Tarix Ümummilli Liderə və onun yaratdığı partiyaya etimadı təsdiq etdi

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümü ilə bağlı partiyanın qərargahında tədbir keçirilib.

Tədbirdə çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması 1990-cı illərin əvvəllərindəki gərgin ictimai-siyasi şəraitdən qaynaqlanır. O dövrdə baş verən məlum hadisələr ölkəni dərin böhranlı vəziyyətə gətirib çıxarmışdı. O zamankı hakimiyyətin yarıtmaz fəaliyyəti vəziyyəti daha da gərginləşdirirdi. Həmin dövrdə bütün diqqət Ulu Öndər Heydər Əliyevə yönəlmişdi. Partiyanın yaradılmasına Ulu Öndəri ölkəmizi çətin vəziyyətdən çıxarmaq üçün hakimiyyətə gətirməyin yolu kimi baxılırdı. Sevindirici haldır ki, tarix Ümummilli Liderə və onun yaratdığı partiyaya etimadı təsdiq etdi. Qısa zamanda ölkədə siyasi sabitlik təmin edildi, atəşkəsə nail olundu, insanların sosial rifahının təmin edilməsi istiqamətində addımlar atıldı. Partiya yarandıqdan 6 ay sonra iqtidara gəldi və bugünkü möhtəşəm uğurlarımız üçün münbit şərait yarandı.

Əli Əhmədov qeyd edib ki, bu gün Azərbaycan dünyada öz yeri, nüfuzu olan dövlət kimi tanınır. Azərbaycan hazırda dünyanın ən sabit ölkələrindəndir. 1990-cı illərin əvvəllərində dağılmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi bütün sahələrdə böyük uğurlara imza atıb. Azərbaycanın tarixində heç zaman bir partiyanın tərkibində bu sayda üzv olmayıb. Lakin partiyamız təkcə bu sayla fəxr etmir. Eyni zamanda, partiya üzvləri ölkəmizin inkişafına töhfə vermək əzmindədirlər. Bu isə ulu öndər Heydər Əliyev məktəbinə olan rəğbətdən irəli gəlir. Bu gün Azərbaycan vətəndaşları Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətini dəstəkləyir. Bu siyasət isə Azərbaycan vətəndaşına xidmətdən ibarətdir.

Dövlət Statistika Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov o dövrdə mövcud olan gərgin ictimai-siyasi vəziyyət barədə ətraflı danışıb. Bildirib ki, həmin illərdə ümummilli lider Heydər Əliyev öz həyatını təhlükəyə ataraq Azərbaycana qayıtdı, xalqımızı çətin şəraitdən çıxarmaq üçün əməli addımlar atdı. Yarıtmaz hakimiyyət xalqımızı böyük çətinliklərlə üz-üzə qoymuşdu. Ziyalılar bu vəziyyətdən çıxmağın yolunu Ulu Öndəri Azərbaycana dəvət etməkdə görürdülər. Çoxsaylı çağırışları cavabsız qoymayan Ulu Öndər siyasi hakimiyyətə qayıtdı və çətin vəziyyətdə xalqın yanında oldu. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə xalqımız üzləşdiyi bəlalardan xilas oldu. Ordu quruculuğu prosesində əməli addımlar atıldı. Bu isə tezliklə öz nəticəsini verdi. “Əsrin müqaviləsi”nin imzalanması Ulu Öndərin apardığı düşünülmüş siyasətin ən bariz nümunəsi idi. Bu addımla xalqımızın sosial rifahında böyük dəyişikliklər baş verdi.

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Aytəkin Hacıyeva, YAP Xəzər Rayon Təşkilatının Gənclər Birliyinin sədri Sadiq Əliyev, Bakı Slavyan Universitetinin tələbəsi Səbinə Nəsibli Ulu Öndər Heydər Əliyevin və onun yaratdığı Yeni Azərbaycan Partiyasının xalqımızın və dövlətimizin rifahı naminə gördüyü işlərdən bəhs ediblər.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993