Məcburi köçkünlər problemi və Azərbaycan təcrübəsi

Ankarada, Azərbaycanın Türkiyədəki səfirliyində "Məcburi köçkünlər problemi və Azərbaycan təcrübəsi" mövzusunda brifinq keçirilib. Brifinqdə rəsmi şəxslər, diplomatlar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın noyabrın 18-də yaydığı xəbərdə bildirilir ki, əvvəlcə səfir Xəzər İbrahim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, konfransın əhəmiyyətindən danışıb. Azərbaycanın məcburi köçkün məsələsi ilə bağlı indiyə kimi mühüm işlər gördüyünü diqqətə çatdıran səfir bildirib ki, bu problem yeni olmasa da daim Azərbaycanın gündəmində saxlanılır.

Sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbay­canlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyevin çıxışları dinlənilib.

Ermənistan-Azərbaycan Dağ-lıq Qarabağ münaqişəsinin Azərbaycan üçün bir nömrəli problem olduğunu bildirən Fərid Şəfiyev qeyd edib ki, hazırda Azərbaycan ərazisinin iyirmi faizi Ermənistan tərəfindən işğal altında saxlanılır. 1980-ci illərin sonlarında erməni millətçiləri Dağlıq Qarabağa əsassız iddialarını gerçəkləşdirmək üçün "miatsum" ifadəsini ortaya atdılar. Azərbaycan dilində "birləşmə" mənasını verən bu söz separatçılıq fəaliy­yəti üçün istifadə olundu. 1991-ci ildə keçmiş Sovet İttifaqının da-ğılmasından sonra erməni millətçiləri taktikanı dəyişdilər və əsassız olaraq "öz müqəddəratını təyinetmə" ifadəsini yaymağa başladılar. Onlar yaxşı anlayırdılar ki, "birləşmə" ifadəsi beynəlxalq ictimaiyyət tərəfindən yaxşı qəbul olunmur. Lakin bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında saxlanılan Xankəndi şəhərində çıxışı zamanı bir daha Dağlıq Qarabağın Ermənistan ərazisi olmasına dair sərsəm iddia səsləndirdi. Bu, o deməkdir ki, onlar yenidən "birləşmə" şüarına qayıdıblar. Lakin bu kimi ərazi iddiaları danışıqlar prosesinə cəlb olunmuş ölkələr tərəfindən mənfi qarşılandı.

Ermənistanın əsassız iddialarını dəstəkləyən istənilən bəyanatın münaqişənin həllinə təhdid olduğunu vurğulayan sədr bildirib ki, Dağlıq Qarabağın əhalisi təkcə ermənilərdən deyil, həm də azərbaycanlılardan ibarətdir. Sülh­sevər dünya ictimaiyyəti Dağlıq Qarabağın və ətraf 7 rayonun hərbi işğalına etirazını daha qə­tiyyətli şəkildə ifadə etməlidir.

İllərlə davam edən danışıqlar prosesinin Ermənistanın qeyri-konstruktivliyi səbəbindən nəticə vermədiyini təəssüflə söyləyən “Azərbaycan Respublikası Dağ-lıq Qarabağ Bölgəsinin Azərbay­canlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev diqqətə çatdırıb ki, bölgənin Azərbaycan icması münaqişənin ədalətli həlli ilə bağlı ümidini itirmir. Dağlıq Qarabağın Azərbaycanın mədəniyyət mərkəzi olduğunu və məşhur alim, musiqiçi, filosofların bu ərazidən çıxdığını bildirən T.Gəncəliyev qeyd edib ki, ermənilər hazırda işğal altında olan, Azərbaycana məxsus mədəniyyət nümunələrini, tarixi irsi məhv etməyə çalışırlar. Biz hər gün peykdən çəkilmiş şəkillər vasitəsilə evlərimizin necə dağıldığını görürük. Son olaraq, mənim doğulduğum Şuşa şəhərində Gövhər Ağa məscidini fars mədəniyyət nümunəsi kimi bərpa edirlər. Lakin bu məscidin İranla heç bir əlaqəsi yoxdur. Lakin Azərbaycan tərəfi Bakının mərkəzində yerləşən erməni kilsəsini mədəniyyət nümunəsi kimi qoruyur. Həmişə ermənilərlə sülh şəraitində yaşamağa çalışsaq da, erməni millətçiləri daim əsassız iddialarla düşmənçilik yaradıblar. Ermənilər əsassız olaraq ərazi iddiaları irəli sürərək, təkcə Dağlıq Qarabağı deyil, ermənilərin yaşamadığı ətraf rayonları da işğal ediblər.

Daha sonra sualları cavablandırıblar.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993