Dövlətqaçqınkomda məcburi köçkünlərin növbəti ənənəvi qəbulu keçirilmişdir

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini bir daha xatırladaraq bildirmişdir ki, Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır və bu münasibətlərin yaxşı əsaslar üzərində qurulması olduqca mühüm əhəmiyyət kəsb edir. Ona görə də Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmaqla yanaşı, həmçinin onların qayğıları ilə yaşamalıdırlar. Bununla da Prezident İlham Əliyev xalqa layiqli xidməti dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib.

Ölkə başçısının tapşırıqları əsasında son illər ayrı-ayrı nazirlərin, komitə sədrlərinin yerlərdə, rəhbərlik etdikləri dövlət qurumlarında müntəzəm vətəndaşları qəbul etmələri, onların qayğı və problemləri ilə yaxından maraqlanmaları da məhz vətəndaş-məmur münasibətlərinin yüksək əsaslar üzərində qurulmasına xidmət edir. Elə fevralın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində müxtəlif ərazilərdə məskunlaşmış məcburi köçkünlərin ənənəvi qəbulu da dövlət başçısının qarşıya qoyduğu tələblər səviyyəsində keçirilmiş, bu təbəqədən olan soydaşlarımızın qayğı və problemləri diqqətlə dinlənilmiş, onları narahat edən məsələlərə hərtərəfli aydınlıq gətirilmişdir.

Dövlətqaçqınkomun sədrinin müavinləri Gəray Fərhadov və Fuad Hüseynov həmin gün müxtəlif məsələlərlə bağlı qəbula gələn 200-dən çox məcburi köçkünü diqqətlə dinləməklə yanaşı, onların problemlərinin həlli istiqamətində dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramına və ona edilmiş Əlavələrə uyğun olaraq görülən və görülməsi nəzərdə tutulan işlər barədə də məlumat vermiş, bütün bu tədbirlərin mərhələli şəkildə həyata keçirildiyini diqqətə çatdırmaqla görülən işlərin göz qabağında olduğunu vurğulamışlar. Ənənəvi qəbulda Dövlətqaçqınkomun departament və şöbə müdirləri, Bakı şəhərinin rayonları üzrə sektor müdirləri, eyni zamanda ərazisi işğal altında olan rayonların icra hakimiyyəti başçılarının müavinləri də iştirak ediblər.

Qeyd edək ki, müxtəlif məsələlərin həlli ilə bağlı qəbula gələn məcburi köçkünlərin problemlərini diqqətlə dinləyən G.Fərhadov və F.Hüseynov müraciətlərdə əksini tapan bəzi məsələlərin qısa müddətdə araşdırılaraq qanunauyğun şəkildə tədbir görülməsi üçün Komitənin aidiyyatı strukturlarının məsul şəxslərinə müvafiq tapşırıqlar vermişlər. Bunlarla yanaşı, edilən müraciətlərin bəziləri operativ qaydada yerindəcə həll olunmuş, bəzi müraciətlər isə baxılması, araşdırılması və müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınmışdır.

Müxtəlif məsələlərin həllinə kömək məqsədilə müraciət edən məcburi köçkünlər qəbuldan razı qaldıqlarını, onlara burada hərtərəfli qayğı və diqqət  göstərildiyini, hərtərəfli və səmimi söhbət aparıldığını, buna görə də  müraciətlərinin müvafiq qayda və normalar əsasında müsbət həllini tapacağına ümid bəslədiklərini bildirərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Qəbulda əsasən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının təmin olunması, digər sosial problemlərinin həlli ilə bağlı müraciətlərə cavab olaraq o da məcburi köçkünlərin diqqətinə çatdırılmışdır ki, cənab Prezidentin Nazirlər Kabinetinin son iclasında vurğuladığı kimi, ötən illər ərzində sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımızın problemlərinə də xüsusi diqqətlə yanaşılmışdır ki, bunun da nəticəsində 46 min ailənin, 230 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Təbii ki, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımız var və onların üzləşdikləri çətinliklər hamıya yaxşı bəllidir. Buna görə də belə vəziyyətdə yaşayan soydaşlarımızın da mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində dövlət başçısının müvafiq sərəncamlarına və tapşırıqlarına əsasən işlər mərhələli şəkildə davam etdirilir.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993