Azərbaycan gəncliyi daim inkişafdadır

“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Heydər Əliyev

Ümummilli Lider

 

***

Azərbaycan gənclər siyasətinə önəm verən və onların inkişafı, irəliyə getməsi üçün imkanlar yaradan ölkələrdən biridir. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin əsası qoyuldu. Fevralın 2-nin Gənclər Günü kimi qeyd olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər tərəfindən ictimai-siyasi həyatımızın müxtəlif sahələrində aparılan islahatlar zamanı gənclərin roluna hər zaman xüsusi diqqət yetirilib. Müxtəlif dövlət qurumlarında, idarə və təşkilatların fəaliyyətində gənclərin fəal iştirakı təmin edilib.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən dövlət siyasəti müasir, dünyagörüşlü, savadlı gənclər ordusunun yetişməsinə təkan verib. Həyata keçirilən tədbirlər nəticəsində gənclərə yol açılıb, onlar istər yerli, istərsə də beynəlxalq səviyyələrdə Azərbaycanın layiqli təmsilçisinə çevrilib. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal iştirak edirlər. Bunun nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri haqqında geniş məlumatlar yayılır.

Gənclər siyasəti sahəsində bir sıra qanunlar, Dövlət Proqramı qəbul olunub, fərman və sərəncamlar verilib. 6 may 2002-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası “Gənclər siyasəti haqqında” qanun gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir.  Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərdi. 2007-ci ildə dövlətimizin başçısı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzaladı. Proqram çərçivəsində 5 min gənc  dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. 2011-ci il aprelin 6-da isə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında Sərəncam imzalandı. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həlli idi. Bu proqramda nəzərdə tutulan tədbirlərin icrası da uğurla başa çatdırıldı. Hazırda 2017-ci il sentyabrın 15-də təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı icra olunmaqdadır.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gənclərə hər zaman diqqət və qayğı göstərib. Fond tərəfindən gənclərin respublikamızın layiqli vətəndaşı olmaları üçün görülən işlər və xüsusilə kimsəsiz uşaq və gənclərin cəmiyyətə inteqrasiyası, onların həyatda öz yerini tutması, layiqli vətəndaş kimi böyüməsi istiqamətində həyata keçirdiyi tədbirlər hər zaman yüksək qiymətləndirilib. Eyni zamanda Fondun gənclərdən ibarət “Regional İnkişaf” İctimai birliyi yaradılıb. RİİB əhali ilə daha sıx ünsiyyətin yaradılması, ictimai nəzarətin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidentiı, Moskvada rus dilində nəşr olunan "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın fəaliyyəti ölkəmizin bütün gəncləri üçün bir nümunədir. “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı və lideri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri kimi onun gördüyü işlərin xalqımız, dövlətimiz üçün çox böyük əhəmiyyəti vardır.

Bütövlükdə ölkədə həyata keçirilən islahatların, sosial, iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun layiqli həyat səviyyəsinin təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi məsələsi dayanır. Əhalinin həssas kateqoriyasından olan insanlarla bağlı aparılan tədbirlər isə bu siyasətin prioritetini təşkil edir. Belə ki, məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi üçün ardıcıl tədbirlər görülür.

Məcburi köçkünlər üçün yaradılmış əsas imtiyazlardan biri - Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli və 2011-ci il 14 sentyabr tarixli sərəncamları ilə ali və orta ixtisas təhsili müəssisələrində ödənişli bölmələrdə təhsil alan məcburi köçkünlərin təhsil haqqı ödəməkdən azad edilməsi olub. 2019-cu ilin əvvəlinə olan məlumatlara əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali məktəblərdə və orta texniki – ixtisas peşə təhsili ocaqlarında, ödənişli təhsil bölməsində 12.426 nəfər məcburi köçkün tələbə  təhsil alıb ki, həmin tələbələrin təhsil haqqının ödənilməsi üçün dövlət büdcəsindən təkcə 2019-cu il üzrə 18,3 milyon manat vəsait  ayrılıb.

2019-cu ildə bir nəfər məcburi köçkün gənc Koreya Respublikası səfirliyinin dəstəyi ilə bakalavr təhsili  almaq üçün Cənubi Koreyaya yola salınıb.

Bundan başqa məcburi köçkün vəsiqəsi almaq üçün Dövlət Komitəsinə 29.185 müraciət daxil olub ki, bunun da 15 mini gənclərin payına düşür.

Gənclərin məşğulluq məsələsi də diqqət mərkəzində olub. Əmək və əhalinin Soial Müdafiəsi Nazirliyi ilə birgə keçirilən 5 əmək yarmarkası, eyni zamanda beynəlxalq təşkilatlarla keçirilən tədbir və görüşlərdə gənclərin məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirilib. Ötən il Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyə dəstəyi hesabına Gəncə və Mingəçevir şəhərlərində həyata keçirilən Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsinin bir hissəsi olan “Məcburi Köçkün Gənclərin Dəstəklənməsi” proqramına 833 nəfər  məcburi köçkün gəncə öz biznesini qurmaq üçün alət və avadanlıqlar verilib. Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 30 yaşadək olan  721 nəfər gənc məcburi köçkünün sənədləri toplanaraq yanğından mühafizə dəstələrində işlə təmin olunmaları məqsədilə Fövqəladə Hallar  Nazirliyinə təqdim edilib və nəticə etibarilə təlim-sınaq prosesindən uğurla keçən 52 nəfər gənc məcburi köçkün yanğından mühafizə dəstələrində daimi işlə təmin edilib.

Bununla yanaşı, müxtəlif sahələrdə fəallıq göstərmiş məcburi köçkün gənclərə Dövlət Komitəsi tərəfindən diqqət göstərilib, onlarla görüşlər keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri VII Muğam Televiziya Müsabiqəsinin əslən Laçın, Zəngilan və Xocalı rayonlarından olan qalibləri - Xəyal Hüseynov, Murad Rüstəmzadə, Zülfiyyə Cəbrayılzadə, Faiq Əkbərov ilə görüşüb. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən bu möhtəşəm sənət yarışması muğam ifaçılığının inkişafında və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığı qeyd edilib. Eyni zamanda, Bakı Ali Neft Məktəbində təhsil alan gənc məcburi köçkünlərlə görüş keçirilib.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini təşkil edir.  Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur, müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edir.  Hazırda Komitədə 22 könüllü müxtəlif fəaliyyət sahələri üzrə xidmət edir. Bu günədək, 2 aylıq fəaliyyətini başa vurmuş 50 könüllüyə sertifikat təqdim edilib. Üç könüllü isə Dövlət Komitəsinin departamentində işlə təmin edilib.

Hər bir məcburi köçkün gənc Prezident İlham Əliyevin diqqət və qayğısını öz üzərində hiss edir. Məcburi köçkün gənclər dövlət başçısının müxtəlif sahələrdə həyata keçirdiyi siyasəti dəstəkləyir və onun ətrafında sıx birləşib.

Hazırladı: Nazilə XAQANİ

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993