Erməni əsgəri Ağdam və Füzulidə nə gəzir?

Və ya bir daha Prezident İlham Əliyevin Münxendə çıxışı barədə

Münxen Təhlükəsizlik Konfransı 1962-ci ildən etibarən hər il Münxendə keçirilən və dünyanın onlarla ölkəsinin tanınmış siyasətçilərini, dövlət və ictimai xadimlərini, diplomatlarını, politoloqlarını, biznesmenlərini bir araya toplayan forumdur.

Münxendə 51-ci konfrans cari ilin fevralın 6-dan 8-dək keçirilmişdir. Konfrans çərçivəsində bir qayda olaraq dünya ictimaiyyətini narahat edən müxtəlif mövzularla bağlı panel müzakirələr keçirilir. Fevralın 7-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin də çıxış etdiyi və iştirakçıların suallarını cavablandırdığı "Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr'' mövzusu ilə bağlı panel müzakirə baş tutmuşdur.

İştirakçılar Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın tarixi, Azərbaycanın 7 ətraf rayonun Ermənistan tərəfindən işğalı, 20 ildən artıq davam edən münaqişənin tarixi barədə ətraflı təhlili dinləmiş, zorla yurd-yuvalarında qovulmuş azərbaycanlılar, bütün bu illər ərzində münaqişə ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi barədə ətraflı informasiya almışlar.

Prezident tamamilə haqlı olaraq qeyd etdi ki, vasitəçilər işğalçı dövlətə qarşı adekvat təzyiq göstərmək üçün siyasi iradəyə malik deyillər. Məhz bu, münaqişənin uzanmasının, Azərbaycan torpaqlarının işğalının davam etməsinin, Ermənistanın beynəlxalq hüququn elementar normalarına əməl etməməsinin ciddi səbəblərindən biridir. Əlbəttə ki, işğalçı dövlətə göz yuman, ona açıq-aşkar dəstək verən Minsk qrupunun həmsədrlərinin ikili standartları olmasa oxşar vəziyyət yaranmazdı. Burada Ukraynanın ərazi bütövlüyündən danışan həmin aparıcı dövlətlər unudurlar ki, bu bütövlük digər ölkələr kimi Azərbaycan üçün də eyni dəyərə malikdir, deyə dövlət başçısı vurğulamışdır.

Prezident İlham Əliyev tamamilə haqlı olaraq bildirmişdir ki, əgər Ermənistan-Azərbaycan münaqişəsi vaxtında və ədalətlə həll olunsaydı Ukrayna işğal, separatçılıq hadisəsi ilə qarşılaşmazdı, çünki bu hadisələr bir-birinin güzgüdəki əksi kimidir. Eyni zamanda, keçmiş Sovet məkanındakı digər münaqişələrdən fərqli olaraq Ermənistan-Azərbaycan münaqişəsi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mövcuddur. Əlbəttə ki, onların yerinə yetirilməməsi öz qərarlarına qarşı hörmətsizlikdən xəbər verir.

NATO və Avropa İttifaqı ilə münasibətlər barədə suala cavab verən Prezident tamamilə əsaslı olaraq qeyd etmişdir ki, heç bir struktur danışıqlar prosesinə qarışmaq niyyətində deyil və bu vəziyyətdə biz yalnız öz mənbələrimizə etibar edə bilərik.

Oxşar vəziyyətdə etibarın bərpa olunmasını gözləmək olarmı? Sual kifayət qədər ritorik olsa da iştirakçıların Prezident İlham Əliyevdən dinlədiyi adekvat, tamamilə əsaslı və sadə cavaba malikdir. Əlbəttə ki, bu yalnız Ermənistanın ölkəmizin işğal olunmuş ərazilərini geri qaytarması halında mümkündür. Məgər aydın deyil ki, bu, dərhal mənzərəni dəyişəcək, hərbi əməliyyatlar dayanacaq, atəşkəs rejimi müşahidə olunacaq? Bu suala cavab olaraq Azərbaycan Prezidenti həmçinin xatırlatmışdır ki, rəsmi Bakı artıq təklif etmişdir ki, bu vəziyyətdə Ermənistan və Azərbaycan arasındakı bütün kommunikasiya əlaqələri açılacaq, bizim ərazimizdən keçməklə Ermənistan Rusiyaya dəmir yolu çıxışına malik olacaqdır. Analoji addımı bir vaxtlar Ermənistanla diplomatik əlaqələri kəsən Türkiyə də atacaqdır. Yəni, hərbi əməliyyatların yenidən bərpa olunması potensial riski aradan qalxacaqdır. Öz sosial-iqtisadi problemlərində boğulan Ermənistanın bu məsələdə belə dikbaş və əsassız mövqe tutmasında günahkar kimdir?

Bundan əlavə, Prezident xüsusi olaraq vurğulamışdır ki, əgər Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapsa Ermənistan bizim enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı layihələrimizə qoşula bilər. Məgər bu, maliyyə və sosial-iqtisadi problemlərlə qarşılaşan Ermənistan üçün çıxış yolu deyilmi?

Prezidentin çıxışının əhəmiyyətli hissəsini Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin xalqların öz müqəddəratlarını həll etmə hüququ və atəşkəsin pozulması ilə bağlı Azərbaycanın ittihamları barədə suallarına cavab təşkil etmişdir. Çıxışının bu yerində Azərbaycan Prezidenti, mənim fikrimcə, o qədər qətiyyətli idi ki, bu vəziyyət tələbə auditoriyasında sadə, lakin mühüm həqiqətləri izah etməyə bənzəyirdi.

Erməni nümayəndəyə istənilən münaqişənin həllinin beynəlxalq hüquq normalarına əsaslanmalı olduğunu izah etmək məcburiyyəti yarandı. Beynəlxalq hüququn mövcud normaları isə öz müqəddəratını həll etmə hüququnun digər ölkələrin ərazi bütövlüyü prinsipinə zidd və Ermənistanın etdiyi kimi güc yolu ilə olmamasını ehtiva edən BMT-nin Nizamnaməsində və Helsinki Yekun aktında açıq şəkildə öz əksini tapmışdır. Erməni diplomata ilk növbədə Ermənistanın beynəlxalq hüquqa hörmətlə yanaşmalı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməni yerinə yetirməli olduğunu izah etmək məcburiyyəti yarandı.

Prezident İlham Əliyev xatırlatdı ki, bizi ittiham edənlər torpaqlarımızı işğal etmiş, beynəlxalq hüququn normalarını pozmuş, Xocalıda soyqırımı törətmiş, tarixi və dini abidələrimizi məhv etmişlər.

Burada Azərbaycan Prezidentinin panel iclasa toplaşanlar qarşısında səsləndirdiyi belə bir məntiqli sual meydana çıxır. Erməni əsgəri Azərbaycanın işğal olunmuş ərazilərində nə gəzir? Ağdamda və Füzulidə? Niyə onlar öz şəhərlərinə - Yerevan və İümrüyə qayıtmırlar? Ermənistanda o qədər də çox adam qalmayıb və Azərbaycanın işğal olunmuş ərazilərindəki insanlar üçün orada kifayət qədər yer var. Bunun əksinə, Ermənistan Azərbaycan torpaqlarında genişmiqyaslı hərbi təlimlər keçirir?

Azərbaycan Prezidenti bir daha Ermənistanı məntiqli olmağa və Azərbaycan ərazilərinin işğalını dayandırmağa səslədi. Yalnız bu halda barışığa, sülhə və qarşılıqlı əlaqələrə nail olmaq mümkündür, deyə o bəyan etmişdir.

Əminəm ki, müzakirələr çərçivəsində Prezident İlham Əliyevin çıxışı, konfrans iştirakçılarının, ilk növbədə isə Ermənistan XİN-in əməkdaşının suallarına verdiyi cavablar bir çox məsələlərdə orada iştirak edən ekspertlər, diplomatlar, jurnalistlərlə yanaşı Avropa ölkələrinin siyasi dairələrini təmsil edənləri də ayıltdı.

Prezidentin çıxışı kifayət qədər yığcam, qətiyyətli, eyni zamanda isə prinsipial və sərt, konkret faktlara əsaslanaraq, bu mühitdə qəbul olunan polemika qaydalarına və diplomatiya etiketinə söykənərək peşəkarlığın ən yüksək səviyyəsinə cavab verəcək şəkildə idi.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993