Cəbrayıl məktəblisi Fransa Prezidenti ilə necə görüşdü?..

...Onbirinci sinifdə oxuyur. Azərbaycanı tanıtmağı, ölkə üçün lazımi mesajları dünyaya çatdırmağı hələ uşaqlıqdan qarşısına məqsəd qoyub. Yeni­yet­məlik dövründə bu arzusuna çatıb və istədiyi mesajı Avro­pa­ya ötürüb. Hətta Fransa Prezi­denti Emmanuel Makronla da görüşüb. Gələcəkdə səfir olmaq arzusundadır.

Söhbətimiz Cəbrayıl məktəblisi, “Gələcəyin avropalısını təsəvvür edərkən” mövzusunda inşa müsabiqəsinin qalibi Vahid Əsəd haqqındadır. O, bu il Gənclər Forumunun Avropa Şurasının 70 illik yubileyi ilə əlaqədar keçirdiyi inşa yazı müsabiqəsində iştirak edərək 1-ci yerə layiq görülüb.

Həmsöhbətimizi tanıyaq. Vahid 2003-cü ildə Bakıda anadan olub. İbtidai təhsilini 53 nömrəli tam orta məktəbdə alıb. Hazırda Cəbrayıl rayonu akademik Mehdi Mehdizadə adına tam orta məktəbin sonuncu sinfində oxuyur. Uşaq vaxtlarından ədəbiyyata olan xüsusi marağı Vahidi yaşıdlarından fərqləndirib. İlk bədii əsəri 4-cü sinifdə oxuyub, bitirib: “İbtidai sinifdən ədəbiyyatı çox sevirəm. Bədii ədəbiyyat insanın estetik zövqünün artmasına, nitq qabiliyyətinin inkişafına kömək edir”.

Elə ədəbiyyat sevgisi onun inşa yazmaq qabiliyyətini formalaşdırıb və Fransaya qədər aparıb çıxarıb. Deyir ki, müsabiqəyə müəlliminin təkidi ilə qatılıb: “Müsabiqədə qalib olmağım mənim həyatımda ən unudulmaz hadisədir. Belə bir müsabiqənin keçirilməsi ilə bağlı məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Qarayeva bizə məlumat vermişdi. Əvvəlcə tərəddüd etdim. Müəllimimin təkidi ilə qərar verdim ki, həmin müsabiqədə iştirak edib, özümü sınayım.  “Gələcəyin avropalısını təsəvvür edərkən” mövzusunda inşa yazaraq müvafiq elektron ünvana göndərdim”.

Vahid deyir ki, ilk 3-lükdə olmağı hədəfləsə də, 1-ci yeri tutacağını gözləməyib: “İnşanı mart ayında yazdım. İnşamın bir neçə avropalı tərəfindən oxunmasını, mesajımın onlara çatmasını istəyirdim. Düzünü desəm, birinci olmağı gözləmirdim, ikinci və üçüncü olmağı hədəfləmişdim. Qalib olduğumu biləndə çox sevindim, sevincimin həddi-hüdudu yox idi. Mənə yuxu kimi gəlirdi, inanmırdım. Bu qədər gəncin içindən seçilmək, özü də ən yüksək yerə layiq görülmək mənim kimi məktəbli üçün əlamətdar hadisədir. Ölkəm adına qazandığım uğur təkcə mənim deyil, eyni zamanda, təhsil aldığım doğma məktəbimin, eləcə də mənə inanan, hər zaman dəstək verən ailəmindir. Bu nailiyyətin sevincini onlara yaşatdığım üçün özümü xoşbəxt hesab edirəm. Mənə etimad göstərən doğma məktəbimin rəhbərliyinə, üzərimdə əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm”.

Yuxarıda da qeyd etdiyimiz kimi, Vahid hələ uşaq yaşlarından Azərbaycan, eləcə də dünya klassiklərinin əsərlərinin sevə-sevə oxuyub. Oxuduğu çoxsaylı kitablar onun dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynayıb. Müxtəlif mövzularla bağlı öz fikir və mülahizələrini sərbəst şəkildə ifadə etməsi ilə yaşıdları arasında seçilən Vahidin kitaba olan sevgisi, yəqin ki, onun tərbiyə aldığı ailədən qaynaqlanır.

Vahidin atası Zahir Əsəd filologiya üzrə fəlsəfə doktoru, dosentdir. Anası Könül xanım isə ixtisasca ibtidai sinif müəllimidir. Atası deyir ki, Vahid hələ 4-cü sinifdən mütaliə etməyə başlayıb: “Hələ 4-cü sinifdə oxuyanda anası Lev Tolstoyun “Hacı Murad” əsərini almışdı. Balaca hekayə idi və sözlərin üzərində vurğu işarələri var idi. Tapşırmışdı ki, sözlərin vurğusunu düzgün qoymaqla oxusun. Vahid o əsəri 4-5 dəfə oxudu. Daha sonra özlüyündə ədəbiyyata marağı artdı. Biz də mane olmadıq, dəstəklədik, mütaliə mədəniyyətini öyrətməyə çalışdıq”.

Atası deyir ki, dəsrləri çox olduğu üçün əvvəlcə, Vahidin müsabiqəyə getməsini dəstəkləməyib: “Sonradan ədəbiyyat müəllimi onu müsabiqəyə göndərdi. Müəlliminin sözü ilə inşa yazdı. Hətta mən müsabiqədə iştirakına etinasız yanaşdım. Düşündüm ki, uşaq cavabını gözləyəcək, qalib olmasa, sarsıntı keçirəcək. Bir müddət sonra mənə Gənclər Forumundan zəng etdilər və Vahidin qalib olduğunu bildirdilər. Amma yenə də 1-ci yer olduğunu düşünmürdüm. Vahid məcburi köçkün məktəbində təhsil alır. Mənə elə gəlirdi ki, şəhər məktəblərində təhsil alan şagirdlər əyalət məktəblərindən güclü olurlar. Bu baxımdan uşağın əyalət məktəbində oxuya-oxuya birinci yer tutması həqiqətən qürurverici idi. Mən çox şad oldum və oğlumla fəxr etdim”.

Zahir müəllim düşünür ki, uşağın təhsildə uğurlu olmasında məktəbdən çox evdə ailənin rolu var: “Uşağın savadlı bir vətəndaş kimi formalaşmasında ilk növbədə ailənin, ikinci növbədə isə məktəbin rolu böyükdür. Məktəb də uşaq üçün bir ailədir. Mənim valideynlərim də oxumağı, təhsili hər şeydən üstün tutublar. Ədəbiyyata marağın olması isə bütün ixtisaslarda vacibdir. Onu da qeyd edim ki, Vahid həm də tar məktəbini bitirib. Orada oxuduğu dövrdə də onun diplomları var. Uşağın gözəl qəlbli bir insan kimi formalaşmasında ədəbiyyatın rolu böyükdür. Musiqiyönümlü, ədəbiyyatyönümlü uşaqlarda dünyagörüşü hər zaman yüksək olur. Belə uşaqlar dünyaya bəsit formada baxmırlar”.

Uzun illər Bakı Slavyan Universitetində müəllim kimi fəaliyyət göstərən həmsöhbətimiz deyir ki, bədii əsərlər oxumadıqları üçün tələbələrin fikirlərini ifadə etməkdə problemləri var: “Mən uzun illər Bakı Slavyan Universitetində bakalavr və magis­tratura pilləsində dərs deyib mühazirələr oxumuşam. Məktəbi bitirib gələn tələbələrin 90 faizində nitq qabiliyyətləri yoxdur. Mühazirəni əzbərləyib danışırlar. Kənara keçən kimi söz ehtiyatları bitir. Ona görə də ailədə, məktəblərdə mütaliəyə, ədəbiy­yata diqqət böyük olmalıdır. Nitq mədəniyyəti formalaşmalıdır”.

Onu da qeyd edək ki, Vahidin adını daşıdığı babası Vahid Əsədovu mən çoxdan tanıyıram. O, Zəngilan rayonu, Mincivan qəsəbəsində yaşayır, dəmiryolunda rabitəçi işləyirdi. Məlum hadisələrlə bağlı 1993-cü ilin noyabrından Az.TU-nun 2 saylı yataqxanasında məskunlaşmışdılar. Zahir Əsədov onda orta məktəbdə oxuyurdu. O da yaşıdlarından seçilirdi – həm oxumağına, həm də nizam-intizamına görə. Bu xarakter də həmişə işinə məsuliyyətlə yanaşan, ailədə, ictimaiyyət arasında nüfuz sahibi olan atası Vahid Əsədovdan keçib. Az.TU-nun yataqxanasında darısqal bir otaqda yaşamağın çətinliyinə baxmayaraq, Zahir Əsədov orta məktəbi bitirib, ali məktəbə daxil olub. Uzun illər Bakı Slavyan Universitetində müəllim işləyib. Hal-hazırda M.Y.Lomonosov adına MDU-nin Bakı filialında İnsan Resursları şöbəsinin müdiri işləyir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına əsasən BDU-nun yataqxanasında məskunlaşan məcburi köçkünlər Müşfiqabad qəsəbəsindəki müasir tələblərə cavab verən yeni yaşayış kompleksinə köçüblər.

Müsabiqənin qalibi olan azərbaycanlı yeniyetmə Fransanın Strasburq şəhərində Avropa Şurasının 70 illik yubileyinə həsr edilən mərasimə də dəvət olunub. Strasburqda olarkən digər ölkələrdən gələn qaliblərlə birlikdə şəhərin görməli yerləri ilə tanış olub. Sonra Strasburq Opera Evində onların təltifolunma mərasimi keçirilib. Vahidə diplomu İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti Linos Aleksandr Sisilyano təqdim edib. Qaliblər həmçinin Fransa Respublikasının Prezidenti Emmanuel Makronla, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçlə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Lilian Mori Paskye ilə görüşüblər: “Operadan sonra bizi Fransanın Prezidenti Makronla görüşdürdülər. Ona müəyyən suallar verdik. Fransa prezidenti bizi xüsusi olaraq təbrik etdi”.

Qeyd edək ki, müsabiqəyə ümimilikdə 3 şəhər və 11 rayondan 14-18 yaşlı gənclərin yazdığı 63 inşa daxil olub. İnşaların oxunub baxılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Avropa Şurası və Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndələrindən ibarət münsiflər heyəti müəyyən edilib. Ad, soyad və şəhər (rayon) adları gizlədilməklə hər bir inşa Gənclər Fondu tərəfindən kodlaşdırılaraq münsiflər heyətinə göndərilib.

İsa MUSAYEV

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993