Məcburi köçkünlərin məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir

Bakının Qaradağ rayonunda, məcburi köçkünlər üçün salınmış “Qobu park” yaşayış kompleksində ikinci dəfə əmək yarmarkası keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkil etdikləri yarmarkada 54 müəssisədən 644 vakant iş yeri təqdim olunub. Yarmarkada iştirak edən məcburi köçkünlər vakant iş yerləri ilə yaxından tanış olub, onların məşğulluğunun təmin edilməsinə göstərilən diqqət və qayğıdan razılıq­larını bildiriblər.  Keçirilən əmək yarmarkasında nazirlik və komitənin rəhbər heyətləri də iştirak ediblər.

Yarmarkada iştirak edən məcburi köçkünlər əsasən Abşeron və Qaradağ rayonu ərazisində yerləşən iş yerlərinə üstünlük veriblər.

Füzuli rayonundan məcburi köçkün, “Qobu Park -1” yaşayış kompleksində yaşayan Hamlet Quliyev əmək yarmarkasında öz istəyinə uyğun iş tapan vətəndaşlardan biridir. “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən verilən vakansiyanı seçən H.Quliyev yaradılan iş imkanlarına görə minnətdarlığını bildirib: “Zavodda “boru-montaj” fəaliyyətini seçdim. Ətraflı şəkildə baxdım, mənə uyğun olan bu iş idi. Məcburi köçkünlər yaşayan ərazilərdə bu cür əmək yarmarkalarının keçirilməsini müsbət qiymətləndirirəm. Çünki iş tapmaqda çətinlik çəkən vətəndaşlar var. Bu yarmarka onların iş tapması üçün bir şansdır”.  

Məcburi köçkün Elmira Cəfərova qeyd edib ki, bu cür əmək yarmarkalarının keçirilməsi məcburi köçkünlər üçün çox böyük töhfədir.

Yarmarkada özünə uyğun vakansiya tapan daha bir məcburi köçkün isə Elvin İsgəndərov olub. “Yarmarkada baxdım, öz seçimimi etdim. Qarşı tərəf də müraciətimi qəbul etdi. Normal şəkildə də kim müraciət edirsə, hamısına bir-bir baxıb cavablandırırlar. Özüm sürücüyəm, müraciət etdiyim iş də sürücülüklə bağlıdır. Yəqin ki, düzələr”, - deyə məcburi köçkün E.İsgəndərov qeyd edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev qeyd edib ki, keçirilən yarmarkada dövlət müəssisələri ilə yanaşı özəl müəssisələr də iştirak edir: “Ölkə başçısının tapşırığına əsasən, Bakıda və regionlarda məcburi köçkünlər üçün yeni yaşayış massivləri salınıb. Bununla yanaşı, məcburi köçkünlərin məşğulluğu ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək yarmarkaları təşkil edir. Bu, sayca 4-cü əmək yarmarkasıdır. İndiyədək keçirilən yarmarkalarda təxminən 3 minə yaxın iş yeri məcburi köçkünə təklif olunub. Artıq bir neçə məcburi köçkün özünə iş yeri tapıb”.

Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xəlilov vurğulayıb ki, keçən il Sumqayıt şəhərində də bu cür əmək yarmarkası təşkil edilib: “Bu prosesi davam etdiririk. Respublikanın hər yerində məcburi köçkünlər üçün xüsusiləşdirilmiş yarmarkalar təşkil edirik. Bugünkü əmək yarmarkasında əsas iş yerləri əsasən ali təhsil tələb etməyən yerlərdir. Çünki kontingeti əvvəlcədən öyrənmişik və seçmişik ki, hansı iş yerləri onlar üçün daha çox vacib olar. Məqsəd də ondan ibarətdir ki, məcburi köçkünlərin məşğulluqla bağlı məsələlərini yüksək səviyyədə həll edə bilək. Əmək yarmarkasında təklif edilən vakansiyaların sayı kifayət qədər çoxdur. Vətəndaşların seçim etmək imkanları daha çoxdur və seçim etsələr, münasib işlə təmin olu­nacaq­lar. Eyni zamanda onu da qeyd edim ki, burda tək Bakı deyil, Abşeron rayonundan da iş yerləri təklif olunub. Məcburi köçkünlərin yaşadığı ərazi onların iş yerlərinə də yaxın olsun. Təbii ki, gələcəkdə nəzərə alacayıq ki, buralar yaxın ərazilərdə yeni iş yerlərinin yaranmasına nail olaq. Bu yaxınlarda sosial iş yerlərinin yaradılmasına çalışacayıq. Lap uzağa gedə bilməyənləri burada işlə təmin edə bilək”, - deyə Ş.Xəlilov vurğulayıb.  

Bakı şəhər Məşğulluq İdarəsinin rəisi Elnur Əliyev qeyd edib ki, bu gün məcburi köçkünlərin məşkunlaşdığı “Qobu Park 2” yaşayış massivində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı əmək yarmarkası təşkil edilib: “Tədbirin əsəs məqsədi işsiz olan məcburi köçkünləri işlə təmin etmək, onların əmək bazarına çıxışına köməklik göstərməkdir. Bu cür tədbirlər mütəmadi olaraq, Respublikanın digər bölgələrində də keçirilir. 2360 nəfər bizim aktiv məşğulluq tədbirlərindən, işsizin dostu proqramından yararlanıb, 1300 nəfər məcburi köçkün isə öz ailə biznesini qurmaq üçün özünəməşğulluq proqramına cəlb olunublar”.

Bir daha qeyd edək ki, məcburi köçkünlər üçün keçirlən əmək yarmarkası sayca dördüncüdür. Bundan öncə Qara­dağ rayonunun Müşfiqabad qəsəbəsində, həmin rayonun ərazisində yerləşən “Qobu Park-1” yaşayış kompleksində, “Sumqayıt stansiyası” və “Qobu Park-2” yaşayış komplekslərində əmək yarmarkası keçirilib. Qeyd edək ki, keçirilən əmək yarmarkaları çərçivəsində 100-dən çox məcburi köçkün özünəməşğulluq proqramına və peşə hazırlığı kursuna cəlb olunub.

Orxan ASLAN

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993