Atılan bütün addımlar Azərbaycanın inkişafına xidmət edir

İlham Əliyev: "Azərbaycanda xalqla iqtidar arasında birlik var"

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş üçüncü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında ölkəmizdə indiyədək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışarkən qətiyyətlə bildirmişdir ki, Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bütün təşəbbüslər xalq tərəfindən dəstəklənir: "Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır".

Bütün bunlar, xüsusilə siyasi sabitliyi təmin edən digər amillər dövlətimizin beynəlxalq güc mərkəzlərinin təzyiqlərinə layiqli cavab verməsi və beynəlxalq nüfuzunu qorumaqla yanaşı, ölkə daxilində sosial-iqtisadi layihələri inamla həyata keçirməsi, sıravi vətəndaşların güzəranının gündən-günə yaxşılaşması ilə bağlıdır. Əhalinin həyat səviyyəsinin yüksəlməsi, gəlirlərinin artması, bütünlükdə sosial rifahının yüksəlməsi dövlətə sıravi vətəndaşların inamını və bağlılığını artırır, daha böyük nailiyyətlərə imza atmağa zəmin yaradır. O da sevindiricidir ki, Azərbaycan bu gün iqtisadi inkişaf modeli ilə beynəlxalq qurumların hesabatlarında, qiymətləndirmələrində də birinciliyini qoruyur. Bu inkişaf, tərəqqi, qeyd etdiyimiz kimi, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və roluna da öz müsbət təsirini göstərir. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də bunun təsdiqidir.

Dövlətimizin başçısının da bütün çıxışlarında, görüşlərində daim bəyan etdiyi kimi, bu gün Azərbaycanda dövlət siyasətinin prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Problemin həllində də Azərbaycan öz müstəqil siyasətini bəyanatları və atdığı addımları ilə dünyaya nümayiş etdirir. Məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini ən yüksək tribunalardan bəyan edən dövlət başçısı İlham Əliyev bu faktı da diqqətə çatdırır ki, ədalət ən böyük meyardır. Beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 193 üzvündən 155-nin dəstəyini qazanaraq quruma qeyri-daimi üzv seçilməsi məhz ölkəmizin ədalətli mövqeyinin dəstəyi kimi dəyərləndirildi. Azərbaycanın mövqeyinin tarixi həqiqətlərə, real faktlara əsaslandığını bəyan edən dövlət başçısı İlham Əliyev problemin həll prosesinin uzanmasında işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə yanaşı bəzi dövlətlərin maraqlarını da xüsusi olaraq diqqətə çatdırır: "Görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Görünür, elə qüvvələr var ki, maraqlıdır bu münaqişə dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər."

Bu gün açıq etiraf edilməlidir ki, dünyanın ikili siyasətinin yaratdığı problemləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin uzanmasında daha aydın görmək olur. İşğalçı ölkənin beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması və bunun qarşılığında ona qarşı hansısa təzyiqin göstərilməməsi işğalçı ölkənin daha böyük iddialarla yaşamasına stimul verir. Rəsmi Bakı isə daim bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi heç vaxt müzakirə mövzusu ola bilməz. Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə və qeyri-realist, qeyri-qanuni yanaşmalardan imtina etsə, bu, onlar üçün də, sülh prosesi üçün də bir o qədər faydalı olar.

İşğalçı Ermənistanın müstəqilliyinin formal xarakter daşıması, bu və ya digər dövlətin əlində vasitəyə çevrilməsi onun münaqişənin həlli ilə bağlı mövqeyində də özünü qabarıq şəkildə büruzə verir. Aydın məsələdir ki, ATƏT-in Minsk qrupuna həmsədr dövlətlər müxətlif adlar altında işğalçı Ermənistana dəstək göstərdikləri üçün bu ölkə münaqişənin həllində yalnız bu qurumun vasitəçiliyini qəbul edir.

Elə buna görədir ki, öz himayədarlarının havadarlığından istifadə edən Ermənistan işğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalaraq bu gün xarici ianələrdən asılı vəziyyətdədir. Dövlətimizin başçısının bildirdiyi kimi: "Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər. Ancan biz təkbaşına mübarizə aparırıq. Yaxın tariximiz göstərib ki, biz hətta təkbaşına mübarizədə, siyasi mübarizədə uğur qazana və öz milli maraqlarımızı müdafiə edə bilərik."

Ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli formatda apardığı uğurlu siyasətin nəticəsidir ki, Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır, yeni tərəfdaşlar qazanır. Azərbaycanın öz xarici siyasətində önəm verdiyi bu prinsip hər zaman önə çəkilir: "Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarları, haqları yoxdur, ola bilməz. Bütün ölkələr bərabərdir və bütün ölkələri birləşdirən təşkilat BMT-dir."

Elə ona görə də Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmasını ölkəmizin beynəlxalq nüfuzunun yüksək olması baxımından ən gözəl göstərici kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bəyan edir ki, bu gün dünyada böyük nüfuza sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir: "Bunların heç bir təsiri yoxdur, bu, bizim siyasətimizə heç vaxt təsir etməyəcək. Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz. Bunu hamı bilməlidir. Biz həm rəsmi bəyanatlarda, eyni zamanda, bağlı qapılar arxasında aparılan müzakirələrdə öz mövqeyimizi müdafiə edirik. Biz ikili standartlardan uzağıq və hesab edirik ki, beynəlxalq münasibətlərdə ikili standartlara yol verilməməlidir."

Bu gün müstəqilliyi formal xarakter daşıyan işğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. İşğalçı dövlətdə bu gün iqtisadi durumun, demoqrafik vəziyyətin hansı səviyyədə olduğu bəllidir. Ermənistandan kütləvi tərketmələr daha da intensivləşib. İqtisadiyyatı iflic vəziyyətində olan bir ölkənin güclü sosial siyasətdən, güclü ordudan danışması inandırıcı görünə bilməz. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkəmizdə hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfədən çoxdur.

Bəli bu gün müstəqil Azərbaycan özünün inkişaf dövrünü yaşayır, ölkəmizdə sürətli inkişaf prosesi gedir, düşünülmüş, məqsədyönlü siyasət aparılır. bu məqamda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan bütün bu uğurlara təkbaşına, kənardan heç bir kömək olmadan, xarici borclanmanı artırmadan nail olub. Dövlət başçısının haqqında bəhs olunan konfransdakı çıxışında vurğuladığı kimi, bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıbdır və aparılır. Azərbaycanın bu qədər müstəqil ölkə olması, hər şeyin yaxşı getməsi, respublikanın gündən-günə çiçəklənməsi bəzilərinin xoşuna gəlmir. Bununla belə, ölkəmiz ildən-ilə inkişaf dinamikasını artırır və daha yüksək nəticələr qazanır. Dövlətimizin başçısının siyasi iradəsi, lider kimi qətiyyəti, xalqın isə öz iqtidarına yüksək etimadı, onu bütün sahələrdə daim dəstəkləməsi sübut edir ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etməklə ölkəmizin yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə də nail olacaqdır.

 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993