ərəfəsində Paşinyanın işğal olunmuş ərazilərdə qanunsuz yaradılmış rejimin ərazisinə səfər etməsi onun məzmunlu sülh danışıqlarının səmərəsini öncədən heçə endirmək niyyətinin təzahürüdür: "Paşinyanın qondarma rejimin əsgərlərinə mənzil hədiyyəsi və rejimin "rəhbərləri" ilə görüşü qondarma qurumdakı bütün proseslərin məhz Ermənistan rəhbərliyi tərəfindən idarə edildiyini növbəti dəfə sübuta yetirir.

Cenevrə görüşü ərəfəsində də həmişə olduğu kimi, Azərbaycan məzmunlu danışıqlara qəti hazır olduğunu nümayiş etdirdiyi halda, Ermənistan rəhbərinin pozucu rolu həmsədr tərəflərin diqqətindən yayınmamalıdır. Ermənistan rəhbərinin addımları Cenevrədə danışıqları pozmağa yönəlib. Cenevrədə danışıqların mümkün uğursuz nəticələrinin bütün məsuliyyəti Paşinyanın atdığı addımlardan qaynaqlanır.

XİN başçısı Mnatsakanyanın danışıq­lar üçün Cenevrəyə yollanması və eyni vaxtda Paşinyanın sülh tənzimlənmə prinsiplərinə aşkar əks mövqeyi ziddiy­yətlidir, Ermənistanın problemin dinc yolla həllində qətiyyən maraqlı olmadığını və dinc həll konsepsiyasına malik olmadığını göstərir.

Ermənistanın baş nazirinin öz xalqını sülh planını qəbul edib-etməməklə bağlı seçimə dəvət etməsi və qondarma rejimə şübhəli səfəri münaqişənin həlli istiqamətində birgə səylərlə çoxdan hazırlanan növbəti danışıqlar raundunun fiaskoya uğraması ilə nəticələnə bilər. Cenevrə görüşünün pozitiv nəticələri üçün daha çox məsuliyyət daşıyan həmsədrlərin indi həmişəkindən daha çox konkret mövqe nümayiş etdirmələrinə ehtiyac var. Xüsusilə də Paşinyanın son pozucu addımları ilə xalqların sülhə hazırlanması məsələsi arasında dərin ziddiyyətlər olduğuna həmsədrlər daha konkret reaksiya verməlidirlər".

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların Cenevre raundu Paşinyanın mövqesizliyini bir daha nümayiş etdirdi. O baxımdan ki, qondarma rejimin danışıqlar masasında tərəf kimi iştirakı artıq Ermənistan iqtidarı tərəfindən mümkünsüz variant kimi dərk olunur. Daha konkret desək, Paşinyan geri addım atmaq məcburiyyətində qaldı və başa düşdü ki, münaqişənin iki tərəfi var: Ermənistan və Azərbaycan”.

Bu fikirlər politoloq Ceyhun Əhmədliyə məxsusdur. Onun sözlərinə görə, Paşinyanın bir neçə gün əvvəl qondarma rejimin rəhbərliyinə müraciətində Madrid sənədlərini yenidən gündəmə gətirməsi də bu zərurətdən qaynaqlanır: "XİN rəhbərlərinin Cenevrə görüşündən əvvəl Paşinyanın Dağlıq Qarabağa səfər edərək separatçıların rəhbəri ilə görüşməsi də əlbəttə ki, təxribat xarakterli addım kimi qiymətləndirilə bilər. Paşinyan sanki görüşdən əvvəl Saakyanı əmin etmək istəyir ki, qondarma rejimin razılığı olmadan heç bir sənədə qol çəkilməyəcək. Ermənistan baş naziri bununla həm də qorxaqlığını nümayiş etdirir. Görünən odur ki, hələlik Paşinyanın Qarabağ klanı ilə bağlı narahatlığı sovuşmayıb. Dağlıq Qarabağdakı qondarma rejim onun üçün böyük bir təhlükə mənbəyi olaraq qalır".

Qeyd edək ki, dünən Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüş ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edərək, orada qondarma qurumun "lideri" Bako Saakyanla bir araya gəlib, erməni əsgərlərinə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993