Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət bu gün yaşayır, zənginləşir

“Sosial infrastruktur yenilənir. Məcburi köçkünlər üçün yeni şəhərciklər, evlər tikilir. Bu il 1800 ailə artıq yerləşibdir. Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək. Köçkünlər üçün Sumqayıtda evlərin tikintisi bundan sonra da təmin ediləcək ki, yəni, evsiz-eşiksiz, pis vəziyyətdə yataqxanalarda, bağçalarda və s. yerlərdə yaşayan köçkünlər yaxşı evlərə köçürülsünlər. Biz bunu da edəcəyik”. Prezident İlham Əliyev bunu noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə geniş nitq söyləyərkən deyib.

Sumqayıtın müasir sənaye şəhəri kimi inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Dövlətimizin başçısı bütün sumqayıtlıları, eyni zamanda, bütün Azərbaycan xalqını Sumqayıtın 70 illiyi münasibətilə ürəkdən təbrik edib. “Bu gün Sumqayıt müasir, böyük sənaye potensialına malik olan, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl şəhərdir”, - deyən Prezident İlham Əliyev onun qədim tarixi olduğunu, ancaq şəhər kimi 70 il bundan əvvəl formalaşdığını qeyd edib. 

Dövlətimizin başçısı şəhərin yaranmasının birinci mərhələsini əhatə edən dövr ərzində Sumqayıtda ekoloji tarazlığa fikir verilmədiyini, ekoloji tarazlığın pozuduğunu xatırladaraq deyib: “Sumqayıt o illərdə Sovet İttifaqında ekoloji cəhətdən ən qeyri-təmiz şəhər kimi fəaliyyət göstərirdi. Əlbəttə ki, bu, insanların sağlamlığına zərər vururdu, ekoloji tarazlıq pozulmuşdu. Ancaq 1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra ekoloji vəziyyətə diqqət yetirməyə başlamışdır. Mən bilirəm ki, Heydər Əliyev Sumqayıtın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün mərkəzi orqanlara dəfələrlə müraciət etmişdir, müvafiq tədbirlər görülmüşdür, təmizləyici qurğular quraşdırılmışdır və 1970-ci illərdə şəhərin ekoloji vəziyyəti yaxşılaşdırılmışdır, ancaq standartlara hələ də tam cavab vermirdi. Ancaq bu gün biz görürük ki, Sumqayıt ekoloji cəhətdən təmiz bir şəhərdir, havası təmizdir, təbiəti çox gözəldir. Əminəm ki, bu istiqamətdə bundan sonra da atılacaq addımlar Sumqayıtı daha da gözəlləşdirəcək”.

Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıtın müasir sənaye şəhəri kimi inkişaf etdiyini, burada yeni yaşayış binalarının tikildiyini, sosial obyektlər yaradıldığını, parklar, xiyabanlar salındığını vurğulayan Prezident İlham Əliyev deyib: “1982-ci ildə Ulu Öndər Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanın hər bir yerində olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başlamışdır. O vaxtkı respublika rəhbərliyi öz məsuliyyətini tam dərk etmirdi, proseslərə nəzarət etmirdi və bunun nəticəsində Azərbaycanda inkişaf demək olar ki, getmirdi, durğunluq dövrü başlamışdı. Heydər Əliyev Siyasi Büronun üzvü və Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini kimi Azərbaycana daim kömək və diqqət göstərirdi, buna baxmayaraq, respublikada işlər tənəzzülə uğrayırdı. Xüsusilə 1985-ci ildən sonra Sovet İttifaqında dırnaqarası yenidənqurma dövrü başlamışdı. Həm Sovet İttifaqında çox mənfi proseslər getməyə başlamışdı, o cümlədən Azərbaycanda. Təsadüfi deyil ki, dırnaqarası yenidənqurma siyasəti başlanandan 6 il sonra Sovet İttifaqı kimi nəhəng dövlət çökdü”.

Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi

Dövlətimizin başçısı Azərbaycanın böyük çətinliklərlə üzləşdiyi həmin dövrdə erməni millətçilərinin həm Dağlıq Qarabağda, həm də respublikamızın digər yerlərində, o cümlədən Sumqayıtda baş qaldırdığını xatırladaraq deyib: “Ulu Öndər Heydər Əliyevin dövründə Dağlıq Qarabağda azərbaycanlı əhalinin faiz nisbəti kəskin artmışdır, 2 dəfə artmışdır və azərbaycanlı əhali 30 faizə çatmışdır. Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı. Dağlıq Qarabağda erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında məsələ qaldırırdılar. Əfsuslar olsun ki, Azərbaycan Respublikasının rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliy­yətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da yuva qura bilmişdilər və burada da xoşagəlməz proseslərə artıq təkan verilmişdi”.

Prezident İlham Əliyev Sovet İttifaqının süquta uğramasının səbəbləri haqqında fikirlərini bildirib. Bunda iqtisadi amillə yanaşı, milli siyasət sahəsində çox kobud səhvlər buraxılmasının da əsas rol oynadığını bildirib.

Dövlətimizin başçısı separatçılara nəinki öz cəfəng fikirlərini səsləndirməyə, həm də ictimai rəyə təsir etməyə imkan yaradıldığını, erməni millətçilərinin, o cümlədən cəllad Balayanın, Kaputikyanın və digərlərinin azərbaycanlılara qarşı açıq-aydın etnik ayrı-seçkilik toxumları səpdiklərini xatırladıb.

Ümumittifaq mətbuatında bu barədə açıq söhbət aparıldığını, ümumiyyətlə, Azərbaycana qarşı ədalətsiz münasibət göstərildiyini qeyd edən Prezident İlham Əliyev deyib: “Bütün bunlar 1987-ci ildən sonra baş vermişdir. Çünki 1987-ci ildə Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Azərbaycan hədəf seçildi. O dövrü təhlil edərkən bir daha görürük ki, bütün bu hadisələr erməni millətçilərinin və onların havadarlarının məkrli planının bir hissəsi idi. Baxın, 1985-ci ildən sonra Heydər Əliyev Qorbaçovun yarıtmaz siyasətinə qarşı açıq şəkildə çıxış etmişdi, buna görə ona qarşı kampaniya başlamışdı, həm mərkəzi mətbuat orqanlarında, həm də ki, Azərbaycanda. Burada da milli satqınlar mərkəzə donoslar yazmağa başlamışdılar. 1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar. Onlar belə cəhdlər edirdilər, amma Heydər Əliyev bunun qarşısını layiqincə alırdı. Yəni, plan onu vəzifədən uzaqlaşdırmaq və bu məqsədlə buradakı yerli satqınlar, xainlər vasitəsilə donos göndərmək, erməni millətçiləri tərəfindən məsələ qaldırmaq idi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz. Beləliklə, iğtişaş törətmək, hansı ki Sumqayıtda baş verdi və ondan sonra məsələ qaldırmaq ki, ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşaya bilmirlər. Buna görə də Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir. Bax, plan bundan ibarət idi və əfsuslar olsun ki, bu plan həyata keçdi”.

Prezident İlham Əliyev Sumqayıt hadisələrinin erməni millətçilərinin təxribatı olduğunu, milliyyətcə erməni Qriqoryanın və onun quldur dəstəsinin on nəfərə yaxın ermənini öldürdüyünü, lakin cəza çəkmək üçün Ermənistana göndərildiyini və orada sərbəst buraxıldığını qeyd edərək deyib: “On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir. Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi”.

Biz bu tarixi yaddan çıxarmamalıyıq

Dövlətimizin başçısı 20 Yanvar faciəsini “Qorbaçovun xalqa qarşı böyük cinayəti” adlandıraraq o vaxtkı Azərbaycan rəhbərliyinin tamamilə iflic vəziyyətdə olduğunu təəssüf hissi ilə qeyd edib. “O vaxt respublikaya rəhbərlik edən, antimilli siyasətlə fərqlənən Vəzirov respublikanı tərk edib hərbi təyyarə ilə Moskvaya qaçdı. Heç bir rəhbər işçi bu qanlı cinayəti qınamadı. Ancaq o vaxt pensiyada olan Heydər Əliyev ona qarşı çox çirkin kampaniya gedə-gedə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, - mən də onun yanında idim, - öz səsini ucaltdı, bütün dünyaya Yanvar faciəsi haqqında məlumat verdi. Sovet İttifaqının rəhbərliyini qınadı, onların siyasətini pislədi və uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi”, - deyə Prezident İlham Əliyev bildirib və Ulu Öndərin üzləşdiyi təzyiq və təqiblərdən söz açıb.

Azərbaycanın yeni dövrünün Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlişindən sonra başladığını vurğulayan Prezident İlham Əliyev orada 1992-ci il noyabrın 21-də orada Yeni Azərbaycan Partiyasının yarandığını xatırladaraq deyib: “...O vaxt özünü demokrat adlandıran, hakimiyyəti qanunsuz yollarla zəbt etmiş satqın AXC-Müsavat hakimiyyəti imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis qurultayı Bakıda keçirilsin. Vətənpərvər insanlar, Heydər Əliyevi dəstəkləyən insanlar, ziyalılar Naxçıvana gedib soyuq, işıqsız şəraitdə, - hər on dəqiqədən bir işıqlar kəsilirdi, - Yeni Azərbaycan Partiyasını təsis etdilər”. Məhz Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin üç­rəngli bayrağını dövlət bayrağı kimi ucaltdığını və Azərbaycan Ali Sovetinin də eyni addımı atması barədə vəsatət qaldırdığını vurğulayaraq, onların bunu bir neçə ay sonra, artıq Sovet İttifaqının çökdüyünü görəndə etdiklərini yada salıb. Dövlətimizin başçısı deyib: Biz bu tarixi yaddan çıxarmamalıyıq və gənclər bu tarixi bilməlidirlər. Bugünkü reallıqları düzgün təhlil etmək, bu reallıqlara düzgün qiymət vermək üçün biz bu acı dövrü yaddan çıxarmamalıyıq. Elə etməliyik ki, gənclər də bunu bilsinlər, hesab etməsinlər ki, bugünkü inkişaf, bugünkü tərəqqi göydən düşüb. Bilsinlər ki, biz buna qanımız, canımız bahasına nail olmuşuq. Biz tariximizin ən rüsvayçı səhifələrini də vərəqləməliyik. Ona görə ki, o rüsvayçı dövr təkrarlanmasın”.

Hakimiyyəti qanunsuz yollarla zəbt etmiş antimilli dəstə Azərbaycanı uçuruma aparırdı

Prezident İlham Əliyev, ilk növbədə, AXC-Müsavat dövrünü qeyd edərək, 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstəni Azərbaycanı uçuruma apardığını, yenicə bərpa edilmiş müstəqilliyin itirilməsi təhlükəsinin olduğunu, ölkədə xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq, böhran hökm sürdüyünü, ermənilərin torpaqlarımızı işğal etdiyi bir zamanda Xalq Cəbhəsinin vətəndaş müharibəsinə start verdiyini xatırladaraq deyib: “Vətəndaş müharibəsi ən ağır müharibədir. Çünki qardaş qanı axıdılır. Ona da getdilər ki, öz laxlamış hakimiyyətlərini qoruya bilsinlər. Görəndə ki, qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas elə. Yalvarırdılar, mən bunun şahidiyəm. Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas elə, çünki artıq gəlirdilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini dondurdular. O vaxt belə cəfəng ifadələr işlədilirdi. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də, o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı. Yəni, Heydər Əliyevin humanistliyi onları layiq olduqları bu cəzadan xilas etdi”.

Prezident İlham Əliyev həmin dövrdə ölkəni idarə edənlərin kimliyi barədə bir daha konkret faktlar əsasında fikirlərini bildirib: “Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi. Görün, hansı kadrlar seçildi. İndi bunu təsəvvür etmək çətindir ki, - bağışlayın sözümə görə, - belə yaramaz adamlar Azərbaycana rəhbərlik edirdi. Baş nazir, - o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam Baş nazir təyin edildi. Məhz onun dövründə “otkat” sözü bizim lüğətimizə daxil edildi. Gəldi ki, ölkəni talan eləsin, onun sərvətini oğurlasın, tramvay xətlərini kəsdirsin, göndərsin İrana və pul əldə etsin. Bax, bu Baş nazir idi. Parlamentin sədri, - o da elmi işçi idi. On bir il aspiranturada oxumuşdu. Təsəvvür edin, on bir il. Dissertasiyanı müdafiə edə bilməmişdi. Rəhmətlik akademik Ziya Bünyadovun onun haqqında dediklərini mən təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bunu özümə rəva bilmirəm. Uğursuz aspirant, biliksiz, savadsız adam parlamentin sədri oldu. Ondan nə gözləmək olardı? Yaxud da ki, dövlət katibi. İstəyirdi komsomolda öz karyerasını artırsın, sonra partiya işinə keçsin və karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger deyirlər. Onun bütün tarixi satqınlıq tarixidir. Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə.

İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər. Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır”.

“Şuşanı satana qarşı gərək o cəza veriləydi…”

Riyaziyyat müəllimi, savadsızın biri, demaqoq, küçə adamı olan müdafiə nazirinin “Şuşanı ermənilərə satmaqla və oranı birinci tərk etməklə” yadda qaldığını qeyd edən Prezident İlham Əliyev deyib: “Özü demişdi ki, - o kadrlar var, tarix hər şeyi saxlayır, arxivlər var, - Şuşa əldən getsə, başıma güllə vuracağam. Yenə də meydanlarda sülənir, özünü elə aparır ki, guya heç kim bilmir, bunun keçmişi nədir. Bax, belə bir adam Müdafiə naziri ola bilərdimi? Belə bir adam bizim ərazi bütövlüyümüzü qoruya bilərdimi? Mən hələ onun biznes tərəfini demirəm. Burada yığdıq­ları pulları Moskvaya daşıyırdı. Orada özü üçün böyük biznes qurmuşdu. Lazım olarsa, bu barədə də məlumat veriləcək. Mən 2004-cü ildə onu əfv etdim. Çünki əsaslı olaraq ömürlük cəzaya məhkum edilmişdi. Şuşanı satana qarşı gərək o cəza veriləydi. Bax, ona görə bizim torpaqlarımız işğal altına düşmüşdür. Mən humanistlik göstərdim, onu əfv etdim.

Ondan sonra Daxili işlər naziri, nə ilə seçilirdi? Vəzifə sahibi kimi gedib canlı efirdə jurnalisti döymüşdü. Sən bir adi adam kimi əgər kiməsə qarşı nəsə eləsəydin, tutaq ki, sənə toxunublar, mən deyərdim ki, ola bilər, ləyaqətinə toxunub, emosiyalarını cilovlaya bilmir. Vəzifə sahibi ola-ola mühafizəçilərlə gəlib, jurnalisti döyüb və bununla da fərəhlənirdi. Sən gedib doğma rayonunu müdafiə edərdin. Doğulduğun Kəlbəcər əldən gedəndə, işğal altına düşəndə sən nazir idin. Qaçmısan, siçan kimi gizlənməyə deşik axtarmısan. O vaxt Naxçıvana desant göndərirdi və demişdi ki, Heydər Əliyevin başına güllə vuracağam. Naxçıvanlılar ona elə cavab verdilər ki, qorxusundan bilmirdi hara getsin. Oraya desant da getmədi. Ümumiyyətlə, o vaxt orada çevriliş cəhdi olmuşdu. İndi yenə meydanda sülənir, elə bilir ki, hamının yadından çıxıb.

Baş prokuror Gəncədə girov götürülmüşdü, Prezidentə həbs əmri vermişdi. Bu da Baş prokuror. Xarici İşlər naziri. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində nə dediyini heç kim başa düşmürdü. Bax, budur xalq cəbhəsi, müsavat hakimiyyəti. Ona görə biz bu faciəvi vəziyyətlə üzləşmişdik. Əgər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə Azərbaycana gəlməsəydi, Azərbaycan dağılacaqdı. Bunların da hərəsi qaçıb bir yerdə gizlənəcəkdilər, necə ki qaçıb gizlənmişdilər. Beləliklə, bizim müstəqilliyimiz XX əsrin əvvəllərində olduğu kimi yenə də yarımçıq qalacaqdı”.

 

Bu gün biz Heydər Əliyevin yolu ilə gedirik

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini, tarixi hadisə olduğunu vurğulayaraq deyib: “Bu gün biz onun yolu ilə gedirik. Onun yürütdüyü siyasət bu gün yaşayır, zənginləşir. Əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr durur və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır”.

Dövlətimizin başçısı Ulu Öndərin Sumqayıt şəhərinə də həmişə çox isti münasibətinin olduğunu, özünün də bu siyasəti davam etdirdiyini qeyd edib, şəhərin problemlərinin həlli istiqamətində böyük işlər görüldüyünü bildirib. Şəhərin sosial infrastrukturunun yeniləndiyini qeyd edən Prezident İlham Əliyev deyib: “Məcburi köçkünlər üçün yeni şəhərciklər, evlər tikilir. Bu il 1800 ailə artıq yerləşibdir. Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək. Köçkünlər üçün Sumqayıtda evlərin tikintisi bundan sonra da təmin ediləcək ki, yəni, evsiz-eşiksiz, pis vəziyyətdə yataqxanalarda, bağçalarda və s. yerlərdə yaşayan köçkünlər yaxşı evlərə köçürülsünlər. Biz bunu da edəcəyik”.

Ölkə rəhbəri Sumqayıtda bütün sahələr üzrə inkişaf getdiyini vurğulayaraq deyib: “Bu Dram Teatrının, “Kimyaçı” sarayının binalarının əsaslı təmiri də bunun təzahürüdür. Bu Dram Teatrında Ulu Öndər Sumqayıtın yubileyini qeyd etmişdir. Yəni, bu teatrın böyük tarixi vardır. Bu gün burada bizim görüşməyimiz həm rəmzi xarakter daşıyır, həm də təbiidir. Bu, tarixi həqiqəti təsdiqləyir. Bu binada Ulu Öndərin ruhu var. O, Sumqayıtı gözəl, müasir, havası təmiz, insanlar üçün rahat şəhər kimi görmək istəyirdi. O siyasi vəsiyyətində demişdi, bir çox işlər görülüb, amma görə bilmədiyimiz işləri bizim davamçılarımız görəcəkdir. Şadam ki, belə də oldu”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993